Evimizi yıxan pirlər

Evimizi yıxan pirlər
30 avqust 2017
# 15:45

Könül Cəfərli

Gözlərini həmişə bir nöqtəyə zilləyib baxır. Ətrafa reaksiya vermir, gülmür, qığıldamır. Anası hara uzadırsa, elə orada da tərpənməz qalır. Başı üstündə durmur, qucaqda gəzdirəndə gah sağ, gah sol çiyni üstünə düşür. Həkimlərin dediyinə görə davamlı qıcolmaları balaca Güneli (ad şərtidir) bu hala salıb. Valideynləri müalicəsini gecikdirib, ağır vəziyyətdə xəstəxanaya müraciət edib. Elə şöbədə də ən ağır xəstə 10 aylıq Güneldi.

Hər dəfə qıcolması tutanda anası qucağına alıb həkimlərin yanına qaçır. Uşaq özünə gələnədək gözünün yaşını axıdır, sonra bağrına basıb palatasına çəkilir. Həkimlər də üzgün halda:

- Yazıq uşaq! Vaxtında mollaya yox, həkimə müraciət etsəydilər, vəziyyəti bu qədər pis olmazdı. Xəstəliyi o qədər ağırlaşıb ki, müalicəyə çətin tabe olur.

Palataya girəndə hələ də qızı qucağında idi. Gözündən axan yaşları yanağından süzülüb Günelin üstünə damırdı. İynənin təsirindən uşaq yatmışdı. Qucağından alıb yatağa uzatdım. Qızına baxıb:

- Belə arıq, halsız olmağına baxma. Sən doğulanda görəydin. Düz 4 kilo. 2 ayınadək normal uşaq idi. Qoy fotolarını göstərim.

Cibindən tələsik telefonu çıxarıb, foto axtarır.

- Bax, burda 1 aylıqdı. Gör nə canlı uşaqdı. 2 aylığında sudurqa keçirdi. Anama zəng etdim ki, gəl bunu mollaya aparaq. Molla qələm çaldı, Quran açdı, uşaq bir az düzəldi. Bir neçə gün sonra yenə sudurqa oldu. Bu dəfə də ocağa apardıq. Sınanmış ocaqdı, neçə adamı sağaldıb. Elə təzəcə evə çatmışdıq ki, uşaq yenə qıc oldu. O gün günortadan axşamadək ardıcıl sudurqaları oldu. Uşaqda hey qalmamışdı.

Sonra uşağı falçıya aparırlar. O da “nəzər” diaqnozu qoyur. Bir kurs da falçının “müalicə”sini alır. Bir sözlə, Güneli xəstəxanadan başqa hər yerə aparırlar. Bircə, həkim ağıllarına gəlmir.

Günlər keçdikcə uşağın vəziyyəti daha da ağırlaşır. Qıcolmalar intensivləşir, ağırlaşır. Axırda bir qohumun ağlına gəlir ki, bəlkə həkimə aparasınız? Beləcə gəlib xəstəxanaya çıxırlar.

Dərd orasıdır ki, Güneldən başqa uşaqlar da xəstəxanadan əvvəl pirlər, mollalar gəzib. Biri vardı, o da oğlunu əvvəl çıldağa, mollaya aparıb. Sonra görüb uşaq daha da pisləşir, çox gecikdirmədən həkimə müraciət edib.

Deyək Günelin anası kənd qızıdır, orta məktəb bitirməyib. Bəs “sudurqalı” oğlunu həkimə yox çıldağa aparan o müəlliməyə nə deməli? Onu bilirəm ki, bu pirlər, ocaqlar çox adamın evini yıxıb. Özü də bütün cəhalət islam adına edilir. Məgər dinimiz demir ki, işin əhlinə, yəni mütəxəssisə müraciət edin? Ən pisi də bilirsinizmi nədir? Pirlər, ocaqlar, mollalar, falçılar gəzən, amma bir faydasını görməyən, əksinə ziyan çəkən adamların hələ də oralara və o kəslərə inamının itməməsidir.

Ömründə bir dəfə məscidə getməyən adamlar ocaqdan əl çəkmir. Məscidin təmirinə 5 manat verməz, amma bir qoyun alıb pirə “ehsan” edir. Cəhalətdən həm cibləri, həm canları zərər görür.

Adını nə qoyasan? Dinindən xəbərsiz müsəlmanlar!

# 2550 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #