“Yuğ” teatrının fatihəsi

“Yuğ” teatrının fatihəsi
18 yanvar 2016
# 16:29

Səsində elə bir hüzn var idi ki, elə bil kiminsə ölüm xəbərini verib, məni yasa dəvət edirdi:

- Ramilə xanım, sabah tamaşamıza gəlin, bir də Allah bilir nə vaxt, harda tamaşamıza baxa biləcəksiniz, teatrımızı sökürlər

- Bəs, sizə bina vermirlər?

- Konkret bir söz deyilməyib bu barədə, amma çıxmağımız üçün bir həftə vaxt verilib.

Teatrın çox sevdiyim bir aktyorunun bu dəvətindən sonra “Yuğ” teatrının yaranmasından tutmuş bu gününə qədərki bütün tarixi gözlərim önündən gəlib keçdi.

Anşlaqla olan premyeraları, gözlənilən tamaşaları, yalnız o teatrın tamaşaçılarının işdən sonra həvəslə “Yuğ”a tərəf istiqamət götürməkləri.

Elə bil kimlərinsə müqəddəs ziyarətgahı idi, kimlərinsə bütün axtardıqlarını tapdıqları yer, bəziləri fərqlilik istəyi ilə “Yuğ”a üz tuturdu, başqa biriləri sənət görmək arzusunu orda reallaşdırırdı.

Bir sözlə, “Yuğ” ona doğru gələn hər kəsə açıq bir mədəniyyət ocağı idi. Dərvişə, divanəyə, sufiyə, klassika vurğununa, Avropa aşiqinə, hər kəsə...

Fərqli düşüncə, yeni estetika düşmənlərindən qeyri, bəzən vallah, hətta onlar özləri də “Yuğ”a üz tuturdu, qibtə edir, başa düşməsələr belə, düşünür, gedib kənarda qısqanclıqla pislədiklərini də qəlblərinin dərinliklərinə özlərinə etiraf edirdilər.

Bu gün ölkənin bütün teatrlarında ən maraqlı tamaşaların altında “Yuğ”un yetirmələrinin adı görünür. İstər rejissor kimi, istər aktyor, ən zəifi texniki işçi kimi seçilənlərdəndir. Ölkədən kənarda da “Yuğ” estetikasını yayır, ustadlarının yolunu davam etdirirlər. “Yuğ” sözü öz ətrafında bir vaxtlar Vaqif İbrahimoğlunun əlindən su içən yüzlərlə istedadlı gənci birləşdirir. Onlar elə bir məktəb keçiblər ki, gələcək üçün deyəcəkləri hələ çox söz var. Buna sadəcə imkan yaratmaq Azərbaycan mədəniyyətinin qarşısında böyük xidmət olar.

Sökülən təkcə “Yuğ” deyil. 90-cı illərdən başlayaraq hər gün sökülən əslində mədəniyyətimizdir.

Hüseynağa Atakişiyev rəhmətə gedəndən sonra Gənclər teatrı Aktyor evindən çıxarıldı, sonra da parçalanıb Gənc Tamaşaçılar Teatrının tərkibinə qatıldı. Hamıya məlumdur o teatrın kollektivi əlacsızlıqdan razılaşdı. Kamera Teatrını Cənnət Səlimovaya başqa teatrda baş rejissorluq verməklə dağıtdılar. Seçimi olmadı qadının, əlləri ilə qurduğu ocağı verməli oldu, az müddət sonra da baş rejissorluq əlindən alındı. İndi... nə isə..

Kinoteatrlar satıldı, bağlandı. Mədəniyyət obyektlərinin yerini qeyri-mədəniyyət obyektləri zəbt elədi.

Bir vaxtlar, elə bəyənmədiyimiz Sovet dönəmində hətta rayon milis bölmələrinin mədəniyyət kollektivləri vardı. Kimliyindən asılı olmayaraq hər kəs mədəniyyətdən hali olmalı idi; teatr nədir, kino nəmənədir bilməli idilər. İnsanları belə tərbiyə edərdilər, mədəniyyətli.

Mədəniyyət obyektlərinin sökülməsi dolayısı ilə deyil, birbaşa insanların içindəki mədəniyyəti darmadağın etməkdir.

Dərd orasındadır ki, mədəniyyət adamları özləri bəzən bu dağıdılmanın iştirakçısına çevrilirlər. Milli Teatrda baş verənlər son illər orda çalışan aktyorların “Yuğ”a nifrəti ilə, oranın aktyorlarının yollarını qılınclamaları ilə müşayiət olunurdu. Daha anlamırdılar ki, əslində özləri özlərinə düşmənçilik edirlər. İndi sevinirlər, yenə anlamırlar olanları.

Kimsə mənə boş vəd verməsin ki, “Yuğ”u Gənclər Teatrının taleyi gözləmir, onlara yeni, işıqlı bina veriləcək. Xeyir, təcrübəmiz də var, “Gözü çıxan qardaşımız” da. “Yuğ”un fatihəsi verildi. Rəhmətlik Vaqif İbrahimoğlunun ruhu qan ağlayır indi. Dişi-dırnağı ilə qurub – yaradıb getmişdi, davam etdirmədik, yaşatmadıq, çünki biz dağıtmağı daha yaxşı bacarırıq.

Rəhmətlik bir dəfə mənə danışdı ki, teatrın qarşısındakı zibil qutularını götürtmək üçün necə çalışır, amma nail ola bilmir. Sonra da əlavə elədi ki, eybi yox, zaman gələcək o zibil qutularının yerində, bu teatrın qarşısında mənim heykəlimi qoyduracaq yetirmələrim, onda ruhum rahatlıq tapar...

Allah Bəxtiyar Xanızadəyə ömür versin. Pantomim Teatrı heç olmasa hələ ki, “Şəfəq” kinoteatrının dar bir küncündə canı ilə çalışır.

Mədəniyyətimizi isə sökə-sökə gəlirlər...

Mənəviyyatın qətlinə görə heç bir cəza yoxdur, vicdan əzabından qeyri.

# 1573 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #