Nigar Köçərli ilə mübahisəm

Nigar Köçərli ilə mübahisəm
1 iyun 2015
# 12:30

Doğrudan da hər şeyin zamana ehtiyacı var.

Təxminən il yarım öncə “Əli və Nino” mağazalar şəbəkəsinin azərbaycandilli kitabların satışına yaratdığı süni əngəllərlə bağlı Nigar Köçərli ilə aramda balaca bir söz-söhbət olmuşdu. Anındaca hiss elədim ki, adam kitaba yalnız əmtəə kimi yanaşır və əksər rusdillilər kimi Azərbaycan dilinə və müəlliflərinə dırnaqarası baxır. Mübahisənin yersiz olduğunu görüb çox da dərinə getmədim.

Bu heç.

Bu aydın.

Di gəl ki, bəzi yazar və oxucuları məsələnin qəlizliyinə inandıra bilmədim. Hətta yaxın dostlar da mənə inanmır, problemi şişirtdiyimi düşünürdülər. Danqabaş jurnalistlərdən biri isə götürüb yazmışdı ki, Şərif Ağayar Nigar Köçərli ilə rəf davası aparır.

Bəs indi nələr olur?

Deyəsən, mən deyənlər baş verir.

Artıq dava və söz-söhbət sevməyən mağıl yazarlar da dilə gəliblər.

Başqa əlac da yoxdur.

Çünki problem metastaz verməkdədir.

Kitab verirsən, satılmır, yerimiz yoxdu deyirlər.

Amma götürdükləri kitabı da mağazalarda tapmaq olmur.

Nəinki oxucu, heç müəllif özü də tapa bilmir.

Satıcıların demək olar, hamısı Azərbaycan və ədəbiyyat sözlərini yanaşı təsəvvür edə bilməyən gənc və şən kadrlardır.

Onlara görə bu dildə yazan yazıçıların topası Çingiz Abdullayevin yanından yel olub keçə bilməz.

Nə etməli?

Variantlar çoxdur.

Onlardan ən optimalı Azərbaycan yazarlarının öz gücünü göstərməsidir. Necə ki, bu gücün bir qismini saytlarda hiss etdik və qarşı tərəfin özünü itirdiyinin şahidi olduq.

Onlar fikir ayrılığını düşmənçilik kimi yaşayan, buna məhkum edilən yeni yazarların qəfil, bu şəkildə birləşəcəyini düşünmürdülər.

Çünki yeni yazarlara nə dövlətin, nə də xalqın yiyə durduğunu bilirlər. Bundan xatircəmdirlər. Ona görə düşünülər ki, onları əzmək, istismar etmək, susdurmaq, istədiyi şərtləri diktə etmək mümkündür.

Azərbaycan yazıçısı ən xırda məmurlara belə möhtac qalacaq qədər zəifdir. Onu bu duruma salıblar və salmaqda davam edirlər.

Ancaq kitabın və ədəbiyyatın bütün dövrlərə və bütün inzibati güclərə qalib gəlmə kimi ilahi bir lüksü də var. Onun həqiqətləri nazikdir, zərifdir amma əsla və əsla üzülmür.

Ədəbiyyatın üzünə “Mən səni sevmirəm” deməyə cürəti çatan adam hələ dünyaya gəlməyib.

Ancaq ədəbiyyatın mütərəqqiliyi ilə gizli savaşlar həmişə aparılıb. Pul, şöhrət və vəzifə ehtirasını özündə birləşdirən Şər çox imzalar ovlayıb, çox imzaları həqiqi-doğru sözün yanından caydırıb. Lakin ədəbiyyat burda da məğlub olmayıb. Çünki dəmir bir qayda əbədi olaraq qüvvədədir: məndən gedən mənim olmayıb heç vaxt!

Ədəbiyyat doğruları şəxsi maraqlara qurban verməmək ehtiyacından doğub. Zira bu, insanlığı şərtləndirən ən ciddi amildir.

Amma gün gəlib ki, ədəbiyyatın özünü şəxsi maraqlara qurban vermək, ondan tramplin kimi istifadə etmək kimi iyrənc biri ənənə formalaşıb.

Duruş gətirməyin yeganə yolu belə adamları tanımaq, onlara aldanmamaq, ipinin üstünə odun yığmamaqdır.

Nə yazıq ki, yüzlərlə bu cür adın sırasında Nigar Köçərli də var.

Tanımaq kifayətdir.

Başqa heç nə.

Can sağlığı.

# 1926 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #