Azərbaycanlıların böyük yalanları

Azərbaycanlıların böyük yalanları
3 fevral 2015
# 11:41

Nail Nurəddinoğlu

Azərbaycanlı yalançıdı. Hər kəlməsində yalan, tərəzidə yalan, intim həyatı yalan hekayələr üzərində qurulu...

Amma mövzu bu deyil. Azərbaycanlı yalançıların ən mahiridi – o, özünü aldada bilir, azərbaycanlı yalanların ən böyüyünü özünə deyir...

Ölü məsələsində çox həssas camaatıq. Kim deyir ki, azərbaycanlılar teatra getmir, özünə gülür. Yas mərasimlərimiz... Yalandan ağlayanlar, özünü gülməkdən güclə saxlayıb, qəmli sifət alanlar... Mollaların artistliyini boş verin. Onun çox da vecinə deyil sizin ölünüz. Hər ölənin arxasınca "yaxşı adamlar tez ölür" deyən insanlar nə fikirləşirlər görəsən? Hər ölü üçün şablon cümləmiz var - pisi, yaxşısı, vicdanlısı, vicdansızı - "yaxşı adamlar tez ölür". Sanki bu ölkədə pis adam ölmür heç...

Azərbaycanlı kasıbdı. Amma onun təsəllisi var. İnanır ki, varlılar biqeyrətdi.

Düşünür ki, çox pulu olanlar gecə rahat yata bilmir.

Malını talayırlar, amma onun təsəllisi çoxdan hazırdı - "gələn mala gəlsin, yaxşı ki, canımıza bir şey olmadı".

Hər şeyə bir bəhanə tapar, divara dirənəndə deyər ki, balalarıma bir tikə çörəkpulu qazanıram. Bu onun bəhanəsi, təsəllisidir.

Baxar yekə maşınlara, ağzını büzər, deyər ki, bunlar benzini su kimi içir.

Və o ümid...

Varlıların nə vaxtsa cəzalanacağı ümidi...

O, bu cümləni hər yerdə qürurla dilə gətirməyi sevir: "Bu, bütün gün kef eləyənlər var ha, bunlar hamısı cəhənnəmdə yanacaq, baxarsız".

"Papa şotuna adam olmaqdansa, öz hesabıma, dişimlə-dırnağımla qazanaram pulumu" - deyən insan nə qədər səmimidi görəsən?

Bir də bu var: "Ac ol, kişi ol!"

Onu da bilin ki, pul əl çirkidi.

Kimsə Azərbaycan qadınına deyib ki, efirdəki gözəl qadınlar əslində həyatda çox çirkindilər. Və onlar buna inanıblar. Bu bapbalaca ölkənin kəndindəki qızlarına görə "şəhər qızları bir dənə yumurta nədi, onu bişirə bilmirlər".

Əri çırpır, fikrə gedir, o nəticəyə gəlir ki, sevməsə qısqanmaz.

"Qısqanır, ona görə döyür".

Boyun balacadı?

Problem deyil!

"Uzunun ağlı topuğunda olur..."

Sevgilin çirkindi?

Əşi, "kişi meymundan azca seçildi, bəsdi".

Qarnı var?

"Kişinin qarnı olar da. Qarınsız kişi balkonsuz ev kimidi"...

Və o böyük uydurma: "Əsas daxili gözəllikdi".

Adını yaza bilmir, deyir, "sarışınlar "tupoy" olur".

"Çox yaraşıqlı kişini əldə saxlamaq olmur e, bacı, belə çirkin yaxşıdı, məndən başqa baxan olmasın" cümləsindən sonrakı qəhqəhə qədər süni nə var görəsən?!

Qocalıb, gözündən qurd sallanır, deyir, "yaşımı boş verin, mənim ruhum gəncdi".

Sənin ruhun intihar eləyib, xala, bu bədəni tərk eləyib o ruh çoxdan...

Sevgilisi tərk eləyər, özündə səbəb görməz. "Qoy rədd olsun, itirən o oldu!".

"Michelin"ə oxşuyur, deyirsən az ye, deyir, mən kök deyiləm, sümüyüm iridi.

Qlamurkalar lap yaradıcıdı: "Mən atamın şahzadəsiyəm".

Sən Allah? Atan haranın kralıdı ki?

Münasibətlərdəki problem problem deyil, Azərbaycanlı üçün...

Çünki, "əsas sevgidi, seks boş şeydi. Seks sevgini öldürür".

İngiliscə bir az biləni təsəllisini maykasına yazdırır hətta...

Oğlandısa...

"No girlfriend no problem"

Qızdırsa...

"No boyfriend no problem"

Kişilərində yaradıcılıq azdı. Amma onların da bəhanəsi boldu.

Onlara görə...

"Bodibildinqlə məşğul olanların gücü olmur, hamısı görüntüdü".

"O yaraşıqlı oğlanların çoxu geydi".

Bəzən gileylənir...

"Maşınım olsa, gündə bir qız tutardım".

Bunda hər şey qaydasındadı, sadəcə maşın yoxdu deyə yaxınlıq vermirlər... Saç ustanı dəyiş, dostum! Onda da düzəlməsə, başını dəyiş.

Savadsız olduğunu etiraf eləməz. Bəxti gətirməyib sadəcə...

"Qəbul imtahanında səhv doldurmasaydım, indi hüquqda oxuyurdum".

Ya da "Başı var, prosto oxumur".

Ona görə "Əsas həyat universitetidi".

Milli qürurunu təmin eləmək üçün...

"Araş azərbaycanlıdı" söhbəti var.

Dindarının işi onsuz da inanmaqdan ibarətdi, amma bu ona bəs eləmir.

O inanır ki...

"Maykl Cekson müsəlman olub".

O fərqlidi...

"Müsəlman doğulduğumuza görə Allaha şükr eləməliyik".

Niyə müsəlmanlar heç nə kəşf eləyə bilmir?” Diqqət, cavab:

"Amerikalı alimlər heç nə kəşf eləmirlər. Qurandan götürürlər. Hər şey Quranda yazılıb".

Dindən uzaq düşəninə görə isə "əsas ürəyin təmiz olsun".

Ən sevdiklərimdən biri budu: "Əsgərliyə getməsəm, sistemdə işləyə bilməyəcəm".

Sanki sistem çöküb, qardaşımızı gözləyirlər, gələn kimi buna ən sistemli yerdən iş verəcəklər.

Yolpuluna işləyir, amma onun üçün problem yoxdu.

Çünki...

"Dövlət işi başqa şeydi, noolsun maaşı azdı".

Əlində adapter elektrikə taxılı həyat yaşayır, amma "Ayfon prestijdi".

İradəsizliyini belə gözəl cümlələrlə sığortalayır:

"Siqaret ömrü qısaldıb eləmir. Ode Masallıda 120 yaşında bir kişi danışırdı, deyir 100 ildi çəkirəm. İstəsəm, bu dəyqə tərgidərəm, istəmirəm".

Bir də öz bürcünə xas xüsusiyyətləri oxuyandan sonra altda eyni bürcdən olan məşhurların, dahilərin adlarını oxuyub xoşhallananlar.

Uduzur, amma "əsas iştirak eləmək idi".

Ardınca bu cümlə: "Olsun, hər uğursuzluq bir təcrübədi".

- Sinifin "şef"i kimdi?

- "Davada o döyür, güləşdə mən yıxıram".

"Rus qızları ölür bizim oğlanlar üçün", biləsiz...

Ölkəsinə sahib çıxa bilmir, bəzən bütöv bir regionun adını ucaltmaqla məşğuldu: "Avropalılar hər şeyi Şərqdən öyrəniblər. İllərlə hamama girmirmişlər".

O zövqsüz deyil... Onun xəbəri var. Xəbəri var ki, "Əşi, hamı Üzeyir Mehdizadəyə qulaq asır, "prosto" etiraf eləmək istəmirlər. Özlərini bomba göstərmək istəyirlər".

O hər yerdədi. Sosial şəbəkələrin hamısında da var...

Gəl ki...

"Mən statusu layk üçün yazmıram".

Sonra bezir...

"Bura vaxtımı çox alır, burda xərclədiyim vaxta gedib dil öyrənərdim".

1 həftə sonra...

"Hey, I am using whatsapp"...

Bilirsiz, "əslində çox gülməlidi, sadəcə mən yaxşı danışa bilmədim".

# 2098 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #