Xoşbəxt Facebook şairləri

Xoşbəxt Facebook şairləri
25 aprel 2014
# 15:53

Cavid Zeynallı yazır...

Facebook çap oluna bilməyən şairləri xoşbəxt elədi. Bu xoşbəxtliyin əvəzini o şair əmilər, şairə xalalar ömürlərinin axırına qədər ödəyə bilməyəcəklər.

Vaxtilə jurnal-qəzet redaksiyalarının qapısını kəsdirib redaktorları çap olunmaq azarı ilə bezdirən bu adamlar, qoltuqlarındakı dəftərdən bircə bənd şeir oxumaq üçün əldən-ayaqdan gedər, adam tapmayanda deyinərdilər ki, bizi saymırlar, ögey münasibət göstərirlər. Sosial şəbəkə ortalığa çıxandan sonra bu adamların çiçəyi çırtladı, dövranı gəldi. Başı çıxan birisinə üz vurub səhifə yaratdılar, istifadə qaydasını öyrənən, əli klaviaturaya yatan kimi başladılar bizi zülmə salmağa.

Səhər işə gəlirsən və parolu yazıb ENTER-i sıxan kimi ədəbi taleyi, bədii-publisistik bəxti gətirməyən adamların paylaşdıqları dərnək şeirlərinin əlindən tərpənə bilmirsən. Tərpənmək nədir, adamı rəsmən iyrəndiriblər. Qrafomanlığın təntənəsini yaşayan bu şeir xəstələrinin axşam könül xoşluğu ilə yastığa baş atmaları üçün on-on beş özləri kiminin “like”ları bəsdir. Demə, həyatda bu qədər asanlıqla sevinmək, fərəhlənmək olarmış!

Bu “bəxtəvər” şairlərin bir-ikisini tanıyıram. Toyda-yasda, çayxanada-meyxanada oturub-durub Facebookdakı qəhrəmanlığından danışırlar. Məsələn, biri sevinir ki, şeirimi filan qədər adam bəyəndi, o biri kədərlənir ki, məni başa düşən yoxdur, ona görə bəyəndilər-bəyənmədilər, heç vecimə deyil. Belə yazmağıma baxmayın, xeyirxahlıq damarım tutanda ədəbiyyatdan başqa pənah yeri olmayan bu adamlara ürəyim yanır, lap elə kədərlənirəm.

Təkcə şeir olsa nə dərd, bu adamlar az qala yun əyirəndə, nehrə çalxalayanda, təndirə çörək yapanda, nəvəsinin pampersini dəyişəndə də şəkillərini paylaşırlar. Özü də, sizə bir sirr açım: facebookda mənim kimi albom yarada bilmirlər deyə, şəkilləri nəfəs almadan tək-tək yükləyirlər.

Dərd orasındadır ki, ciddi hesab etdiyimiz yazıçılar da son vaxtlar belə axmaq işlərə qurşanıblar.

O gün bir şairlə avtobusda rastlaşdım. Xoş-beşdən sonra nə desə yaxşıdır: mənim şeirlərimi hərdən layk elə. Bu da əlavəsi: evdə uşaqlar, qohumlar baxırlar, qoy görsünlər ki, başımın dəstəsi var. Acizanə xahişi elə təmiz, ürəkdən elədi, qəlbini qırmadım, dedim məni qıyıq gözlərim üstə! Avtobusdan düşəndə yolpulumu da verdi. Düşəndə yenə xatırlatdı: dediyim yadından çıxmasın.

Bu lap dəhşətlidir: bir xanım şairə gəldi ki, sən Cavidsən? Dedim, bəli.

- Zeynallı da, hə?

- Həə.

- Xoşqədəm Hidayətqızının adından profili sən açmısan?

- Nə Xoşqədəm?

- Bir nəfər Xoşqədəmin adından profil açıb, boşanmış qadınlarla tanış olur. Üstünə vururam, sənin profilin açılır.

Nə zibilə düşdük!

- Hə-ə - deyirəm, - o gün elə bir söhbət vardı, kimsə Cavid adında adamdır, telefon nömrəsini də yazmışdı, zəng vurun, görün kimdir də.

- Yox, bəs niyə üstünə vuranda sənin səhifən açılır?

- Vallah, nə bilim, mənlik deyil.

- Qəribə adamlar var ee, boşanmış olanda nolar ki...

İlahi, şair əmilərin, şairə bibilərin “like”nı bol elə! Onlar nə etdiklərini bilmirlər!

# 2613 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #