Feysbukun tez tutulan qızları

Feysbukun tez tutulan qızları
28 yanvar 2015
# 09:00

Cəlil Cavanşir

Xatırlayırsınızsa, Azərbaycan kişisinin sosial şəbəkələrdə necə “at oynatmağı” ilə bağlı sizə şok açıqlamalar verəcəkdim. Verdiyim sözü unutmamışam. İntəhası, bir məsələ var ki, mən istər-istəməz öz həmcinslərimi zərbə altında qoymaq istəmirəm.

Ona görə də uzun müddət bu mövzuda yazmaq barədə düşünüb-daşındım. Nəhayət, qərar verdim ki, sevimli oxucularımın ürəyindən tikan çıxarmaq üçün, bu barədə yazım. Uzağa getməyək. Öz təcrübəmi sizlərlə bölüşsəm, hər şey gün işığına çıxacaq. Bir növ özümü ifşa etmək niyyətindəyəm. Bu yazıya “Bir feysbuk istifadəçisinin etirafları” başlığını qoymaq pis olmaz. Başqa ad da fikirləşmək olar. Nəysə, özümüzü yormayaq. Buna da qoy redaktorlar qərar versin! Hər şeyi özüm edəsi deyiləm ki...

7-8 ildir sosial şəbəkələrdə aktivəm. Zaman-zaman rastlaşdığım maraqlı olayları, başıma gələnləri sizlərlə bölüşmüşəm. Başıma gələn acılı-şirinli əhvalatlar, sevməyim, ayrılmağım, evlənməyim, övlad sahibi olmağım barədə hər şeyi bilirsiniz. Bir neçə kitab yazdığımı, şeiri sevdiyimi, həddindən çox içdiyimi, siqaret çəkdiyimi, davakar və əsəbi olduğumu, yalana nifrət etdiyimi, çoxlu filmlərə baxdığımı, kitab oxumağın faydasına inandığımı, hansı kafedə yeyib-içdiyimi, səhərlər xaşa getdiyimi, axşamlar darıxdığımı sizdən gizlətməmişəm. Amma istəyirəm, sizə bir kişinin sosial şəbəkələrdə necə “at oynatmasını” ətraflı şəkildə izah edim. Yəni, məsələnin görünməyən tərəflərini sizlərə göstərməklə, özümü və həmcinslərimi rəzil-rüsvay edib gözdən salmağı qarşıma məqsəd qoymuşam.

Sosial şəbəkələrdə, xüsusilə Feyzbukda 9-10 profilim, 15-20 səhifəm var. Siz mənim bir profilimi bloka atanda mən digər profilimlə girib sizin yazdıqlarınızı izləyə bilirəm. Aktiv olaraq prosesləri, gündəmi, gözəl qadınları, şirin qızları, kədərli filosofları, postmodern yazıçıları, çılğın şairləri, bacarıqlı aktyorları, seksual modelləri, müasir meyxanaçıları, söyüşkən reperləri, elmli falçıları, qabiliyyətli aparıcıları izləyirəm. Ovqatıma uyğun statuslar yazıb, kefimə görə fotolar, şeirlər paylaşıram.

Bilgisayarımda “aforizmlər”, “şeirlər”, “sevgi statusları”, “kədərli statuslar”, “tanışlıq mesajları” adlı qovluqlar var. Eyni zamanda, “youtube” kanalımda kifayət qədər qeyri-adi, ovsunlayıcı musiqilər var ki, dinləyənlər heyrətlənir. Yazı-pozu adamlarını yeni məhsullarını mütləq paylaşıram və dostluğumdakı insanlara oxumalarını tövsiyə edirəm. Əlimin altındakı resurslardan istifadə edib mümkün olduğu qədər “cool” görünməyə çalışıram. Belə götürəndə, çox şükür, alınır. Amma, ancaq, lakin...

Yox, dözə bilmirəm! Hər şeyi etiraf etməliyəm! Mən hər gün Feyzbuka girən kimi bir kənara “Siz necə də gözəlsiniz, xanım”, “Ayy, necə də şirinsən”, “Super”, “Möhtəşəm” yazıb gözləyirəm. Sonra həmin yazını dostluğumda olan gözəl xanımların fotolarının altına “copy-paste” edirəm. Beləliklə günə uğurlu bir başlanğıc və artıq mən formadayam! Növbəti mərhələdə dostluğumda olan gözəl xanımlara müxtəlif üsullarla “girişməyə” başlayıram. Əlimin altındakı hazır resurslar işə yarayır. Şeir, olmadı mahnı, olmadı hazır sevgi mesajları və aforizmlər... Zövqlər və beyinlər müxtəlif olduğu üçün bu əziyyətli prosesin sirlərini heyf ki, sizlərlə bölüşə bilməcəyəm. Qoy heç olmasa bir sirrimiz qalsın da...

Obrazlı desək, Feyzbuka girər-girməz torumu atıram, axşamacan nə düşər, düşər. Gün uğurlu keçəndə ən azı dörd-beş “Ayka Namazqılanka”, “Günka Pessimistka”, “Balamın Balasiyam”, “Ugur böcəyi” nikləri ilə Feyzbukda məskən salmış xanımlarla söhbətləşir, həyatın faniliyi, ölümün aniliyi, sevginin qeyri-adiliyi barədə fəlsəfi-konseptual nəzəriyyəmi onlarla bölüşürəm. Bəzən toruma ərindən küsmüş, həyatdan yorulmuş, sevgiyə inanmayan qəmli xanımlar düşür. Adətən, həyat yoldaşıyla zorla evləndirilən, ərini sevməyən, onun qorxusundan başqa adlarla hesab açan xanımlar daha maraqlı və “rahathulqum” olur.

Siyasətlə maraqlanmıram və feyzbukdaşlarımı boş-boş siyasi nəzəriyyələrlə yormuram. Məncə, siyasətlə məşğul olan həmcinslərim əsəblərini boş yerə xərcləyirlər. Dini mövzulara hərdən, o da bu mövzular trend olanda müraciət edirəm. Duruma uyğun gah ateist, ya şiə, gah sünni, gah da sufi oluram. Lazım gəlsə, bu mövzular ətrafında “Caps Lock”u yandırıb sərt mövqe ortaya qoyan statuslar da yazıram.

Yuxarıda yazdıqlarımın çoxunu rəsmi profilimdə yox, “fake” profillərimdə rəsmiləşdirirəm. Mən də bu cür rahat oluram, ay qadanız alım, inciməyin.

...Həyatın sürətli axarında bu cür başımı qatıb, virtual xoşbəxtliyin dadını çıxarıram. Yazıram, pozuram, oxuyuram, dinləyirəm, izləyirəm və sizinlə paylaşıram.

Həə, əziz oxucu! Məncə qismən də olsa, özümü biabır edə bildim. Feyzbukda görüşənədək!

# 1047 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #