“Bayquşlu mesaj”ın cəzası

“Bayquşlu mesaj”ın cəzası
21 dekabr 2012
# 10:59

Seyfəddin HÜSEYNLİ

Füzuli ilə Qanunidən söz düşəndə, adətən, elə danışılır ki, guya münasibətlərin bu tərəfində ahıl bir Şair varmış, o tərəfində isə dəliqanlı bir Sultan. Guya Füzuli, misal üçün, Nizaminin Kərpickəsənidir, Qanuni də o qocaya “dil uzadan” Gənc...

Halbuki əksər mənbədə Füzulinin Sultan Süleymanla hardasa yaşıd olduğu, hətta hər ikisinin eyni ildə (hicri 900, miladi 1494-95) doğulduğu göstərilir. Özü də Qanuni bu dünyada Füzulidən 10 il artıq ömür sürüb. Hələ üstəlik, şəkillərində də nurani-pirani, yaşlı-başlı kişi kimi təsvir olunur, rəsmlərdəki Füzulidən heç də cavan görünmür. Deməli, əslində, Qoca sözü, Qocalıq söhbəti Sultanın adına, şəxsinə daha münasib səslənir. Di gəl ki, nə bəladırsa, Qoca «təyinatı» Şairin adının üstündən götürülmür…

Öyüncdürmü, gülüncdürmü, hər nəsə, tarixin bir qəribə cilvəsi də budur: «Köhnə Dünya»da Sultan Süleymanla Şair Füzuli doğulanda Kolumb İspaniya ilə «Yeni dünya»nın arasını su yoluna (!) döndərmişdi…

* * *

Hökmdarı bayquşla qiyaslamağın cəzası təcili, təxirəsalınmaz edamdan, suçlunun “kəlləsinin alınmasından” başqa nə olmalıydı?! Günahkar sayılan kəs Uca Sülalə mənsubu, Övladi-Ali-Osman deyildi ki, haqqında uzun-uzadı düşünülə, axırda da əlac qala - “nəcib, müqəddəs qanının axıdılmaması naminə” - onu cəlladlar əlində boğdurmağa. Bu, eləcə bir Allahın Şairiydi, odur ki, ən rahatı boynunu vurdurub, «kəlləsini uçurtmaq»dı...

Həm də bu “sataşma” birinci də deyildi, üçüncü də, beşinci də. Sultanın adına eyni şəxsin qələmindən çox sərzəniş, çox tənə-töhmət süzülmüşdü! “Padişahi-mülk...” deyə bir qitə yazmışdı ki, orda 3 qitəyə hökmü işləyən Padşahın fəthləri, şan-şöhrəti heçə sayılırdı. Qitələri bir yana, qəzəllərində də altdan-altdan hökmdarı “nişan alırdı”. Öz yazdıqları yetmirmiş kimi, Heyrəti təxəllüslü bir həmkarıyla da uzaqdan-uzağa «səsləşməsi» heç dözüləsi deyildi.

Həmin o Heyrəti kimi tanınan şair, nə vaxtsa, tərs şillə təki açılan bir beyt yazmışdı, özcə yerlisi olan şair Xəyali zalım da, nə xəyal eləmişdisə, məlum beyti Sultanın vəziri İbrahim Paşanın hüzurunda dilə gətirmişdi. Heyrətinin:

Nə Süleymana əsiriz, nə Səlimin quluyuz,

Kimsə bilməz bizi, bir Şahi-Kərimin quluyuz –

düşüncəsində olduğunu eşidən İbrahim Paşa hirsindən qızarıb-bozarmışdı. Xüsusən ikinci misradakı “Şahi-Kərim“ ifadəsi onu heç açmadığından, müəllifi - “şairi-hədyangu”nu dəli adlandırmış, Sarayi-Humayundan bacardıqca uzaq tutulmasına qərar vermişdi.

Deməli, Heyrətiylə təxminən eyni “bayatı”nı çağırması bir yana, başqa əməllərindən də qalmayan, elə özününcə “Ehtiyat eylə, günah üzrə günah etmə dəxi...” xəbərdarlığına da, “şair sözü”dür deyə, qəti bənd olmayan bəlalının - kərbəlalı Şairin edamı vacib, qaçılmaz görünürdü.

* * *

Ancaq böyük ehtimalların qarşısını çox vaxt “xırda” şərtlər kəsir. Həmin “xırdalıqlar” üzündəndi ki, hər nə qədər qeyzlənmiş olsa da, o edam əmrini verməmişdi, verə bilməmişdi Sultan Süleyman. Çünki Peyğəmbər övladının türbəsinə, hər gün ən azı iki dəfə, əyilə-əyilə girib-çıxan, İmam Hüseyn məqbərəsinə çıraqdarlıq edən, həm dövrünün Sultanına, həm də bütün zamanların hakimi-mütləqlərinə öz məşhur beyti ilə sataşıb tənə vuran o Allah Bəndəsi, adi bəndələrdən olmadığı kimi, elə-belə şairlərdən də deyildi.

Səlim oğlu Süleyman şairliyə həvəsli Sultan idisə, Süleyman oğlu Məhəmməd də, rəsmən olmasa da, əslində Sultanüş-Şüəra sayılırdı. Təxəllüs seçdiyi “Füzuli” kəlməsi - dolayı mənada - “Zəhlətökən” kimi anlaşılsa da, onun təbinin qüdrətini, şeirinin dadını, kəlamının hökmünün haracan işlədiyini Qanuni - Muhibbi çoxlarından əla bilirdi. Şeirdən savayı, zərgərliyə də gen-bol vaxt ayıran, xəzinəsindəki nadir ləl-cəvahiratdan cürbəcür işləmələr, zinətlər hazırlayan Möhtəşəm Sultan zər qədrini bilmək qədər, qızıl dəyərində kəlamları seçib-qiymətləndirməkdə də mahirdi.

Bir vacib həqiqəti də elə həmin “sataşqan” Şairin bu misraları sayəsində özü üçün əsaslı şəkildə dəqiqləşdirmiş ola bilərdi:

Məzaqi-şer həm bir özgə aləmdir, həqiqətdə

İki aləm müsəxxər eyləmək qayətdə müşkildir.

Odur ki, əcdadlarından özünə miras qalan ali ünvan haqqında cüğd – bayquş kimi uğursuz bir istiarə işlədilməsindən nə qədər tutulub-alınmış da olsa, qeyzini, hayqırtısını içində boğmalıydı Sultan.

Yəni o labüd edam əmrinin Boğazdakı Şəhərdən dünyaya hökm edən Sultanın boğazından çölə yol tapmamasında Qanuninin adilliyi qədər, Muhibbinin şairliyi də rol oynamışdı.

Bundan başqa, atası Sultan Səlim Xanın Suriya-Misir səfərləri nəticəsində İslam Xəlifəliyi Osmanlı Xanədanına keçdiyinə görə Əmirəlmöminin titulu da daşıyan Sultan Süleyman “Ruziyeyənik Ali-Rəsulun qapısında” təsəllisini özü üçün qürur qaynağına çevirmiş bir iman sahibinə, Əhli-Beyt xidmətçisinə qıymamalıydı, yəqin ki.

Səfəvilərlə qanlı ixtilaf, səltənətin Şərq vilayətlərində narahatlıqlar davam etdiyindən, Sultan özünün şiə təbəələrilə mümkün qədər ölçülü, həssas davranmağa məcburdu. Şiələrin könlünü alıb sədaqətlərinə əmin olmaqdan ötrü çox çalışır, düşünülmüş addımlar atır, bu yolda ətək-ətək altunlar, xurcun-xurcun ağçalar xərcləyirdi.

Bir sözlə, “bayquş” atmacasıyla “Zəhlətökən”liyini – “füzulluğunu” bəlkə neçənci dəfə “təsdiqləyən” o Kərbəla bəlalısı Şairə dəyib-dolaşmağı Sultan hər cəhətdən ziyanlı, xatalı iş sayırdı. Ancaq yenə də nəsə bir cəza üsulu tapılmalı, hər halda, hökmdar öz hökmünü, iradəsini yeritməliydi. Haqqı da vardı: həm bu qənaətə gəlməkdə, həm də Füzulinin boynunda! Ancaq Sultanın (günümüzə gəlib yetişən təsvirlərə əsasən) “uzun, əzələli, yaraşıqlı boynu” da Füzulinin haqq-sayından xali deyildi. Bu o Şairdi ki, Qanuninin şəninə ayrı-ayrı vaxtlarda çoxlu-çoxlu gözəl sözlər, məsələn, belə-belə beytlər söyləmişdi:

Yer işi, gök cünbüşü rəyinlə bir dəm olmasa,

Yeddi iqlimü doquz gərduni-gərdan olmasın.

Qılmasa aləm muradınca mədar, olsun xərab,

Olmasa dövran sənin rəyincə, dövran olmasın.

Tabe olsun cümleyi-aləm sənin fərmanına,

Cümleyi-aləmdə səndən qeyri sultan olmasın.

Ləhzə-ləhzə gülşəni-mədhində guya olmasa,

Bülbüli-nitqi Füzulinin xoşəlhan olmasın.

Cəza görəcəyi təqdirdə, fürsəti olan kimi, şair də incikliyini hansısa tərzdə göstərəcəkdi.

* * *

Şahzadə Süleymanın təvəllüd tapdığı il müsəlman (hicri) təqvimiylə 10-cu əsrin başlanğıcıydı, Qanuni kimi də Osmanlının 10-cu sultanı oldu. Onun dünyaya gəlişi, taxt-tacın varisi olması - Quran ayələrinə istinadla - mübarək bilinmiş, xeyirə-uğura yozulmuşdu. Qurani-Kərimin Sad surəsinin 35-cidən 39-cuya qədər olan ayələri bu barədə ən mötəbər istinad mənbəyi kimi götürülmüşdü:

Sad surəsinin 35-ci ayəsində (məalən) buyurulur:

«(Süleyman dua edib) dedi: «Ey Rəbbim! Məni bağışla və mənə elə bir mülk (səltənət) ver ki, məndən sonra (ona) heç kəs nail ola bilməsin. Həqiqətən, Sən böyük ehsan (kərəm) sahibisən. (Allah Süleymanın duasını qəbul buyurdu. Ona həm peyğəmbərlik, həm də padşahlıq əta etdi)».

39-cu ayə isə belədir:

«(Və ona belə buyurduq): «Bu Bizim ehsanımızdır, (ondan kimə istəsən) ver, yaxud vermə! O, saysız-hesabsızdır (səndən bu nemətlər barədə haqq-hesab tələb olunmayacaqdır).

Quranın ən-Nəml (Qarışqa) surəsinin bir neçə ayəsi, xüsusən, Süleyman peyğəmbərin Səba hökmdarı Bəlqisə məktubuyla əlaqədar ayələr də şahzadə Süleyman üçün parlaq taleyin müjdəsi bilindi.

16-cı ayənin məalı:

«Süleyman Davuda (peyğəmbərlikdə, elmdə və mülkdə) varis oldu və dedi: «Ey insanlar! Bizə quş dili öyrədildi və (peyğəmbərlərə, padşahlara nəsib olan) hər şeydən verildi. Bu, həqiqətən açıq-aşkar bir lütfdür!»

Bu isə 31-ci ayədəndir, məktubun məzmunudur:

«Mənə qarşı təkəbbür göstərməyin və yanıma müti (müsəlman) olaraq gəlin!»

* * *

Sultan-üs-Səlatin Süleyman Sultan-üş-Şüəra Füzuliyə qarşı laqeydlik tənbehinə, biganəlik cəzasına əl atdı, onu görməzliyə vurmaq, yox saymaq işgəncəsini seçdi. Yan-yörəsindən irağa durmayan, ətəyini əldən qoymayan şairlərə, şairkimilərə səxavət göstərib bol-bol bəxşişlər ərməğan etdiyi halda, İraqdakı Füzulini gözündən də, könlündən də iraqda saxladı. Özü də bu biganəlik, saymazlıq bir il yox, iki il də yox, illərlə beləcə davam elədi.

* * *

«Zillüllah» - «Allahın kölgəsi» adlandırdığı Sultana çar-naçar yazıb göndərdiyi, cavabını böyük həsrətlə gözlədiyi məktub Füzulinin özünü də, Qanunini də, o boyda Osmanlı səltənətini də həmişəlik əngələ saldı. Sultandan gələn sərəncam – məlum 9 ağça barədə bərati-hümayun əlində ola-ola, üzləşdiyi saymazyana, təhqiramiz münasibət Füzulini (o vaxta qədər pis-yaxşı xətir-hörmət saxladığı) hakimiyyətlə münasibətlərinə “əsaslı şəkildə yenidən baxmağa” vadar elədi.

Bürokratiyanın əbədi xisləti nəzərə alınanda, padşahla münasibəti elə də isti olmayan, neçə vaxtdan sonra özünə aid vur-tut bir sərəncam ala bilən Şairin aşağı ünvanlarda, məsələn, elə təqaüdünü – padşah qərarıyla təsis edilən 9 ağçasını götürməyə getdiyi Ovqaf qapısında nə sifətlərlə qarşılaşacağını təsəvvürə gətirmək çətin olmasın gərək.

Elə qaynaqlar var ki, Füzuliyə ayda yox - gündə 9 ağça təqaüd təyin edildiyi, “Sultan Süleyman gibi comert hükümdara da ancak bu yakışdığı” qeyd olunur.

Heç inandırıcı gəlmir. Amma əgər beləydisə də, lap pis: bəlalı Şair Ovqaf idarəsindəki məzmunsuz sifətləri gündə-günaşırı görməliymiş, deməli!

* * *

Sultan-şairlə Şairlər Sultanının arasından uzun müddət soyuq-soyuq rüzgarlar əsəndən sonra, dostcanlı Muhibbinin laqeydliyinə, Qanuninin qanunları bir çürük qoza da hesab eləməyən “bədəməl” məmurlarının özbaşınalığına dərvişxislət Füzuli günlərin bibrində “Şikayətnamə” ilə cavab verdi: Cahan Səltənətinin etibarı, Qanuninin Möhtəşəmliyi 9 ağçalıq oldu.

Dünyanın gəliş-gedişini yerbəyer anlayan Şair yenə də tədbir, ehtiyat yolunu tutmuşdu: təqsiri guya «aşağılar»da görmüş, bir də «nəhs, qara bəxtinin» ayağına yazmışdı: Möhtəşəmi aydan arı-sudan duru çıxarmağa çalışmışdı.

Ancaq, güman ki, o küskün, məyus, narazı günlərində yenə də Quranın ən-Nəml surəsini - bu dəfə başqa ayələri - zikr etmişdi:

18-ci ayə (məzmunu): «…Onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa dedi: «Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu… sizi basıb əzməsinlər!»

20-ci ayə: «Sonra (Süleyman) quşları yoxlayıb dedi: «(Torpaq altında suyun harada olduğunu bilən) Hüdhüdü (Şanapipiyi) niyə görmürəm? Yoxsa o burada yoxdur?”

21-ci ayə: «And olsun ki, ona şiddətli bir əzab verər, ya da tutub kəsərəm (boğazını üzərəm)…»

* * *

46 il padşahlıq elə, çalış-vuruş, yüyür-buyur, ölkələr al, möhtəşəm-möhtəşəm tikililər yapdır, tarix poz, tarix yarat, axırı da bu: Yüzillər sonra “Möhtəşəm Qanuni Sultan Süleyman” deyiləndə yer-yerdən “Möhtəşəmliyi də batsın, Qanuniliyi də! Onun dövründə min cür eybəcərlik, min növ ədalətsizlik varmış” kimi ittihamlar üç-üç, beş-beş yağdırılsın adının üstünə...

Nədən ki, vaxtilə qafil davranmısan, laqeydlik yolunu tutmusan, buna görə də səltənətin uzaq bir küncündə “Zəhlətökən” Şairin “əlini boş görüb”, salamını almayıblar, “sualına cavabdan özgə nəsnə verməyiblər”.

Nəticədə Füzuli heç nə itirmədi. Həm itirəcək nəyi vardı, həm də “canü cahan”dan əl götürmüş Şair üçün “9 ağça söhbəti”, görünür, eləcə bir bəhanəymiş “Şikayətnamə” bağlamaq üçün.

Zəmanə içrə mücərrəbdir intiqami-zaman,

Həmişə yaxşıya yaxşı verər, yamana yaman!

Şairə bu “bəhanəni verməyə” dəyərdimi? “Vəllahü ələm bis-səvab” – “Doğrusunu Allah daha yaxşı bilər”.

Amma bəndə də “faili-muxtar”dırsa, onun özünün də bir bildiyi, nəzərə aldığı nələrsə olmalıdır, əlbət! Bu dünya Süleyman mülküdür: kimə qalıb ki?!

Ey olub sultan, deyən “dünyada məndən qeyri yox”,

Sən səni bir cüğd bil, dünyanı bir viranə tut!

# 3852 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #