Mikrofonla ilk tanışlığım birinci sinifdə olub. Deyəsən yaxşı şeir dediyimə görə. Elə ona görə də məktəb boyu mikrofonla ülfətim kəsilmədi.
Universitetdə də dəfələrlə mikrofon götürüb tədbir aparmağım, şeir deməyim oldu. Cəfər Cabbarlının “Ana” şeirinə dinləyiciləri ağlatmağım da.
Amma hər dəfə mikrofonu əlimə götürəndə məni soyuq tər basıb, həyəcan bürüyüb. Qarşımda dayanan izdihama baxmaqdan, kiminləsə göz-gözə gəlməkdən çəkinmişəm. Gözümü uzaq bir nöqtəyə zilləmişəm ki, həyəcanım azalsın, əl-ayağımın titrəməsi dayansın.
50 nəfərlik auditoriya qarşısında da çıxış eləmişəm.
1500 nəfərlik mitinqdə də (Rayonda).
Amma hər dəfə bu həyəcan, insanların qarşısında dayanıb onların bir nöqtəyə zillənmiş baxışlarına tab gətirmək mənə olduqca çətin olub.
Yekəxana çıxmasın, bir-iki dəfə televizorda da çıxış etmişəm. Onda da köhnə həyəcanlarım, qorxularım uzun illərin tanışı kimi sarılıblar boyun-boğazıma.
Qısacası dostlar, buna görə də toyda, məclisdə söz demək təklif olunanda min bir bəhanə ilə aradan çıxıram. İki yüz-üç yüz nəfərin qarşısına çıxıb adicə “Xoşbəxt olun” demək belə mənə çətindir. Bunun məsuliyyətini hiss edirəm.
Heç güzgünün qabağında özümlə danışanda da rahat olmuram.
Odur ki, toyda beş-on nəfərin sıraya düzülüb rahatca söz deməyinə heyrət edirəm.
Adətən toyda dəstə ilə söz deməyə çağıranda mikrofonu əvvəlcə dəstənin ağızdan ən möhkəminə verirlər. O uzun-uzadı danışıb qurtarandan, bəyi tərif edəndən sonra qalanları belə davam edirlər: “Mən də deyilənlərə qoşuluram”.
Zalım balası, elə deyilənlərə qoşulduğun üçün bu məclisdəsən. Yoxsa burda nə itin azmışdı? Bunu demək üçün mütləq qabağa çıxıb mikrofon götürmək lazım idi?
Bir dəfə yaxın bir adamın toyunda cavan qonaqlardan biri özünü öldürüb dad elədi ki, söz demək istəyirəm.
Saat on vardı. Məclisin “doza”sı qalxmışdı. Məclisdə kişilərin bir-biri ilə “medlenni” oynadıqları hissəsinə gəlmişdik.
Nə isə, təşkil etdik, cavan qonağa söz verildi. Onun da tini düz, damağı çax idi. Qonaq mikrofonu götürüb başladı:
“Mən ömrümdə heç bir kitabın üzünü açmamışam. (Qonağın 25 yaşı olardı). Cəmi-cümlətanı bircə şeir bilirəm. Onu sizə deyəcəm”.
Şeir təqribən belə idi:
“Biz burda içirik, lül-qənbərik, amma səngərdə yatan oğlanlar var, içək onların sağlığına. Biz səhər durub işə gedirik, maşın sürürük, qız dalınca düşürük, amma postda dayanan oğlanlar var, içək onların sağlığına, botinkalı oğlanlar var, içək onların sağlığına...”
Dostumuzun sağlığını yarıda kəsib “burda nə var ki, zəif də olsa vətənpərvər şeirdi” deyən oxuculara başqa bir əhvalat danışaq.
Toyların birində taleyinə qaçqınlıq yazılmış bir qonaq ona söz veriləndə mikrofonu götürüb üzünü tamadaya tutdu:
““Laçınım” mahnısına qol qaldırıb oynamazlar. Günahdı. Bu mahnıya oturub hönkür-hönkür ağlamaq lazımdır. Bu mahnıya oynamaq ayıbdır. Şəhidlərimizin ahı bizi tutar. Siz tamadalar belə şeylərə yol verməməlisiz”.
Elə bil məclisə bomba düşdü. Hamı qonağın təsirli nitqindən kədərlənib susdu.
Bu lirik və qınaq dolu ricətdən sonra qonaq bəyi təbrik edib (sünnət toyu idi) mahnı sifariş verdi. Hə, özü də deyəsən neçə ildir qaçaq düşmüş bəyimizin dayısı idi.
Təzə qol qaldırıb oynayırdı ki, mahnı dəyişdi, “Laçınım” çalındı. Elə bil bayaqkı sözləri deyən bu deyildi. Elə süzürdü, elə süzürdü deyərdin tərlandır, Laçın dağlarında dövrə vurur. Qohum-əqrəba da yığışmışdı başına.
Mahnı bitdi. Oynayanlar oturdular.
Tamada növbəti qonağı mikrofona dəvət etməmiş qayıtdı ki:
“Bayaq “Laçınım” mahnısına oynayanları topa qoyurdun, amma özün ortadan çıxmırdın.”
Qanacaqlı dayı idi. Tamada ilə ağızlaşıb bacıoğlunun toyunda dava salmadı.
Toyun boşboğaz natiqləri
10 oktyabr 2012
09:58
3406 dəfə oxunub
Oxşar xəbərlər
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın
09:00
10 dekabr 2024
Şeiri yaradan məqamlar
12:00
24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024