Bu adamlara qız verməyin!

Bu adamlara qız verməyin!
1 avqust 2018
# 11:47

İnsan öz həyatını, bir qayda olaraq, mövcud olduğu coğrafi əraziyə və həmin məkanın iqlim şəraitinə uyğunlaşdırır. Həm də sosiallaşaraq yaşadığı cəmiyyətin molekulu kimi öz yaşamını ümuminin yaşam ritmi üzərində kökləyir. Odur ki, məişətin zirvə nöqtələri sayılan yerlərində: toy, yas, bayram, başqa mərasimlər və dini inanc məsələlərində kütləviləşərək təkrarların elementinə çevrilirlər. Beləcə də fərdlərin kütləviləşməyindən müxtəlif adət-ənənələr, mental xüsusiyyətlər, məişət özəllikləri meydana gəlir.

Məsələn, isti fəsillər başlayan kimi aran yerlərində yaşayan maldarlar mal-qaranı, mütləq, yaşıl yamaclar, sərin bulaqlar, geniş örüş arxasınca dağlıq yerlərə, yaylaqlara qaldırır, həm də qış üçün ot tədarükü görürlər.

Yaxud, qışda iqlim şəraiti sərt olan yerlərdə yaşayanlar isti dəri paltarlar geyməyə məcburdurlar.

Başqa bir misal, atın ən sürətli minik vasitəsi sayıldığı zamanlarda hər bir kişi ata süvar olmağı bacarmalı idi.

Ox və yayın ən müasir silah növü olduğu qədim zamanlarda gənclər öz aralarında oxatma yarışları düzənləyər, ən bacarıqlı nişançılar nişana qoyulmuş üzüyün içindən ox keçirdərdilər.

Yay nə qədər çətin gərilərsə ox bir o qədər uzağa uçur. Odur ki, ən sanballı kişilərin yayını, oxunu hər adam dartıb gərə bilməzmiş. Qoca Homerin Odisseyi iyirmi ildən sonra savaş və həyat sınaqlarından qayıdarkən onun doğrudan da həmin Odissey olduğunu dəqiqləşdirmək üçün heç kimin gərə bilmədiyi yay və oxunu özünə verib dartdırırlar. Aradan zaman keçməsinə və qocalmasına baxmayaraq Odissey öz yay və oxunu öpərək onu, gəncliyində olduğu kimi, rahatca dartır. Bununla da itakalılar doğma qəhrəmanın qayıtmasına əmin olurlar.

Hələ ötən əsrdə Azərbaycanda ailə başçısı rolunu oynayan kişidən, başlıca keyfiyyət kimi
fiziki güc də tələb olunurdu. Qol gücünün həlledici rol oynadığı vaxtlar evlənməyə hazırlaşan gənci müxtəlif sınaqlara çəkirdilər. Həmin imtahanlardan biri də odun yarma prosesi olmuşdu. Odun yarma sınağı vaxtı, hər iki tərəfin adamlarının gözü qarşısında, qız evinin həyətində oğlanın əlinə baltanı verib qarşısına düyünlü bir kötük atırdılar. Odunu öz səmtinə rahatlıqla doğrayıb çinləyən oğlana sevdiyi qızı problem qaynatmadan verirdilər.

Elə yaxın sovet dövründə də belə idi, əsgərliyini çəkməyən oğlana o qədər də yaxşı baxmırdılar. Heç bir valideyn öz qızını - ali məktəbi bitirənlər istisna olmaqla - orduda xidmət etməyən “neqodnıy”a ərə verməyi arzulamazdı.

Müasir dövrün ən sadə tələblərindən biri də yazıb-oxumağı bilmək, maşın sürməyi və internetlə davranmağı bacarmaqdı.

İndiki zamanda sosial şəbəkələrdən hər bir istifadəçi özünün divar qəzeti kimi istifadə edir. Məsələn, hamımız feyzbuku həm şəxsi mətbuatımız, həm də ondan gündəlik xəbər yayan şəbəkə kimi istifadə edirik. Belə ki, kiçik ovqat düşüncələrimizdən tutmuş, şəxsi aforizmlərimizə, həyatımızda baş verən hadisələrə yazılı münasibətimizə, ictimai-siyasi olaylara reaksiyamıza, fərdi yaradıcılığımıza, foto və video materiallarımıza qədər hər şey paylaşmaq imkanı qazanmışıq.

Son zamanlar feyzbukun bizlərə yaratdığı canlı yayım fürsəti isə şəxsi telekanalı əvəz etməkdədir.

Faciə burasındadır ki, yalnız elmə söykənmiş elektron əsrinin ortaya qoyduğu sosial şəbəkələrin bu imkanlarından dindarlar yenə də orta əsrlərin quldar qanunlarını yaymaqla məşğuldur. Quldar qanunlarına uyan, dini təfəkkürü şəxsi həyatına tətbiq edən kütlə isə istifadə etdiyi elektron cihazların dini təfəkkürə deyil, yalnız elmə istinad etməsi haqda düşünmək belə istəmir.

Sosial şəbəkələrdə yazarkən doğma dilimizin qanunlarına hörmətlə yanaşan, paylaşdığı yazılarda məntiqli olan, cəmiyyətimizə gərəkli mesajlar ötürən, canlı yayıma çıxarkən vacib mövzuya toxunan dostlara şəxsən mən hörmətlə yanaşıram. Yazdığı mətnləri dilimizin qrammatikasına uyğun yazanları, durğu işarələrini yerinə qoyanları ən dəyərli vətənpərvər hesab edirəm. Bilirəm ki, bu cür insanlar şəxsi davranışlarında da mədəni olurlar.

Feyzbukda cəmiyyətin hər təbəqəsindən olan adama rast gəlirik. Mənim üçün ən çox qıcıq doğuran dəstələrdən biri, universitet bitirib yazdıqlarında “da”, “də” hissəciklərini harada şəkilçi kimi sözə bitişik, harada ayrı yazmağı hələ də bacarmayanlardı.

Demək istədiyim nədir? Düşünürəm ki, “da” ilə “də”ni yerində yaza bilməyən oğlanlar bayaq dediyim odun yarma imtahanından kəsilmişlər sırasına aid edilsin və onlara qız verilməsin. Həmin qrammatik qaydaya riayət edə bilməyən qızlarla isə heç kim evlənməsin. Sonuncunu yandığımdan yazdım.

# 3705 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #