ANS-dəki mübahisəyə sözardı

ANS-dəki mübahisəyə sözardı
23 oktyabr 2014
# 11:32

Dünən ANS-in “Günəbaxan” verilişində aparıcı Kamran Həsənli ilə yaşananlar sosial şəbəkədə və bəzi saytlarda geniş maraq, müzakirə, hətta qəzəb, kin və etiraz doğurdu. Olsun. Əslində ictimaiyyətin hər hansı məsələdə aktivlik göstərməsi sevindirici haldır.

Di gəl ki, bəziləri bulanıq suda balıq ovuna çıxdılar. Hənəkdən, ya dəyənəkdən mənimlə münasibəti olmayan, məni sevməyən, varlığımı və yazılarımı qəbul etməyən, mövcudluğuma görə qıcıqlanan insanlar ağzına gələn hərzəvü-hədyanları yazdılar, təhqir eləməkdən, aşağılamaqdan çəkinmədilər. Buna da eyvallah! Nə edək? Virtual azadlıq sizə elə-belə gəlməsin. Adam işdə və ya evdə oturub kompüterin arxasında, özünü qəhrəman hesab edir. Nə istəyir, onu da yazır.

Bunlar mənə o qədər də təsir eləmir. Amma elə prinsipial məsələlər var ki, aydınlıq gətirmək məcburiyyətindəyəm. Mənə səmimi münasibət bəsləyən, tənqidində, iradında insani kontekstdən çıxış edən bəzi dostların və oxucuların zəndi yanılmasın deyə...

Bunun birincisi mənə dəfələrlə irad tutulan “Əli və Nino”nun sahibi Nigar Köçərli ilə olan kitab-rəf mübahisəsidir ki, Kamran Həsənli söhbətində bir daha xatırlatdılar. Məsələ çox sadədir: “Əli və Nino” mağaza ilə əməkdaşlıq etməyən nəşriyyatlarda çap olunan kitablara qarşı laqeyddir. Bizim kitablarımız onsuz da çox satılmır, bunu bilirik. Amma dəfələrlə oxucular zəng edib kitablarımı mağazada tapmadıqlarını söyləyiblər. Kitablar görünən yerlərə qoyulmur, rusdilli satıcılar isə ümumiyyətlə bu kitabların varlığından xəbərsizdir. Mən, təcrübədən çıxış edərək, bu iradı Nigar xanıma onun “Azərbaycandilli yazarların kitabı satılmır” mühakiməsinə qarşılıq olaraq bildirmişəm. Bu dialoqu “rəf davası” kimi yozmaq, mənim şəxsimdə adamlarda əsərin məzmunu və səviyyəsini, maraqlılıq dərəcəsini mağazada yerləşdiyi yerə göyə təyin edən yazar təəssüratı yaratmaq əclaflıqdır.

Buna bənzər daha bir nüans: guya mən Kamran Həsənli ilə dava edirəm ki, niyə məni tanımırsan? Adamın vicdanı olar! Veriliş tam şəkildə yoxdur, mənim aşağılanmağa dözməyib etiraz etdiyim 8 dəqiqəlik hissəyə baxıb fikir yürütmək doğru deyil. Veriliş başlamamış Kamran Həsənli ilə qonaq otağında bir yerdə olmuşuq, heç nə soruşmayıb, heç nə ilə maraqlanmayıb. Efir başlayan kimi orta məktəb şagirdləri kimi adımızı soruşub... Dinməmişəm. Sözümü ədəbsizcəsinə kəsərək, dəxilsiz suallar verib və fikrimi tamamlamamış efiri reklama bağlayıb. Mübahisə zamanı bir də “Bunun adı nə idi?” sualını verəndə haqlı olaraq iradımı bildirmişəm ki, adam tanımadığı adamı verilişinə çağırmaz!

Kitabımın harda qoyulub satılması, kamranların məni tanıyıb-tanımaması zərrəcə umurumda deyil. İnanın, mağazalara verdiyim kitabların son haqq-hesablarını belə etməmişəm. Bütün müqavilə sənədlərini itirmişəm. Mən nəinki kitabımı, hətta özümü layiq olduğum yerdən bir addım arxada saxlamağı bacarmışam həmişə. Karyerada da, yaradıcılığımda da! Və bəzilərinin düşüncəsinə görə “kassanın yanında yer axtardığım” kitabları oxusanız, görərsiniz ki, olduqca sadə, səmimi və təvazökar yazılar var orda. Mən ən azı ədəbiyyatda halallığı, doğruluğu, həqiqəti qoruyub saxlamaq iddiasındayam. Amma etiraf edim ki, bu asan başa gəlmir mənim üçün.

Məni sevməyən, dostluqdan silən, düşmənçilik edən, görəndə salam verməyən, orda-burda şərəfsizcəsinə dalımca danışan bir sürü adam var. Bunların mütləq əksəriyyəti bulunduğum istiqamətdən halal sözü onların istedadsızlığından, saxtakarlığından, əxlaqsızlığından, düşüklüyündən qoruduğum üçündür.

O ki qaldı dünənki ANS qovğasına... Qısa özətini verim. Bəli, efirə getməməli idim. Amma getdim. Düşündüm ki, özümüzük, imkandan istifadə edib sözümüzü deyərik. Təəssüf ki, gedib orda bir tamada, iki toyxana müğənnisi, düşük mahnılara yerində oynaqlayan studiya auditoriyası gördüm və bunu sifətlərinə çırpdım. Ona görə dava düşdü, polemika alınmadı. Dava düşdüyü üçün də qaçmağı özümə sığışdırmadım.

Bu qədər bəsit...

Sonda üzümü heç bir günahım olmadan məni aşağılayan, təhqiramiz ifadə yazan FB əhlinə tuturam: Kamran Həsənli sizdən yüz dəfə dəyərlidir!

# 6254 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #