Yalançılar haqqında doğrular

Yalançılar haqqında doğrular
16 dekabr 2015
# 12:09

Tez-tez yolda övladını məktəbdən gətirən valideynlərlə rastlaşıram. Demək olar ki, aralarındakı dialoqlar eyni olur. Məsləhətlər də. "Yalan danışma. Xəbərçilik pis şeydi. Adam elə eləməz"- janrında.

Hamımıza deyilib bu sözlər, hamımız da balalarımıza deyirik. Bəs onda ölkədə bu qədər yalançı, xəbərçi, satqın, canım sizə desin, anasının əmcəyini kəsən hardandı?

Müsaidənizlə, cavab verim. Uşaqlar eşitdiyini yox, gördüyünü götürürlər. "Aşıq gördüyünü çağırar", timsalında. Özünüzü yormayın, elə uşaq da gördüyünü çağırır. Biz "adam elə eləməz" lərin hamısını özümüz elədikcə, təkcə yalançı çıxmırıq, həm də balalarımızı xəyal qırıqlığına uğradırıq. Övladına "yalan danışma" deyən ana, sabah ona "atana demə" tapşırırsa, ata uşağın yanında müdirə, dosta, qonşuya yalan danışırsa, indiyə qədərki o "söz salatalarının", "kəlam dolmalarının" heç bir mənası qalmır.

Uşaq vaxtı belə oxuyardıq:

Yalançı bəndə,

Gəlmə bu kəndə,

Dərini soyarlar,

Ətini yeyərlər.

O qədər ürəkdən oxuyardıq ki, elə inanardıq ki, yalançıların həqiqətən dərisini soyacaqlar. Amma böyüdük, böyüdük və gördük ki, o kənddə də, bu dünyada da doğruçuların dərisini soyurlar.

Yalan o qədər yayılıb, o qədər özünə yer eləyib ki, hətta mənası olmadan doğrudansa, yalan deməyi üstün tuturlar. Mən hələ yolda telefonla danışan adamların onu gözləyənlərə öz yerini dəqiq dediyini eşitməmişəm. Ən azı bir "ostanovka" qabağa düşürlər, beş dəqiqə qarşı tərəfə "atırlar". Baxmayaraq ki, bunun üstü onsuz da açılacaq. Bu ölkədə insanlar yalana artıq vərdiş ediblər. Biz əməldən çox sözlərlə yaşayırıq, sözlə idarə olunur, idarə edir, sözdə sevirik. Vədlər, əhd-peymanlar, müzakirələr, andlar.

Baxça yaşlı uşaqlara guya vətənpərvərlik aşılayırlar, körpələrin beynini min cür cəfəngiyyatla doldururlar. Məktəbliləri eyni mövzulu inşalarla bezdirirlər, vətən sevgisini, xalq qəhrəmanını inşa səviyyəsinə endirib şagirdlərin gözündən salırlar.

Bununla bağlı xatirəmdə ağrılı bir epizod var ki, onu yazmaq nə qədər çətindisə, yazmamaq da bir o qədər mümkünsüzdü. Bir dəfə məktəbin həyətində iki yeniyetmənin söhbətini eşitdim. "Sizdə inşa yazacaqsınız bu gün?" "Hə". "Nədən?" "İyirmi yanvar .urbanlarından".

Hərfin unutduğumu düşünməyin, mən lap dəqiq eşitmişdim. Qurban demirdi. İlk hərfi “Ç” hərfi ilə dəyişdirmişdi. Və beş-altı il olar, hələ də unutmamışam. Bəlkə də o sözü deyən uşaq əməldə vətəni üçün canından da keçərdi. Bəlkə o uşaq üçün çətindi, şəhid ailəsini pis vəziyyətdə görəndən sonra "Heç kim unudulmur" mövzusunda bəzəkli, pafoslu bir inşa yazmaq.

Ya da elə biz millət olaraq söz oynatmağa öyrəncəliyik. Sözün əməldən fərqi isə odur ki, bir hərf bütün mahiyyəti dəyişə bilir.

# 2105 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #