Absurd insanlar ölkəsində

Absurd insanlar ölkəsində
16 mart 2016
# 14:42

Dünən Kulisdə maraqlı bir material verdik. Ölkədəki idarə və təşkilatların adları ədəbi adlarla bağlı olsaydı necə olardı? Təbii ki, məsələyə bir az absurd tərəfdən yanaşdıq. Məsələn; “Novruzəli sürətli poçt xidməti” və ya “Oxutmuram əl çəkin, hazırlıq kursları”.

Amma bu adlar ilk baxışdan absurd görünür. Bir az dərinə getdikdə görürsən ki, absurd deyil, daha çox həqiqəti ehtiva edir. Və faciə də burdadır. İlk baxışdan gülməli, absurd görünən bu adlar sonradan şillə kimi adamın üzünə çırpılır.

İbrahimxəlil kimyagərlər bizə “qızıl” adına tərkibi dəyişdirilmiş dərmanlar satmırlarmı, təhsil sistemi adama “Oxutmuram, əl çəkin” dedirtmirmi, efirdən ailə dəyərlərini təbliğ edənlər daha çox “Təhminə”lər deyilmi, bir çox məmurların fəaliyyəti elə “Millət necə tarac olur olsun”u yadımıza salmırmı?

Yəqin bir neçə il əvvəl alman rejissorun “Absurdistan” adlı film çəkmək üçün Azərbaycanı seçməsi də təsadüfi deyildi.

Mən sizə başqa absurd məqamları deyim. Çox da uzağa getməyək. Elə dünən Novruz şənlikləri üçün görülən hazırlıq işlərində dəvənin doğması. Dəvənin doğması dərd deyil, dərd ondadır ki, o işə məsul şəxslər dəvənin boğaz olduğunu bilə-bilə təki dəvələrin sayı düzəlsin deyə o heyvanı karvana qatıblar. Heç ağıllarına gəlməyib ki, dəvə karvan hərəkətə keçməmiş doğa bilər. Bəlkə də ağıllarına gəlib, sadəcə veclərinə olmayıb. Təki planlaşdırdıqları iş baş tutsun, boğaz dəvənin canı cəhənnəmə. Belə məmurlar gör indi sadə insanlar barədə nə cür düşünürlər, bizim haqqımda nə qədər “Canları cəhənnəmə” deyib, öz işlərini görüblər.

Sumqayıtın çıxışında guya yol genişləndirirlər. Yolun qırağına əkilmiş ağac tinglərinin üstünə Kamaz-Kamaz torpaq töküb altında basdırırlar. Bir nəfər də fikirləşmir ki, bu ağac tinglərini çıxarıb başqa yerə əksinlər. Fikirləşəndəki nə vaxtsa bu tingləri əkmək üçün də büdcədən filan qədər pul ayrılmışdı, adamın tükləri biz-biz olur.

Xocalı prospektində, abidənin yanında səki düzəltmişdilər, amma asfaltlamadıqları üçün hər dəfə yağış yağanda səki su ilə dolurdu. Piyadalar ordan keçə bilmir, məcburən maşın yoluna çıxırdılar. Amma bu işlərə məsul təşkilat düz bir il oranı asfaltlamadı. Gözlədi ki, 26 Fevral yaxınlaşsın, o ərazidə tədbir keçirilsin, o zaman asfaltlasın.

Belə... İndi özünüz deyin, bizim hazırladığımız material daha absurddur, yoxsa bu ölkə!

# 2483 dəfə oxunub

Oxşar xəbərlər

Tənqid darıxan insanın ucuz əyləncəsidir

Tənqid darıxan insanın ucuz əyləncəsidir

12:00 19 aprel 2025
Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
Allah o qədər bikar deyil

Allah o qədər bikar deyil

17:00 7 aprel 2025
Mehriban Ələkbərzadə nə edib?

Mehriban Ələkbərzadə nə edib?

15:00 7 aprel 2025
Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

12:00 7 aprel 2025
# # #