Saat... qadın... darıxmaq...

Saat... qadın... darıxmaq...
11 iyul 2014
# 15:57

Cəlil Cavanşir yazır

...O gecə zibillikdən tapdığım krossvordu yazmaq üçün özümlə evə apardım. Stolun üstündəki siqaret qutularının və içki şüşələrinin arasında balaca bir yer düzəldib, ciddi-cəhdlə krossvord yazmağa girişdim. Gecə saat üçdü...

***

...O gün işə getmək üçün avtobusa mindim, salam verdim. Sürücünü telefonla danışırdı, üzümə belə baxmadı. Lap öndə oturmuş qızcığaz üzümə baxıb dodaqlarını qəribə şəkildə büzdü, “salamın başına dəysin” ədasıyla saçlarını gözlərinin üstündən çəkdi.

Qırmızı şalvarlı yeniyetmə gözlərini yumub özünü yuxululuğa vurmuşdu, birdən qalxıb kiməsə yer verməli olar deyə o da gözünü açmadı. Hicaba bürünmüş yaşlı qadın naməhrəmlərin ona toxunmaması üçün şişman gövdəsini oturacağın ən uzaq küncünə sıxışdırmaqla məşğuldu.

Təqaüd kartını əlində bərk-bərk sıxmış yaşlı kişi ümumiyyətlə nə dediyimi anlamadı. Kitab oxuyan tələbə qız gözünün ucuyla məni süzüb başını yellədi. Avtobus yerindən tərpəndi. Səhər saat ondu...

***

O gün havanın isti olmasına baxmayaraq avtobusdan düşüb bir siqaret yandırdım. Məncə səkkiz saatlıq iş günlərini ləğv etməyin vaxtı çoxdan yetişib. Bütün əmək müqavilələri, sığortalar ləğv edilməlidir. İnsanların niyə rahat həyatı, evi, avtomobili və sağlamlıq sığortası olmalıdır ki? Əgər dostlar kirayə mənzillərdən tabutumuzu çıxaracaqlarsa, nə ehtiyac var uzun-uzun iş günlərinə?

Ofisə girdim, bilgisayarımı işə saldım. Saata baxmağa həvəsim olmadı...

***

O gün səhərədən-axşama kağız-kuğuzlar arasında eşələndim. Naharı çayla yola verdim, çünki ay yeni başlasa da pulum bitmişdi. Pulsuzluğa nifrət edirəm. İnsan pulsuz qaldığı üçün daha çox işləməyə məcbur olur. Hə, bir də banklardan zəhləm gedir. Paytaxtda evim və qeydiyyatım olmadığı üçün mənə kredit vermirlər.

Axşam iş masamın üzərindəki kağızları toplayıb qapıdan çıxanda dostum zəng elədi. İçməyə çağırırdı. Mən isə evə gedib yatmağı düşündüyüm üçün axmaq bir bəhanə uydurdum. “Bu gün saatım evdə qalıb, gələ bilməyəcəm”. Heç nə demədi. Sağollaşıb avtobusa minəndə saata baxdım, saat yeddiydi...

***

O gün evə çatan kimi yatmağı düşünsəm də, olmadı. Facebookda gəzişdim bir az. Tanışlara, köhnə sevgililərə yazdım: “Təkəm. Hüzünlüyəm. Darıxıram.”

Absurd cavablar aldım: “Darıxma. Keçəcək. Təklikdəndir.”

Sevişməyə cəsarət edə bilməyən qadınların şıltaqlığı tutur sosial şəbəkələrdə...

Facebookda qəribə “smaylik”lərə nifrət edirəm...

Yerimə uzanıb yorğanı başıma çəkdim. “Günlərim necə də yeknəsəkdir” deyə düşündüm. Yata bilmədim. Qalxıb işığı yandırdım. Dünən zibillikdən tapdığım krossvordun bütün boş damalarına eyni sözü yazdım –“darıxıram...”

Qəfil telefonum işıqlandı. Səssiz rejimdəki telefonlara göz atmasaq zəng gəldiyini hiss etmirik.

O idi.

Görüşmək istəyirdi. Saatımı qolumdan açıb çarpayının üstünə atdım. Bu gecə saata baxmayacaqdım...

# 3070 dəfə oxunub

Oxşar xəbərlər

Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
"Qəzada ölənlərdən biri danışdı"

"Qəzada ölənlərdən biri danışdı"

13:15 26 dekabr 2024
Geylər niyə sürətlə çoxalır?

Geylər niyə sürətlə çoxalır?

12:16 23 dekabr 2024
Seriallarımızda ağsaqqallıq eləyənlər

Seriallarımızda ağsaqqallıq eləyənlər

12:19 19 dekabr 2024
“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

15:00 16 dekabr 2024
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
# # #