Rza Rzayevin səhvi

Rza Rzayevin səhvi
8 fevral 2018
# 10:19

Mirmehdi Ağaoğlu

Azərbaycan təhsil sistemindəki qüsurlar hamıya bəlii. Təəssüf ki, bu barədə nə qədər yazılsa da nəticə yoxdur, əksinə günü-gündən qüsurların, nöqsanların sayı artır.

Gündə bir islahat, gündə bir “kurikulum” (bilmirəm, adını düzgün yaza bildim, ya yox) çıxarırlar, çaşbaş qalmışıq. İslahat-islahata qarışıb. Təhsildə gedən islahatlardan baş aça bilməsək də körpə uşaqlarımızın öküz ağırlığında çantalarını görəndə istər-istəməz bu islahatların ancaq fitnə-fəsad törədəcəyini düşünməyə məcburuq.

Yalan deyirəmmi?

Axı nəticə də yoxdur!

Ali məktəblərə keçid balları il-ildən azalır, orta məktəb məzunlarının bilikləri mexanikləşir, testdən kənar heç nə bilmirlər. On-on birinci sinif şagirdləri məktəb yerinə repetitor yanına hazırlığa gedib universitetə girirlər. Dünyanın heç bir normal ölkəsində belə nümunə yoxdur. Azərbaycan təhsilinə bundan böyük karikatura ola bilməz.

Bunlar azmış kimi tez-tez məktəblər barədə neqativ xəbərlər eşidirik; hansısa müəllimlə şagirdi arasında eşq yaşanır, şagird hamilə qalır, hansısa direktor müəlliməyə əxlaqsız təklifdə bulunur, başqa bir direktorun müəllimələrdən pul yığması ilə bağlı səs yazısı yayılır, sonradan müəllimlə direktor qarşılıqlı olaraq bir-birini əxlaqsızlıqda günahlandırır.

Təhsillə, məktəb direktorları ilə bağlı hadisələr çox baş verir. Bu hadisələrin əksəriyyətinə ictimaiyyət arasında münasibət belə olur ki, çox vaxt direktor və ya məktəb tərəf birmənalı şəkildə qınanır. Mən heç “Direktor yaxşı edib, haqqıdır” deyən görmədim.

Ancaq qəribədir ki, aktyor, rejissor Rza Rzayevlə məktəb direktoru arasında yaşanan insidentə münasibət bildirənlərin əksəriyyəti direktordan çox aktyoru qınayırlar. Hətta direktoru təmkininə görə öyənlər, ifrat səbrinə görə məzəmmət edənlər Rza Rzayevi alqışlayanlardan daha çoxdur.

Rza Rzayevin kobud davranışı, direktor otağına aktyor-rejissordan, mədəniyyət xadimindən çox, “Dolu” filminin dəli-dolu qəhrəmanı Drakon kimi girib hərbə-zorba gəlməsi, üstəlik bir aktyorun, mədəniyyət adamının cəmiyyətdə formalaşan obrazına zidd leksikon nümayiş etdirməsi və “şantaj” xarakterli çıxışı onu haqlı durumdan haqsız duruma salmış olur.

Detallara girmək istəmirəm. Onsuz hadisə cəmiyyətdə geniş rezonans doğurub. Çox güman hüquq-mühafizə orqanları məsələyə obyektiv şəkildə yanaşaraq lazımı ölçü götürəcəklər. Sadəcə bəzi nüanslar diqqətimi çəkdiyi üçün burda tirajlayıram.

Rza Rzayev “razborka” ovqatlı səsi ilə tez-tez bu dövləti quranlardan olduğunu iddia edir və özünün dövlətin keşikçisi kimi təqdim edir. Videoda dilə gətirib, ya gətirməyib bilmirəm, ancaq bildiyim qədəri ilə cənab aktyor sonradan dövlətin yüksək instansiyalarına müraciət ünvanlayıb. Əcəba əhəmiyyətinə görə heç rayon icra hakimiyyəti səviyyəsində olmayan bir hadisədən ötrü Təhsil Nazirliyini, yerli idarəetmə orqanlarını, məhkəmə orqanlarını qoyub daha yüksək yerlərə müraciət etməsinin özü onun yuxarıda dediyi fikirlərə zidd deyilmi? Belə çıxır, qurduğu dövlətə özü də inanmır. Əks təqdirdə məhkəməyə müraciət edib, məsələni daha sivil, qanuni yolla həll edərdi.

Bundan başqa “bəy” xitabını eşidən aktyorun direktoru şantaja keçməsi, insidentin mahiyyətinə dəxli olmayan fikirlər səsləndirməsi də ürəkaçan deyil. Videodan görünür ki, o, bəzi məqamlarda özünün regional üstünlüyündən əlavə “kozır” kimi istifadə edir və bunun üçün “ləhcə”sini snayper kimi direktorun alnına dayayır – artıq-əskik hərəkət eləsən yerə sərəcəm!

Və nəticədə biz videoda nə görürük?

Özünün fiziki, regional və sair üstünlüklərindən istifadə edib, yeri gələndə şantajdan, söyüşdən, təhqirdən çəkinməyən bir “razborka” adamı – qoçu!

Bəs aktyor, rejissor, mədəniyyət xadimi hardadır?

Yoxdur.

Könül istərdi ki, kimsə çıxsın və desin: “Əziz tamaşaçılar sizin gördüyünüz film idi, aktyor, rejissor Rza Rzayevin növbəti filmi. Adı da...”

Adını özünüz qoyun.

# 1926 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #