Ekzüperi Azərbaycan toyunda

Ekzüperi Azərbaycan toyunda
17 sentyabr 2014
# 10:53

Uzun fasilədən sonra toya getməli oldum. Çox yaxın qohumlarımdan biri evlənirdi. Ailəlikcə dəvət olunmuşduq. Mən getməkdən imtina elədim. Düşündüm ki, toya vaxtımı xərcləyincə, film izləyərəm, çiy kartof püresindən üz üçün kompres hazırlayaram, çobanyastığı vannası qəbul edərəm və sair.

Bəyin anası zəng edib dedi ki, əgər toya gəlməsən üzünə baxmaram (çox lazımmış! ), səni qohumluqdan silərəm (buna sevinərdim əslində!). Nəsə, məni azərbaycansayağı hədələdi. Guya, olmasam toy baş tutmayacaqdı. Evdə də psixoloji hücumlara məruz qaldım, öyüd-nəsihət verdilər. Daha çox axşam evdə tək qalmaq və qaranlıq fobiyam olduğundan getdim, yanıma kitab da aldım ki, darıxsam, hollda oxuyaram.

Toya getdim, bir az yedim, bir az oynayanlara baxdım, üzümdə növbətçi təbəssüm sevmədiyim qohumlarımla görüşdük, öpüşdük. Və darıxmağa başladım. Sonra səs-küydən başım ağrıdı. Məni ağlamaq tutmuşdu. Səbirsizliklə toyun bitməsini gözləyirdim. Toyun sahibindən tez-tez məclisin nə vaxt bitəcəyini soruşurdum. Birdən işıqlar söndü, milli geyimli oğlan və qız əllərində plov məclisə rəqs edərək daxil oldular, sonra tavandan şarlar yerdə düşdü... Bu, mənə kreativ göründü. Fikrimi yanımda oturan qohumuma deyəndə, o, laqeydliklə üzümə baxdı:

- Neçə ildir var bu. Sən getmirsən, xəbərin yoxdur...

...Ümumiyyətlə, toylara nadir hallarda gedirəm.

Toylarda fiziki və mənəvi baxımdan yoruluram.

Yox, oynayıb eləmirəm. Eləcə otururam, süfrədə olanlardan yeyirəm, içirəm, eyni tərzdə, monoton oynayan, rəqs zamanı ciddi görkəm alan adamlara baxmaqdan yoruluram.

Bərbad akustika səbəbindən qulaqlarım ağrıyır, təzyiqim qalxır, başım hərlənir. Yanaqları qırmızı, şişman qarınlı tamadaların ağzı köpüklənə-köpüklənə klassik, müasir nimdaş şeirlər deməsindən, Dədə Qorqudla başlayıb, Koroğlu, Nigarla davam edən çıxışlarından zəhləm gedir. Xüsusən, əlinə mikrofon götürəndə özünü boğan, Milli Məclis deputatları kimi davranan qalstuklu kişilər məni lap qıcıq edir.

Toyun sonunda masalardakı əl dəyməmiş təamları, nimçələrdəki yarımçıq yeməkləri, ağzı açılmamış və ya tam içilməmiş şirələri görəndə istehlak acgözlüyümüzdən ürəyim sıxılır.

Toya pul salmaqda nə isə təhqiramiz, miskin bir şey var. Pul salmaq məndə borcla assosiasiya olunur. Çünki o adam sənin toyuna gəlib, pul salıb, sən də məcburən gedib borcunu qaytarmalısan.

Merkantillilklə assosiasiya olunur. Ürəyin istəməsə də gedirsən, çünki yaxında evində toy olacaq.

Umacaqla assosiasiya olunur. Gənc ailənin hansısa əşyalara ehtiyacı var, toydan qalacaq pula (əgər restorana borcunu ödəyə biləcəksə təbii) ehtiyaclarını qarşılamağa ümid edir.

...Qardaşımın toyuna Fransadan qonağımız da gəlmişdi. Əmim oğlu uzun müddətdir ki, Parisdə yaşayır, orda təhsil alıb, ailə qurub. İndi Bakıya, Fransada olduğu ilk illərdə ona yardım eləmiş, bələdiyyədə işləyən bir fransızla gəlmişdi. Fransızın valideynləri vəfat elədiyindən depressiyada idi. Mənəvi dəstək olmaq üçün onu Bakıya dəvət eləmişdi.

Fransız toyu maraqla seyr edir, kamerayla çəkir, təamlardan dadır, rəqs edirdi.

Danışmaq üçün ona söz verildi. Bayaqdan danışanlara qulaq asmayan zala sükut çökdü. Hətta restoran rəhbərliyi də gəlib fransızın nə deyəcəyini maraqla gözləməyə başladı.

“Hər şeydən əvvəl hamıdan üzr istəyirəm ki, bügünkü libasım toya uyğun deyil. Toya gələcəyimi nəzərə almamışdım. Toy mənim üçün xoş təsadüf oldu. İstiqanlı qarşıladığınıza görə təşəkkür edirəm. Uzun cümlələr işlətmədən az sözlə çox şey də demək olar. Mən Antuan Sent-Ekzüperidən sitat gətirmək istəyirəm. “Önəmli olan görünəndir. Amma biz gözlərimizlə yox, ürəyimizlə görürük”.

Zal onu hərarətlə alqışladı.

Bəzən düşünürəm ki, görəsən zalda neçə adam Ekzüperini tanıdı və bu fikirdən kim nə anladı?

# 5116 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #