Ölüb, gecə dirilən bakılı Sara

Ölüb, gecə dirilən bakılı Sara
13 mart 2018
# 10:55

Günel Natiq

Morqun qarovulçusu az qala ağlını itirəcəkdi. Qadının cəsədi yerindən qalxıb ona yaxınlaşırdı. Bu yuxu deyildi, hərçənd qarovulçunun yuxusuna ölülər tez-tez girirdi. Peşəsinin özəlliyidir...

Permdəki 49 yaşlı qadın iş yerində huşunu itirdikdən sonra təcili yardım çağırılıb, həkimlər qadının öldüyünü yəqin edib morqa aparılmasına göstəriş veriblər.

Tatyana Fadeyeva ölülərin içində ayılıb və morqun qarovulçusuna yaxınlaşıb.

Qaravulçu özünə gəldikdən sonra xüsusi xidmətlə “dirilmiş” qadını xəstəxananın kardiologiya şöbəsinə aparıblar. Analizlər göstərib ki, xəstə tamamilə sağlamdır və evinə gedə bilər.

“Dirilib” morqdan qayıtmış arvadını qapıda əri qarşılayıb. İşdən gəlib arvadını evdə görməyən kişi təlaş keçirirmiş. Ər-arvad həkimləri məhkəməyə vermək istəyiblər, ancaq onlar olayı inkar ediblər və bildiriblər ki, xəstəni morqa deyil, dispanserə göndəriblər.

Dinamik inkişafa baxmayaraq, tibb elminə sirli qalan məqamlar var. Ağla gəlməyən hadisələr yaşana bilər. Ya da letargik yuxunu ölüm kimi qələmə verirlər. Və yaxud adam dərin komaya düşür, tibb işçiləri isə bunu ölüm kimi qiymətləndirirlər.

Hər halda ölüm həyatın qanunudur. Elmi iddialara görə materiya birdəfəlik yox olmur, bir formadan digərinə transformasiya olunur.

Buna baxmayaraq, ölümlə göz-gözə gəlmək prosesi qorxuncdur. Elə adamları da bu proses - həkimlərin səhvi ucbatından diri-diri ilə dəfn edilmək qorxusu dəhşətə gətirir.

Bu yaxınlarda elə Kulis-də oxudum ki, bir azərbaycanlı yazıçı vəsiyyət edib ki, öldükdən sonra onu toka qoşsunlar və tam öldüyündən əmin olsunlar. Bu, tafofobiyadır.

Qədim əsrlərdə də insanlar bu fobiyadan əziyyət çəkirmişlər. Diri-diri basdırılmaq xofu onları qorxudurdu. Hətta tabutlara xüsusi siqnalın qoyulmasını təklif edirdilər.

Elə həmin qədim görüşlərin bu çağlara gəlib çıxan izləridir ki, bu günün özündə İngiltərədə morqların soyuducularında zənglər var, o zənglərin iplərini çəkməklə “ölü” diriləndə yardıma çağıra bilər.

60-cı illərin sonunda İngiltərədə morqlar üçün ürəyin ən kiçicik aktivliyini üzə çıxaracaq elektrik aparatları icad ediblər. Morqda cəsədlər arasında aparılan elə ilk sınaqda ölülərdən birinin heç də ölmədiyi məlum olub.

Belə hallar bizdə də baş verir.

Kənddə Xanmusa kişinin adı çəkiləndə hamı diksinir. Elə bilirlər ki, indicə zühur edəcək. Zarafat deyil, kişi bir dəfə ölüb dirilən adamdı.

70-ci illərdə olub bu hadisə. Qəfildən Xanmusa kişinin ürəyi tutur. Kənddə həkim olmadığından dalınca rayona yollanırlar. Həkim gələnə kimi kişi keçinir. Yəni həkimin qərarı belə olur.

Yay vaxtı olduğundan kişini çox saxlamırlar, elə həmin gün tabut təşkil edib dəfn etməyə yollanırlar.

Yolda tabut tərpənir, içindən səslər gəlməyə başlayıb. Tabutu aparan adamlar ürküb kənara atılırlar, tabut gurultuyla yerə düşür.

Qorxudan heç kim yaxın gələ bilmir. Axır ki, bir ürəkli adam yaxınlaşıb görür ki, Xanmusa kişi tabutun içində ah-vay edir. Yazıq kişinin bədəni neçə yerdən göyərmişdi.

Məlum olur ki, Xanmusa kişi ölüb-eləməyib, sadəcə şok yaşayıb. Təcrübəsiz həkim də kişini ölmüş hesab edib sənədlə ölümünü təsdiqləyib.

Deyilənə görə Xanmusa kişi həmin sənədi yadigar saxlayırmış. Ölüm sənədini öz gözləriylə görmək hər adama nəsib olmur.

Deyilənə görə o hadisədən sonra 40 il yaşayıb. Amma onu diri adam kimi qəbul edə bilmirdilər, çoxu üçün o yarı ölü idi. Bir adamın ki, tabutunu öz gözlərinlə görübsən, kəfənləyib tabuta qoyubsan, onu canlı olduğuna necə inanasan.

Xanmusa kişi öləndə də kimsə inanmaq istəmirmiş, indicə diriləcək deyə tabutunu qorxa-qorxa aparırmışlar. Amma bu dəfə kişi elə doğrudan-doğruya ölüb.

Sara arvad Bakıda ömür sürür. Yaxınları onun bu dirilmə əhvalatını bilirlər. Uzaq adamlara isə deməməyi məsləhət bilirlər. Çünki ölüb dirilən adam hər halda ciddi qəbul edilməz.

Əhvalat belə olub. Sara arvadın öldüyünü güman ediblər. Sabahısı gün dəfn olacaqmış. Adətə görə həmin gecəni bir nəfər mərhumun yanında keçirməlidir. Qohum-qardaşın arasında ürəkli qadın kimi ad çıxaran dayısı qızı Zəhra bu borcu üzərinə götürüb.

Gecə Zəhranı yuxu tutub. Elə Sara arvad da həmin vaxt ayılıb. Şüuru özündə olmadığından tam nə baş verdiyini yəqin edə bilməyib. Amma bərk acdığını hiss edib. Durub mətbəxə keçib.

Bu dəfə Zəhra oyanıb. Dəhşət içində fərqinə varıb ki, mərhum yerində yoxdur. Mətbəxdən səs gəldiyini eşidən Zəhra mətbəxə keçib. Gördüyü mənzərədən huşunu itirib.

Sara arvad kartof qızardırmış. Dayısı qızının hədəqədən çıxmış gözlərini və ardınca da huşunu itirdiyini görür. Birtəhər otağa gətirib divanda uzadır. Yavaş-yavaş şüuru özünə qayıdan qadın təcili yardıma zəng edir.

Təcili yardımın müdaxiləsindən sonra Zəhra hal-qəziyyəni danışır. Həkimlərin rəngi avazıyır, ancaq Sara arvadı müayinə edib elmi yolla izahını verirlər.

Demə tibbdə bir də Lazar sindromu var. Bu sindromun qanunlarına görə, ölmüş adam dirilə bilər. Bu çox nadir hadisədir.

Uzun sözün qısası, Sara arvadla Zəhra dayıqızı bir-birindən muğayat ola-ola səhəri dirigözlü açırlar.

Sara arvad hələ də həyatdadır. Bir dəfə ölüb-dirildiyi üçün ölümdən qorxmur. Qohum-əqrəba deyir ki, o hadisədən sonra yaşadıqları həyatın ona verdiyi bonusdur.

Məşhur amerikalı psixiatr Corc Ritçi gəncliyində orduda xidmət zamanı pnevmaniyaya yoluxur və hərbi hospitala göndərilir. 20 dekabr, 1943-cü ildə həkimlər onun öldüyünü təsdiq edirlər. Amma morqa müşayiət edən əsgər təlaş içində geri qayıdıb ölünün tərpəndiyini bildirir. Həkim ürək əzələsinə adrenalin yeritdikdən sonra gələcəyin psixiatrı yenidən həyata qayıdır. O dövrdə elektron cihazlar yox idi, həkimlər daha tez-tez səhvə yol verə bilirdilər.

O ki qaldı tafofobiyaya (diri-diri dəfn edilməkdən, ümumiyyətlə, dəfn mərasimlərindən qorxmaq, ürkmək) onun öhdəsindən gəlmək mümkündür. Əgər tafofobiyadan əziyyət çəkən adam psixoloq köməyindən imtina edirsə, filmlərin, kitabların, idmanın köməyilə bu fikirlərdən uzaqlaşa bilər. Eləcə də bu fobiyadan əziyyət çəkənlərlə təmas qurub (saytlarda, forumlarda) onlardan da dəstək ala bilərsiniz.

# 2243 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #