Evimizin yerindəki boşluq

Evimizin yerindəki boşluq
24 may 2016
# 11:59

Ötən həftə ailəlikcə şəhərə çıxmışdıq. Evə dönəndə dedik bir Sovetskiyə də dəyək, köhnə evimizə baxaq, görək bizim evlər yerindəmi, yoxsa söküblər, qonşulardan qalan varmı?

Mirzəağa Əliyevə dönən kimi nəhəng bir tikinti meydançasının içinə düşdük. Yox, bura bombardmandan sonrakı xarabalığa daha çox bənzəyirdi.

Sanki “Azdrama”nı keçən kimi sağda, Abbas Mirzə Şərifzadənin yaşadığı ev heç vaxt olmamışdı, sanki o binadan bir az yuxarıda, solda zirzəmi-qarajda metal qəbulu, ondan da beş addım yuxarıda qutabxana heç vaxt olmamışdı, sanki hər dalanbaşı dayanıb gələn-gedənlərə göz qoyan cahıllar, yolun qırağına kətil qoyub domino oynayan qocalar heç vaxt olmamışdı.

İndən belə olmayacaqdı da.

Buralar indi təkəmseyrək evlərin qaldığı köhnə qəbiristanlığı xatırladırdı. Elə bil tamam yad bir yerə, başqa dünyaya düşmüşdük. Sap kimi bir-birinə dolaşmış küçələrin arasından öz küçəmizi güclə seçib tapdıq. Bəs bizim dalan, evimiz hanı? Maşını saxlayıb, əlimi Ayın altında bozaran nəhəng boşluğa uzadıram: “Bu da bizim evimiz.”

“Səhv gəlmişik” – yoldaşım o dəqiqə irad tutur. Ona nə vaxtsa dalan olmuş, ot basmış cığırı göstərirəm. “Bax, bu dalandı, Rövşəngilin evlərini də söküblər, o gördüyün yerdə dükan vardı, qabağından sola dönərdik. O xəndəyin yerində də nə vaxtsa bizim evimiz qaralırdı.”

Hə, evimizi söküb yerində böyük xəndək qazıblar. Daha Sovetskidəki bu balaca, amma rahat, şəraitsiz, amma xoşbəxt evimiz olmayacaq. Amma onun yaddaşımıza qazılmış xatirəsini heç bir vaxt unutmayacağıq da.

Sanırdım, xatırlamaq, yaddaşın dərinliklərinə səyahət ancaq böyüklərə məxsusmuş, sən demə uşaqlar da keçmişin xiffətini çəkə bilirmiş. Odur ki, balaca oğlum heç cür ağlına gətirə bilmir ki, nə vaxtsa bizim evimiz olmuş bu yerdə indi böyük bir xəndək qazılıb və məhəlləmizin yeri indi çölü xatırladır. Oğlum başını avtomobilin söykənəcəyinə dayayıb ağlamağa başlayır. Doğrusu, uşağın bu hərəkəti mənə əvvəl bir az qəribə görünsə də sonra fikirləşdim; axı uşağın da köhnə, hay-hayı gedib, vay-vayı qalmış məhəllələrdə, bu dar dalanda xatirələri olub. Dostları ilə top-top oynayırdı, gizlənqaç oynayırdı, “iqra” oynayırdı... İndi həmin günlər uşaq üçün də əvəzedilməz bir xatirəyə çevrilib. Bəlkə də mənim oğlum ömrü boyu bu balaca dalanın, qayğısız xatirələri ilə yaşayacaq, hər dəfə uşaqlıq deyəndə yadına Sovetskinin bu dar dalanı düşəcək. Və bir də Ayın altında bozaran dərin xəndək, ot basmış dalan, çöl kimi nəhəng boşluq...

Bu hələ balaca bir uşağın xatirəsidir, keçmişə olan bağlılığıdır. Özü də Sovetskidə vur-tutu bir il yaşamış bir uşağın. Gör indi cəmiyyətlərin, xalqların yaddaşında bu söküntülər, bu dağıntılar hansı travmalar yaradır.

Axı Sovetskidə istifadə müddəti bitmiş, modern yaşam tərzinə cavab verməyən, bir-birinin içində, gün görməyən, yarızirzəmi, balaca, yastı evlərlə yanaşı tarixi binalar da var idi.

Bəli, Avropanın istənilən kiçik şəhərinə get, görəcəksən ki, yanından keçdiyin istənilən binanın azı 300 il tarix var. Bizdə, Bakıda isə binasalma işinin tarixi heç yüz əlli ili keçməz. Bakıda binaların tikintisi XIX əsrdə neft bumu ilə başladı, xarici investorların Bakıya axını ilə şəhər də modernləşdi, arxitekturalı binalar tikilməyə başladı. Buna görə də şəhərimizdəki binalar Avropanın başqa şəhərlərindəki binalar ilə müqayisədə çox cavandırlar.

İndi nə edək, olanımız budur.

Bu binaları qorumalıyıq, çünki bu binalar bizim kiçik tariximizin bir hissəsidir, bu şəhərin sakinlərinin yaddaşının bir parçadır. Sovetskini sökmək lazımdır, amma ordakı həmin tarix binaları saxlamaq şərti ilə.

Mədəniyyət və Turizm nazirliyi isə Sovetski ərazisindəki tarixi binaların ağına-bozuna baxmadan sökülməsinə göz yumur. “Yuğ” teatrınının bir vaxtlar yerləşdiyi tarixi hamam, Abbas Mirzə Şərifzadənin yaşadığı bina, Şollar su kəmərinin su yayma qülləsi (XIX əsr) və artıq sökülmüş onlarla tarixi bina.

Bu binaların yerinə nə tiksək də avropalıların marağına səbəb olmayacaq. Çünki bu binaların yerində tikilənlər nə qədər modern olsalar belə bizim səsimiz, bizim özümüz olmayacaqlar. Nəsə süni bir şey olacaqlar. Sənətdə, ədəbiyyatda da belədir, tanınmağın, fərqlənməyin üçün öz səsin olmalıdır, buna üslub da deyirlər. Nə qədər dəbdəbəli, nə qədər bahalı olursan ol, öz səsin olmayınca, özün olmayınca maraqlı olmayacaqsan.

Avropaya da, dünya da sən yalnız özünəməxsusluğunla, öz səsinlə maraqlı ola bilərsən.

Yalnız öz səsini saxlamaqla, öz tarixi simanı qorumaqla – o binaların yaşı lap yüz il olsa belə - sən kimisə cəlb edə bilərsən. Yoxsa o binaları söküb yerində bizə yuxarıdan laqeydcəsinə əl sallayan nəhəng göydələnlər, üzümüzə irişən “həyasız” mərmər parklar tikməklə heç bir turist cəlb edə bilməzsən.

Bunları isə gərək adında həm “mədəniyyət” və həm də “turizm” sözləri olan nazirlik düşünə.

# 1152 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #