Sevimli Mikayıl-mənim hüzur mələyim

Sevimli Mikayıl-mənim hüzur mələyim
10 fevral 2015
# 11:11

Mətləbə keçməzdən öncə bütün oxuculardan üzr istəyirəm, bu mövzuda yazdığım üçün…

Allahdan gizli deyil. Facebook dostlarımın da azdan-coxdan məlumatı var. Deyirəm, siz də agah olasınız.

Neçə müddətdir ki, üst mərtəbədəki qonşumuzun sayəsində nə zəlzələdən xəbər tuta bilirik, nə vəlvələdən. Bütün günü başımızın üstündə şıdırğı atılıb düşürlər.

Hərdən az qala, istəyirəm qalxıb deyim ki, bəlkə yoruldunuz, zəhmət olmasa, düşün aşağı, bir stəkan çayımızı için, ayaqlarınıza hayfınız gəlsin, beş-on dəqiqə oturun, özünüzə gəlin.

Yooo! Nə danışırsan, heç cür mümkün deyil!

Hay-küylərindən şikayətçi olduğumdan mənim heç salamımı almırlar, o ola ki, dəvətimi qəbul edələr!

İstirahətimiz, dincliyimiz bir yana, heç yazı yazmağa da imkan tapmıram.

Bütün günü şüşələr cingildəyir, çilçıraq silkələnib sanki divar boyu yeriyir və özümüz heç, gəlib gedəndən ayıb olur, qonaq-qaranın başı hərlənir.

Pultdakı yalnız “mute” düyməsinin yerini gözüyumulu tapsam da, vur-tut cəmi bir verilişin vaxtını əzbər bilirəm. Hətta səbirsizliklə gözləyirəm.

Hər həftənin birinci günü axşam Space kanalında bir mələk zühur edir. Mənim hüzur mələyim!

Saat 21:30-dan başlayaraq dərhal drel susur, laqonda söndürülür, mebellərin ayaq açıb gəzişməsi dayanır, tozsoranın səsi kəsilir, atılıb-düşmək yığışdırılır, qoqulu-moqulu söhbəti səngiyir və s. (Bir də nağara şapalaqlamaqları var, offf!) Əsil kübar ailələr sayağı bütün külfət bir nəfər kimi televizorun qabağına cəmləşir.

Və bizdə o saat hamı anlayır ki, hüzur mələyi artıq zühur edib, veriliş gedir.

Elə səssizliyi dadmaq istəyirik ki, bu vaxt da telefonlarımız başlayır. Dərdimizi bilən dost-tanış təbrik mesajı yollayır. Zəng vurub məzələnənlər də tapılır. Anlamaq mümkün, kənardan komik – filan görünə bilər, amma gerçəkdə, üzücü və ağlamalıdır...

İndi bu cümlələri də hüzur mələyimin efirdə olduğu vaxtdan yararlanaraq yazıram.

Belə ki, hazırda mənim iki arzumdan biri hüzur mələyimin zühur (qüsura baxmayın, verilişin adını bilmirəm) vaxtının bir neçə saat uzadılması, hətta həftə içi gündəlik verilişə keçirilməsidir. Bunu çox-çox istərdim.

İkinci arzum isə...

Əzizim Kulis.az! Sənin ilk və sadiq oxucularındanam və kollektivinin üzvü olmaqdan qürur duyuram. Amma...

Mən səni mənim hüzur mələyimi müzakirə edəsən deyə seçmədim...

Mənimlə əməkdaşlıqdan imtina edə bilərsən, haqqındır! Amma oxucu kimi etiraz etmək haqqımı tanımaq da sənin borcundur!

Bir də onu deyim. Ötən həftəni demək olar ki, əsasən mənim hüzur mələyimə (Nə istəyirsiniz axı ondan? Ona tuşlanan nəzərlərinizi mənə ünvanlanmış hesab edirəm. Bilirsiniz ki, mənim üçün ancaq onun efiri vaxtı yazmaq imkanı yaranır) həsr etdiniz. Əzizlərim, mən axı sizdən öyrənmişəm ki, ədəbiyyat iynə ilə gor qazmaqla yaranır, belə məzmunlu müzakirələrlə yox!

Adamdan zorla qəhrəman düzəltməyin, lütfən...

Dostcasına təklif edirəm, gəlin mövzunu dəyişək! Qonşuma Mikayılı, mənə isə hüzur mələyimi çox görməyin!

Həm də, ən sadiq oxucunuz kimi, sizdən həqiqi müzakirə gözləyirəm!

Çox “konuşulan” müsahibəyə gəlincə, o oxumuş adamdı, yaxşı bilər, o məşhur kəlam necə idi? Hə, yadıma düşdü:

“İnsanı məhv etmək üçün cəmiyyətin gücü yetməz. İnsanı yalnız özü məhv edə bilər”.

# 2515 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #