Mən SMS sevgilərinə inanmıram

Mən SMS sevgilərinə inanmıram
23 yanvar 2015
# 14:27

Əlimə qələm alıb əziz bildiyim birinə məktub, ya da açıqca yazmadığım uzun zaman oldu. İndi deyəcəksiniz, kim sənə mane olur? O vərəq, o da qələm, nə qədər istəyirsən yaz.

Nə yalan deyim, qələmlə yazmağa tənbəllik edirəm artıq. Belə getsə hərflərin yazılışını unudacağam deyə, qorxuram.

Təəssüf ki, günü-gündən inkişaf edən texnologiyanın yaratdığı imkanlar mənim kimi, yüz minlərlə insanı sözün əsl mənasında daxili aləmindən ayırır.

Barmaqlarımız yorulur, amma kompüterin, telefonun düymələrində. Kədərimizi, sevincimizi rəngli “smaylik”lərlə, yerli yersiz istifadə etdiyimiz işarələrlə bildiririk.

Artıq kimsə əziyyət çəkməsin deyə imzalar da hazır möhür halına salınır. Zaman o zaman deyil deyəcəksiniz bəlkə də. Razıyam, amma sevgilər, dostluqlar, insani münasibətlər də əvvəlki deyil, nə yazıq ki...

Müasirik... Uzağı yaxın edən virtual tanışlıqlarımız, sosial şəbəkə münasibətlərimiz var. Bir göz qırpımında düşüncələrimizin tərcümanına çevrilən qırmızı ürəköpüşlü, gah gözündən yaş axan, gah da gülməkdən qəşş edən işarələr həyatımızı asanlaşdırırmı, görəsən?

Asanlaşdırır, amma bir o qədər də hisslərimizi ucuz və dəyərsiz edir. Məhəbbətimizin, istəyimizin əvəzinə çox vaxt tam yazmağa ərincəklik etdiyimiz yarımçıq sözlər göndəririk bir-birimizə... Bir-birimizi tapmaq, ünsiyyət qurmaq imkanları doyunca darıxmağa, xiffət etməyə belə aman vermir artıq.

Kimsənin səmimiyyətini, sevgisini şübhə altına almıram. Amma ürəkdən süzülən həqiqi duyğular barmaqların ağ vərəqə köçürdüyü kəlmələrin timsalında daha gözəl olur məncə...

Söz yazıb, pozmaq çox asandır indi. Əlimiz mürəkkəbə batmadan, barmaqlarımızda heç bir iz buraxmadan nələr yazıb, poza bilmərik ki...

Çox zaman da ani qərarlarla yazıb pozduğumuz bu sözlər həyatımızda elə dərin izlər buraxır ki, düzəliş etmək üçün heç nə köməyə gəlmir.

Bu gün “Səni sevirəm!”, ”Sənsiz darıxıram!”, “Sənə ehtiyacım var!” və sair oxşar ifadələr eyni hərflərin qəlibində çox soyuq təsir bağışlayır.

Mənə elə gəlir ki, əvvəllər insanlar bir-birinə bu sözləri yazanda onun məsuliyyətini daha çox daşıyırdılar. Bu kəlmələri yazan insanın ürəyinə barmaqları şahidlik edirdi, axı...

Yazı insanın ruh aləminin bir parçasıdır, dahilər deyib bunu. Elə buna görə də bəzən yaxınlarımızdan aldığımız əllə yazılan kiçik bir kağız parçasının dəyəri daha çox olur.

Təəssüf ki, getdikcə yazı vərdişindən uzaqlaşırıq, məktublar, açıqcalar tarixə çevrilir. Mən bu virtual aləmdə verilən vədlərə, SMSlərdə göndərilən sevgilərə inanmıram. Heç kimin bu aləmdə dediklərinin altına imza atmaq imkanı yoxdu çünki...

Onlar, özünəməxsus qoxusu olan, hər hərfi insanın qəlbini titrədən məktubların yanında yarı səhv, yarı düz yazılan söz yığınından başqa bir şey deyil.

Heç olmazsa ildə bir gün əzizlərimizə, doğmalarımıza əlimizlə yazdığımız ürək sözlərimizi göndərək. Sevgimizi barmaqlarımızın təmasında qəlblərə daşıyaq. O zaman daha səmimi olacaq hisslərimiz. Həm də yazımız bizi təkrarolunmaz edəcək.

# 2189 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #