Alın yazısına abunə olanlar

Alın yazısına abunə olanlar
11 noyabr 2014
# 15:50

Ölənə qədər dayanmadan yalnız alın yazımızı oxuyuruq hamımız. Çünki hamımızın ölənədək abunə olduğumuz yeganə mətn alın yazısıdır. Nə fərqi var kim yazır o yazını. Tanrı, İblis ya onların ikisini də doğub yaşadan insan. Yəni özümüz. Hər şeyi yaşamaq üçün edirik. Əsasən də xətalarımızı.

Yalnız səhvlərdən sonra anlayırsan həyatı. Səhvsizlik həyatı anlatmaz. Həyat səhvlər üzərində davam edir. Həyat yalanlar üzərində qurulmuş ən gerçək oyundur. Oyunun özünü sevirsənsə, onun yalanlarını da dəyərləndirməlisən.

Yaşamaq üçün səhv etmək lazımdı. Özü də çoxlu. Çox yaşamaq üçün çoxlu səhv yəni...

İçin nə qədər genişdirsə, boşluqlar da o qədər çox olacaq. O boşluqları kefindən yox, sadəcə lənətə gəlmiş sağ qalmaq dərdindən doldurmağa çalışacaqsan. Məhz bunun üçün daimi olaraq qaçacaq, yüyürəcəksən. Hətta dayananda belə. Və çalışdıqca, qaçdıqca da səhvlər, xətalar edəcəksən. Yalançı, xəyanətkar, oğru, qatil edəcək səni xirtdəyinə keçən yaşamaq dərdi. Hətta intiharı belə rahat yaşamaq, rahat nəfəs almaq ehtiyacından edəcəksən. Əgər cəsarətli olub edəcəksənsə...

Əqrəbi xatırla: qutuya, şüşə qaba, bir sözlə qapalı mühitə salınanda dərhal çıxmağa çalışır. Tələdən çıxa bilməyəcəyini anlayınca özünü sancıb, ölür...

Həyat onun üçün yalnız nəfəs almaqdan asılı deyil. Həm də əqrəb kimi yaşamaqdan asılıdır...

Sənsə, insan, ömürlük düşdüyün bu tələdə çox vaxt rahat nəfəs almaq arzusundasan. Sadəcə rahat nəfəs almaq. Yəni heç insan kimi yaşamaq da yox, sadəcə rahat nəfəs almaq. Amma yox. Amma çox vaxt alınmır...

İçdiyin sakitləşdirici dərmanlar əslində səni yox, ətrafındakıları rahat etmək üçündür. Çünki onlar əslində özləri də bilmədən öz rahatlıqları üçün sənə - lütfən müalicə olun - deyib yalvarırlar.

Yəni mən sənin dərdini ona görə çəkirəm ki, içimdə belə bir ehtiyac var. Mənim ayaqda qalmağımı saxlayan ehtiyac.

Rahat yaşamaq ehtiyacı bütün insanlarda var. Sadəcə, insanlığını itirməyən insanlarda bu ehtiyac çox vaxt dərdə çevrilir. Rahatlıq insana əslində heç yaşamaq üçün də gərək deyil. Rahatlıq istəyi adi həyatla ölüm arasındakı naqis durumlardan ölü və ya sağ çıxmaq ehtiyacındandı.

Heç narahat ölü gördünmü? Yox, əlbəttə. Çünki o, artıq nəfəs almır. Çünki son və ən narahat nəfəsindən də xilas olub. Çünki o, artıq rahat nəfəs almağının dərdini çəkmir. İmtina edib ondan...

Ruh həm də bir tüpürcəkdir. İnsanın nəfəsi o qədər daralır, o qədər bezir ki, öz ruhunu bu həyatın üzünə tüpürüb gedir çox vaxt...

Nə fərqi var, səni bu hala hansı yazı gətirdi? Öz alnındakı, ya ehtiyacın olanın alnındakı yazı...

Gerçəklik ondan ibarətdir ki: sənin alnındakı yazı, sənin alnında bitir. Amma o, sənə dəxli olan başqasının alnında hələ davam edir. Yenə də həmin rəngdə, həmin dərddə. Onun da yazısının davamı başqasının alnındadır, heç şübhən olmasın. Və beləcə, Adəmin alnından başlayan bu böyük mətn bizim alnımızdan keçərək sonuncu insanadək davam edəcək. Varlıya və kasıba, inanclıya və inancsıza baxmaz, süjet xətti dəyişməz qalır:

Hamımız bu dünyadan sağ çıxmaq uğrunda çarpışırıq.

# 2707 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #