Onu bu dərdə salanı gətir

Onu bu dərdə salanı gətir
18 mart 2013
# 14:23

İlk dəfə o kafeyə daxil olanda keçirdiyim hissləri yaza biləcək qədər usta deyiləm. Əslində hisslər də çoxqatlı və anlaşılmazdı.

Yox, bura Vyana filosoflarının hər cümə axşamı yığışıb dil fəlsəfəsini müzakirə etdikləri həmin o məşhur pivəxana deyil. Burdakılar nəinki fəlsəfədən, heç ədəbiyyatdan da danışmırlar.

Böyük şairin dediyi kimi: “Bir çörək puludur onun arzusu”. Kafenin adı da “Arzular”dır.

Burda fəlsəfə yoxdur. Hər şey amansız reallığın soyuq buzlarında əriyir.

“Şamaxinka”da yerləşən bu kiçik kafeyə fəhlələr yığışır. Kafenin küncünə qoyulmuş sintezatorun müşayiəti ilə musiqilər çalınır.

Kafe ərzaqlar qoyulmuş iri soyuducu ilə bir yerdə cəmi 5 stol tutur. Bir də yorğun sintezator...

Kafenin arxa hissəsini əsas hissə ilə qapı ayırır. Arxa hissə deyəsən buranın ağ adamları üçündür, orda cəmi 3 stol qoyulub.

İyirmi dörd saat çalışan bu kafe yarım zirzəmidə yerləşir. “Arzular”ın ayağı yerdədi.

Fəhlələrin hansı rayondan olduğunu öyrənmək də asandır. “Qızları çox süzərlər, Beyləqan oğlanları” mahnısı sifariş edib oynayanların adlarını bilməsək də rayonlarını asanlıqla öyrənirik.

Qismətlə pivə içə-içə bu adamlara baxırıq. Gözümüzdəki eynək bizi onların gözündə bir anlıq yadlaşdırsa da kafenin ünsiyyət atmosferində hər şey öz axarına düşür.

Bir də görürsən növbə ilə mahnı oxuyan iki fəhlə-müğənni hansının yaxşı oxuduğu barədə mübahisə edir. Bir “stand-up” kimi seyr edir kafe müştəriləri onları.

Ya da müğənni mahnı başlayan kimi mikrofonu götürüb çölə çıxır. Az sonra onu kafeyə enən pilləkənlərdə mahnının ilk sözlərini oxuya-oxuya içəri girən görürük.

Bu kafeyə 2000-ci il hələ gəlməyib. “Sabirabad” mahnısına oynayan oğlanın əynində olan “Montana” idman kostyumu şairlə məni çox uzaqlara aparır.

Ya da İbrahim Tatlısəsin “Saçlarını yol gətir” mahnısı. “Beni bu dertlere salanı gətir”...

Murat Kəkillinin “Bu akşam ölürüm”ü... Aradan çox axşamlar keçib, o mahnını o axşamda qalmış bilirdik, amma qalmayıbmış...

Adnan Şənsəsin mahnısındakı “Allahım bu dünyaya mən niyə gəldim” misrasının altında əzilirəm. Başqa zaman olsa bu misranın yanından gülüb keçərdim.

İnşaat işində çalışıb günə qəpik-quruş qazanan bu fəhlələrin bəlkə də həyatlarının ən gözəl anı burda keçir. Gündüz qazanılan pul axşamlar burda göyə uçsa da heç olmasa sement vedrəsindən başqa yaddaqalan nəsə olur.

İş onların əzələlərində son gücü də alıb aparır. Bədəni spirtdən başqa ovudan bir şey yoxdur.

Bilmirəm, onların mahnıya oynadıqları yerdə gözlərindəki kədəri təsvir edimmi, etməyimmi? Bəlkə mənə belə gəlir...

Ya da spirt kişiləri kövrək edir axı. Üstəlik də damara işləyən o ağır mahnılar...

Qismətlə məni ədəbiyyata kitabdan gəlməkdə ittiham edirlər. Biz də bunu xatırladıb zarafatlaşırıq: Həyatın içindəyik indi.

Beynimiz spirtlə dumanlanıb fəlsəfə yaradacaq səviyyəyə gəlir. Onları bu dərdə salanlar haqqında düşünürük...

Fəlsəfədə onlara lümpen proletariat deyirlər. Onlar nə lümpen sözünü bilirlər, nə də proletariat...

Mirmehdi bir dəfə toyda onun siqaretini alışdırmaq istəyən ofisiantın əlindən alışqanı alıb deyib ki, narahat olma, mən də sənin kimi proletariatam. Bu sözün mənasını bilməyən ofisiant ona daha həvəslə qulluq eləməyə başlayıb.

Amma proletariatın nə olduğunu bilsələr də, bilməsələr də onlar proletariatdır. Həmkarlarsız, təşkilatsız, tətilsiz proletariat...

Kimlər üçün isə ucuz işçi qüvvəsi. Kimlər üçün isə evin dayağı, pul gətirəni, qazananı...

Qəfildən musiqini hirsli söyüş kəsir. Amma onlar elə aqressiv deyillər, ofisiant qışqıran kimi yoldaş bir siqaret yandırıb ahıyla bərabər çəkir, sükut bərpa olur, mahnı çalınır.

Deyəsən, bu davaya səbəb bayaq söyüş söyən oğlanla bir yerdə kafeyə girən qadındır. O qadın indi başqa paltarda ofisiantlıq edir, oğlan isə qadının onların stolunda oturmasını istəyirdi.

Bu fəhlələrin isə qadınla təmasda olduqları yeganə yer deyəsən elə buradır. Bir də seks fəhlələri...

Kafedə bizi bəzən gülmək tutur, bəzən şairlə kədərlənirik asta-asta. Üstəlik axşamdır axı, kədərin şahlandığı vaxtdı...

Kafedəki musiqi səsindən danışmaq olmur. Amma biz şairlə göz-gözə danışmağı öyrənmişik.

“Sabirabad” mahnısı çalınanda beyləqanlı olduqlarını sonra öyrəndiyim oğlanların stolunda bir narahatlıq hiss edirəm. Bu narahatlığı məndən də qabaq hiss edən sarı saçlı müğənni son bənddəki “Sabirabad” sözünü “Azərbaycan”la əvəz edəndə gərginlik azalır.

Bu dəfə növbə “Beyləqan” mahnısınındır. Lənət şeytana, bizə elə gəlir, yoxsa bunların gözündəki həqiqətən kədərdir?

O iki ofisiant qadını da, o sarı saçlı müğənnini də hansı zəlzələlər bu həyat girdabına yuvarlayıb? Bu talelərin hər birində bir şeir uyumurmu?

Bəzən ağlamaq tutur məni. Yağışdan qabaq tutqun hava kimi olur içim...

İçimdə kükrəyən duyğu selində yapışmağa bir budaq axtarıram. Onların əslində xoşbəxt olduqlarına özümü inandırmaq istəyirəm.

İnanmaq istəyirəm ki, onlar ağ adamlar təki ağır günün gərginliyini burda atırlar. Əslində hər şey qaydasındadır həyatlarında...

Özümü inandırmaq istəyirəm. Amma onların yaşadığı o miskin evləri, indi əyinlərində olan o nimdaş paltarları, başdan-başa qapqara geyimləri qoymur məni xoş xəyallara dalmağa...

Onların arzuları əslində çox sadədir: Bir ev, bir iş, iki uşaq-biri oğlan, biri qız...

Mən onların arzularını sevirəm!!!

Qismətin eyni mövzuda yazısı: Kafe "Arzular"

Rəsm: Pol Qogen, “Arldakı kafe”

# 4669 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #