Bu serial kaş səssiz çəkiləydi...

Bu serial kaş səssiz çəkiləydi...
20 may 2014
# 10:37

Sevda SULTANOVA

Adını unutduğum hansısa müasir filmimiz haqda yazanda qeyd etmişdim ki, yaxşı olardı, kinomuz səssiz çəkilsin. Dialoqların bərbadlığı və onları səsləndirərkən doğru intonasiyanın seçilməməsi üzündən.

Hətta bunun üçün alman rejissoru Fridrix Murnaunun təcrübəsinə də müraciət etmək olar. O, kinoda zirvə sayılan “Sonuncu adam” (1924) kamera dramında titrlərdən imtina etmişdi. Həmin dövrdə titrsiz film səssiz kino üçün xarakterik deyildi. “Sonuncu adam”da aktyorlar ifrata varmadan elə ifadəli oynayır ki, titrlərə ehtiyac qalmır.

«Həyat, sən nə qəribəsən» (rej : Naci Çelik Berksoy, baş ssenarist: Valeh Əhmədov) serialına baxanda bu fikir yenidən ağlıma gəldi.

Müasir Azərbaycan kinosu və serialları üçün ənənə halını almış dialoq mətnlərinin gərəksiz ədəbiliyi (məsələn beləsi: “Böyüklərlə kiçiklər arasındakı münasibət küləklə otun arasındakı münasibət kimidir. Külək əsdikcə otları əyir”) və onların teatral ifadəsi təxminən 10 bölümünü izlədiyim bu serialda da vardı.

“Həyat, sən nə qəribəsən” serialının rejissoru Naci Çelik Berksoydur. Berksoy “İlk aşk”, “Yağmurdan sonra” və daha bir neçə serial çəkib.

Türkiyədə son serialı 2007-ci ildə ekranlaşdırıb. Və 2010-cu ildə “Paramparça” adlı film çəkib. İnternet mənbələrinə inansaq, rejissorun Türkiyədəki yaradıcılıq fəaliyyəti bu filmlə də bitib.

Berksoy əksər səhnələrdə iri planlardan istifadə edib. Bu zaman aktyorların üz ifadələrinin dəqiq, hərəkətli olmaması, qeyri-plastikliyi kadrların ritmini azaldır, darıxdırıcı edir.

Ancaq rejissor serial dramaturgiyasının bəlli klişelərini yaxşı işləyib.

Əhvalatın qəhrəmanı Həyat valideynlərini uşaq ikən müəmmalı şəkildə baş verən faciə nəticəsində itirib. Əmisinin himayəsində yaşayır. Günlərin birində varlı ailənin oğlu Sadiqlə rastlaşır. Xalası qızına nişanlı olsa da, qəlbi boş, tənha Sadiq ona vurulur.

Yazımda baş rolda oynayan aktyorların üzərində dayanacam. Çünki serialın yükü əsasən baş qəhrəmanların çiyinlərinə düşür və uğuru da onlara daha çox bağlıdır.

Həyat rolunun ifaçısı, Gənclər Teatrının aktrisası Asya Atakişiyevadır.

Onun personajı səmimidir, mərddir, mayası yaxşılıqdan yoğurulub, pislik nədir bilmir, alnının təri ilə çörəyini qazanır. Gördüyü ən kiçik haqsızlığa belə dözə bilmir, ürəyindən qara qanlar axır, o, bütün varlığı ilə daim böyüdüyü mühitlə, ədalətsiz düzənlə ziddiyyət içindədir.

Keçmişin ağrılı-acılı günləri tez-tez onun yaddaşında oyanır, onu rahat buraxmır, addımbaaddım təqib edir. Ancaq o, başa düşür ki, möhkəm olmalı, dözməli, hər cür çətinliyə mətanətlə sinə gərməlidir və sair və ilaxır.

Aktyorluqda injenyu deyilən amplua (« ingenue » fransız sözü olub, sadəlövh deməkdir) var.

Bu xarakter sadəlik, təmiz ürəkli, hər kəsə inanan, səmimilik kimi cəhətləri ehtiva edir.

İnjenyu ampluasında oynayan aktrisa dərin həssaslığı ilə seçilir, dərhal sevimli, saf, zərif təəssüratı yaradır. Bu keyfiyyətlər eyni zamanda onun təbiətində də mövcuddur.

Təsadüfi deyil ki, injenyu ampluasını hər aktrisaya təklif eləmirdilər. Kino tarixində onun parlaq ifaçıları Meri Pikford, Sandra Di, Nora Lane olub.

Asya Atakişiyevada yuxarıda sadalanan keyfiyyətlər var. Amma aktrisa rolunu oynayanda olduğundan daha saf, səmimi görünməyə can atır və həmin keyfiyyətlərin ölçüsünü itirir, əhəmiyyətsizləşdirir. Nəticədə ifası saxta, bayağı alınır. Başqa cür desəm, aktrisa obrazın cəhətlərini nümayişkaranə şəkildə vurğulayır, ifrata varır, onları az qala tamaşaçının gözünə soxur.

Onun tərəf-müqabili Sadiq rolunun ifaçısı Tural Baxış Həyatın başqa birisinə nişanlı olduğunu biləndə üzündə insan əzabının son həddini göstərmək istəyir, əvəzində kliplərdəki obrazlara xas qıcıq romantikə, infantil birinə bənzəyir.

Əvvəlki yazılarımda da qeyd elədiyim kimi seriallarımızda ən ciddi problemlərindən biri baş rolda oynayacaq xarizmatik, gənc kişi aktyor boşluğudur.

Müəyyən mənada Zaur Şəfiyev və Anar Heybətov bəlli xarakteri canlandıra bilir.

Yəni təbiətində xarizması, özünəməxsus duruşu, güclü xarakteri oynaya biləcək aktyorlara ehtiyac var. Elə bir kişi obrazı ki, duyğularını ifadə edərkən femin tərəfi qabarmasın.

Bu mənada Tural Baxışın da obrazında maskulin yox, məhz femin tərəf üzə çıxır.

Çünki kişi (özü də o, əsas qəhrəmandırsa) öz kədərini, sevgi xiffətini qadın kimi ah-uf edərək, ifrat melanxoliyaya tabe etməməlidir.

Baş rol oynayan aktyorlarımızda çəkicilik, adamı cazibəyə sala biləcək güc, liderlik yoxdur. Bunlar olmayandan sonra isə ikinci plandakı aktyorların yaxşı oyunu da effekt vermir.

Yeri gəlmişkən, serialın musiqisi (bəstəkar Azər Əsgərov) Türkiyənin “Öyle bir keçer zaman ki” serialının musiqisinin eynidir.

# 4917 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #