Heminqueyin dediyi, mənim elədiyim

Heminqueyin dediyi, mənim elədiyim
14 oktyabr 2015
# 11:14

Hərdən əldən-ayaqdan uzaq bu dağ rayonunda bağrım partlamaq dərəcəsinə çatır. Bakıdakı dostlar, dostlarla görüşlər, təqdimatlar, mübahisələr, müzakirələr üçün burnumun ucu göynəyir. İnanmayacaqsınız, o qaynar günlərin, ucuz çayxanalarda sonu yüngülvarı məclislərlə bitən dünyanı məhvərindən çıxardığımız söhbətlərin həsrətini çəkirəm.

Əcəb günlərdi! Futboldan ədəbiyyata, siyasətdən musiqiyə, filmlərdən meyxanaya qədər hər şeyi müzakirə edib, beynimizdə min cür ideyayla qayıdardıq evə. İndi o köhnə dostlar, o köhnə məclislər getdikcə xatirəyə çevrilir. İllərin qaç-qovunda tale hərəni bir tərəfə atıb. Nə o enerji qalıb, nə də o qayğısızlıq. Getdikcə qayğılar artır, problemlər çoxalır və məsafələr daha da uzaqlaşır.

Əvvəl dostlar toplaşanda bir saat əvvəldən xəbərləşirdiksə, indi bir araya gəlmək üçün bir həftə öncədən plan qurmaq lazımdır. O plan da alına-alınmaya, ya qismət! Deməyim o ki, köhnə dostlarla aramıza zaman, məkan, ehtiyac, qayğı adlı məfhumlar girib və bir türlü bu qandallardan azad olmaq mümkün deyil.

Və daha bir məqam: dünya görüşləri, dəyişən zövqlər və ədəbi-ictimai mövqelər, iş yerlərimiz, yeni dostlarımız bizi köhnə günlərdən və qədim dostlardan daha da uzaqlaşdırır. Bir də görürsən ki, dünyanın əyilmiş mizan-tərəzisini düzəldəcəyinə inanan bir dostun çəkilib bir sayt redaksiyasına indi hərf, nöqtə-vergül səhvləri düzəldir. İnqilabi nitqləri, sönük pafos, çılğın düşüncələri “müdrik” astagəllik əvəz edir.

Corc Plimpton Heminqueydən 1958-ci ildə “The Paris Review” üçün aldığı müsahibəsində, yazıçıya maraqlı bir sualla müraciət edir: “Sanki son illər başqa yazıçılarla görüşməkdən qaçırsınız. Bir səbəbi varmı?”

Heminqueyin cavabı məni çox kədərləndirir və sanki sabah nələrin baş verəcəyini dəqiqliklə gözlərimin qarşısında canlandırır. Yazıçı deyir:

“...Yazdıqlarınızla nə qədər yol qət edirsinizsə, insanlardan bir o qədər uzaqlaşırsınız. Ən yaxın və ən köhnə dostların çoxu vəfat edir, bəziləri başqa yerlərə köçür. İstisna hallardan başqa elə də görüşmürsünüz, amma yazışmağa davam edirsiniz, birlikdə kafedə oturduğunuz keçmiş günlərdəki kimi mehriban söhbətiniz davam edir. Bir-birinizə gülməli, bəzən əyləncəli, ədəbsiz və uşaqcasına məktublar yazırsınız. Bu, üzbəüz söhbət qədər zövq verir. Amma tənhalığınız getdikcə böyüyür, çünki işləməlisiniz və işləmək üçün vaxtınız getdikcə azalır. Boşa keçən hər beş dəqiqəyə görə özünüzü günahkar hiss edirsiniz.”

Məncə Hemenqueyin dedikləri birmənalı olaraq dəqiq təsbitdir. Uzaqlaşmaq, yadlaşmaq, vaxtın azalmağı, günahkarlıq hissi...

Əslində şişirdilməli, kədərlənməli bir şey yoxdur. Uzaqlaşdığımız adamlar, bizdən uzaqlaşanlar, darıxdıqlarımız, unutduqlarımız, xəyanət etdiklərimiz və bizə xəyanət edənlər... Bir sözlə hamı, istisnasız olaraq hər kəs fanidir.

Bunu dərk edəcək qədər yaşlanmışam deyəsən...

Boş keçən vaxt, işsiz qaldığımız günlər, yaza bilmədiyimiz gecələr, bir nöqtəyə saatlarla baxdığımız zamanlar tənhalığımızı daha da dərinləşdirir. Yəqin ki, elə bir məqam çatır ki, insan daha darıxmır. Bütün uzaqlar və uzaqdakılar unudulur və tənhalığa təslim olursan.

Yox ee, yox. Çətindir. Hərdən başını duman almış dağlara baxıb bir bayatı çəkmək də keçir könlümdən, vicdan haqqı. Qınamayın, siz Allah. Görünür belə olması da təbiidir...

...Son vaxtlar harasa tələsən adamlar kimi başımı itirmişəm. Elə bilirəm ki, heç nəyə vaxtım, zamanım çatmayacaq. Darıxmaq xronikiləşib. Az qala hər gün eyni adamlar üçün darıxıram. Dostlara uzun-uzun məktublar yazmaq istəyirəm. Qəlbini qırdıqlarımdan üzr istəmək, qəlbimi qıranlara “boş ver, gəl bir-iki kəlmə söhbət edək” yazmaq istəyirəm.

Xəbəriniz olsun, hamını, istisnasız olaraq hamını bağışlamaq istəyirəm...

# 1126 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #