Uşaqlarımıza öyrədilən yalan

Uşaqlarımıza öyrədilən yalan
30 iyun 2014
# 12:50

Uşaqlarımız dərsliklərimizdən nə öyrənir deyə, birinci siniflər üçün yazılmış “Azərbaycan dili” kitabını bir balaca gözdən keçirdim. “Səbişin necə böyüməsi” diqqətimi çəkən ilk mətnlərdən oldu. Düzü, nədən söhbət getdiyini anlamaq üçün mətni bir neçə dəfə oxudum.

“Balaca Səbiş tez böyümək istəyirdi. Anasının çəkmələrini geyib, gəzirdi. Nənəsinin xalatını geyinirdi. Saçlarını xalası kimi yığırdı. Qoluna saat taxırdı. Ancaq heç nə alınmırdı. Hamı ona gülürdü. Bir dəfə Səbiş döşəməni süpürdü. Sonra qabları tər-təmiz yudu. Axşam ata təəccüblə ona baxıb dedi:

- Deyəsən, bizim Səbinə artıq böyüyüb. İndi hamı balaca Səbişi Səbinə adlandırır. O, hələ də balaca ayaqqabılarında gəzir. Saçını böyüklər kimi yığmır. Nə qolbaq, nə də saat taxır. Görünür, balacaları böyük edən bunlar deyil”.

Mətnin aşağısında isə belə bir sual yazılıb: “Bəs, səncə, balacaları böyük edən nədir?” Müəllimlər üçün metodik vəsaitdəki izahından belə anladım ki, əsas məqsəd uşaqlara böyüməyin onlardan asılı olmadığını izah etməkdir. Mən bir az gec başa düşmüşəm, yəqin uşaqlar daha tez dərk edərlər deyib, kitabı oxumağa davam edirəm.

“Yadına düşdü” başlıqlı mətndə isə tənbəl və yalançılıq anlayışı izah olunur.

“Belə ki, ailə üzvlərinin hərəsi bir işlə məşğuldu, birdən ana oğlundan soruşur: Bəs, sənə heç bir şey tapşırmayıblar? Oğlu da cavab verir ki, dərsim yoxdur.

-Onda get, otağını yığışdır.

-Uşaq həvəssiz halda otağına tərəf gedir və birdən deyir:

-Oy, anacan. Riyaziyyatı lap unutmuşdum. Mən hələ 2 məsələ həll etməliyəm.”

Beləliklə də uşağın yalanı yerindəcə və dərhal aşkarlanır ki, həmyaşıdlarına örnək olsun.

“Beş dəqiqə” mətnində isə söhbət vaxt anlayışından gedir.

“Səidənin yatmaq vaxtı çatır, ancaq o, oyuncaqla oynamaq istəyir. Anası ona beş dəqiqə vaxt verir. Qız isə soruşur:

-Anacan, beş dəqiqə nə qədər vaxtdır?

-Quzum, xəstələnəndə qoltuğuna termometr qoyurduq ha. Yadına gəlir, nə qədər saxlayırdıq? Beş dəqiqə o qədər vaxtdır.

Səidə ayısı ilə yenicə oynamağa başlamışdı ki, ana qayıtdı:

-Gedək yatmağa.

-Yox hələ beş dəqiqə keçmədi.

-Keçdi, quzu bala, beş dəqiqədən də çox keçdi.

Səidə təəccüb elədi. Axı o, az oynadı. Vaxt çox az göründü.

-Anacan, niyə termometri qoltuğuma qoyanda beş dəqiqə çox görünür, oynayanda isə az?”

Əcəb müqayisədir. Dərslikdə buna bənzər onlarla mətn var. Vicdanlılıq, etibarlılıq, xeyirxahlıq, dostluq, böyüklərə hörmət, vətənə məhəbbət və bir çox keyfiyyətləri aşılamaq, öyrətmək məqsədi ilə yazılıb....

Yazılıb, amma sağ əllə sol qulağı qaşıyacaq bir tərzdə... İnsafən deyim ki, bir neçə mətn və şeir var ki, nisbətən toya-bayrama getməlidir, az-çox mətləbi izah edir. Amma çoxu gülünc doğurur:

Məsələn, ” B” hərfinin öyrədildiyi bir bölümdəki dialoq əməlli başlı “Tənbəl Nəbini” ifşa edir.

“Baba: - Mənim tənbəl Nəbim.

Nəbi: - Mən tənbələm?

-Bəli.

-Baba, mənə inan. Məni tənbəl bilmə.

-Nənə, mən tənbələm?

-Nə bilim bala.

-Məni tənbəl bilmə, nənə.

- Əlbəttə, Nəbi bala. Al 10 manat. Mənə nanə ilə ət al.

-Məəən?”

Dialoqun əsas məqsədi Nəbiyə verilən tənbəl adı vasitəsi ilə “b” hərfini öyrətməkdir....

“Şəlalənin anası dadlı tort bişirdi, torta altı şam batırdı” və ya “Kirpi, meşədə bərbərxana açılıb, get tikanlarını qırxdır, axı pis görünür” kimi mənasız və səliqəsiz cümlələrə də rast gəlmək olar.

Bəlkə də bu mətnləri qələmə alanlar düşünürlər ki, yazdıqları aydın və səlisdir, ən son dərs metodlarına uyğundur. Amma yəqin, mənimlə çoxları razılaşar ki, dərsliklərin çoxu kobud, yersiz və heç bir məna kəsb etməyən söz yığınından ibarətdir.

Yadıma uşaq vaxtı oxuduğum “Əlifba”, “Oxu” kitabları düşdü. İllər sonra axtarıb tapdığım bu kitabları da vərəqləyirəm. Hər nə qədər “SSRİ bizim vətənimizdir” şüarı ilə yazılan bir neçə mətn və şeirlər bu kitablarda yer alsa da, ancaq Səməd Vurğunun “Azərbaycan” şeirinin, Abdulla Şaiqin maraqlı nağıllarının, Mirvari Dilbazinin qısa hekayələrinin gözəlliyi bu şüarı kölgədə qoyur.

Fikrimcə, yaxşılığı, böyüklərə hörməti, ağıllı və səliqəli olmağı, valideyn sevgisini bu müəlliflərin “Böyüklərə hörmət et”, “Əsl yoldaş”, “Buyurun əyləşin”, “Çörək” və sair mətnlərdən daha yaxşı öyrənmək olur.

Və ən əsası bu kitablarda yazılanlardan həlimlik, səmimilik hiss olunur. Müqayisə edəndə keçmiş dərsliklərin uşaqların ağlına, dərrakəsinə, qavrayışına uyğun tərzdə yazıldığının şahidi olursan. Müasir dərsliklər isə daha çox sünilik və aqressiv təsir bağışlayır. Çünki sözlər, cümlələr yerində və mənasına uyğun işlədilmir. Nəticədə bayağı, kobud, uşaqlarda yanlış fikir formalaşdıran mətnlər yazılır.

Kitab təfəkkürün yorulmayan qanadlarıdır, deyib dahilərdən biri. Amma belə getsə, çətin ki balacalarımız indiki dərsliklərlə qanad alıb, güclü və məntiqi təfəkkürə sahib olsunlar.

# 1725 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #