Şaxta Babanın monoloqu

Şaxta Babanın monoloqu
30 dekabr 2014
# 11:44

Yeni ili köhnəldənlərə həsr olunur...

“Səhərdən papirosdan ötrü göynəyirəm, çəkmirəm ki, uşaqlar Şaxta babanın siqaret çəkməsini görməsinlər. Amma bunlar adamın belinə minir...

Bax, uşaqlar, kim Şaxta babanı incitsə, bu ağacımla onu buza döndərəcəm. Bax-bax, kimə deyirsən ee…”

- Ay xanım bu uşaq inanmır Şaxta Babaya, onu niyə gətirirsiz şənliyə? Yekə oğlandı uje...

“Uşaqları bir yana, valideynləri dəhşətdilər. Yenə mən heç olmasa Şaxta Babayam, Santa Klausla lap pis rəftar edirlər. O gün küçədə Santa Klaus dayanıb yolkanın yanında. Yekə bir kişi gəlib, Santanın papağının qotazına çırtma vurub. Dönüb birin qoyasan alnının ortasına. Bunların dədəsi-nənəsi Şaxta Baba görmüşdü? Heç dindirsən, bir dənə nağıl eşitməyiblər, kitab oxumaqları cəhənnəmə...

Bəs o gün… dinozavra oxşayan bir valideyn bağçada mənə ayrı bir hədiyə ötürür ki, bunu ver o uşağa. O biri uşaqların qabağında fərqli bir bağlamanı, kukla-robotu necə verim axı ona? Dedim, xanım saxlayın, o yanda verərəm, çəmkir üstümə ki, sənə nə var, pulunu mən vermişəm. Alıb atdım qırağa. Uşaqlar da bir az qorxdular. Bu uşaqların az-maz inandığı bir təmiz şey olmalıdı da… Yoxsa desinlər ki, Şaxta baba filankəsə robot verir, mənə adi hədiyyə. Bu xarabada bir yerdə ədalətə oxşayan bir səhnəcik də qura bilmirik eee...»

- Hə? Çıxıram. Ortanı boşaltsınlar…

- Salam, mənim əziz nəvələrim, nəticələrim!

«Musiqini yenə gecikdirir ey, bu gədə…»

- Qarlı dağlar aşaraq, çox ellər dolaşaraq, dağlarda qurdum dəyə, gəldim sizi görməyə… Necəsiniz?

“Gələn ildən bağçalara getməyəcəm. Çox yoruram özümü. Yaş da o yaş deyil heç. Hamı yalan-gerçək sevinir yeni il deyəndə, mənim burnuma tər, nimdaş paltar iyi gəlir, gözümün qabağına dalındakı torbadan ikiqat olmuş Şaxta baba gəlir. Ürəyim bulanır Allah haqqı. İyrənirəm bu geyimdən-qrimdən. Ödüm ağzıma gəlir”

- Uşaqlar, bu nədi yolkamızın işıqları yanmır? Mən sehrli ağacımı vurum, bir-iki üç deyəndə yanacaq. Hazırsınız? Bir-iki-üç! Yolka, yolka, ey mehriban yolka, əziz yolka can yolka… hə hamı birlikdə!

“Yeni ildə hamı sevinməyə çalışır, mən elə yoruluram ki... Oynamaqdan çox adamlardan yoruluram ee. Hamısı həşərat kimi, qaynaşır, öz uşağını qabağa dürtür, verdikləri pulun on qatını çıxaracaqlar elə bil uşaqlarını belimə qoymaqla…

Belə danışıram, allah ruzimi kəsəcək ey… Bütün problemləri ilin axırına, təzə ilin əvvəlinə yükləyirəm.

Ha-ha-ha… Bu bığ-saqqalı yapışdırmağıma baxma, mən elə doğruçu şaxta babayam. Evin vacib problemlərini Şaxta Baba olanda həll etməliyəm. Amma bir iş var ki, mən yalnız ailəm üçün doğruçu Şaxta Baba oluram. Həm də yeni ildə. Qalan on iki ay Saxta Babayam. 150 manat maaşla möcüzə yaratmaq olar? Mən hələ yuxarı kateqoriya aktyorun aldığı maaşı alıram. Doxsan manat alanlar var. Ode, aparıcı səhnə ustasıdı Əlövsət müəllim, gecə qarovulçusu düzəldi. Bir elə işə məni də götürsəydilər, uşağın hazırlıq pulunu ödəyərdim. Bilmirəm daha məktəb nəyə lazımdı? Elə hərəyə bir müəllim tutaq da, necə ki tuturuq...

Bu qarovulçu məsələsi yaxşı olardı. Amma qarovulçuluğa da adamın da gərək bir bazburutu ola da balam… Mən indiki halımda nəyi mühafizə edə bilərəm ki ee... Hay-hayım gedib, uşaqlar demişkən vay-fayım qalıb. Şükür ki, hələ Şaxta baba ola bilirəm. o da arvadın sayəsində. O qədər altdan köhnə-külə paltar geyindirir ki, belə əzəmətli görünüm. Həm də bu işi də tutmaq lazımdır».

- Hə, gözəl balalarım, siz nə gözəl rəqs etdiniz! Babanızla şəkil çəkdirin, sonra «Qırmızı papağ»ın nağılına baxaq, birlikdə onu qurdun əlindən xilas edək!

- Yox-yox, tamaşa ayrıdı xanım. Hə, şəkil çəkdirməyin də qiyməti ayrıdı. O oğlanla danışın. Hə, bacı...

«Əvvəl şəkli çəkdirməyə ayrı pul almırdım, baxdım ki, ay dədəm vay, bağça müdiri ayrı pul alır bunun üçün, amma mən köynəyimi üç dəfə dəyişirəm bir seansda, tərdən. Elə bilirlər asandı…»

- Hə, Gözəl nəvəm, deməli mənə məktub yazmısan? Nə gözəl, nə gözəl!

«Ay cavanlıq! Pərəstişkarlarım var idi. Çox da olmasalar, məni unutmurdular, tamaşalarıma gəlirdilər, məktub yazırdılar! Görəsən hardayam, neynirəm, xəbərləri var?»

- Görüm, nəvəm mənə nə yazıb?

- Şaxta baba, mənim adım Nicatdır. Ay, nə Gözəl, Nicat bala! Qoy mən bunu o tərəfdə oxuyum! Ay xanım, bu uşaq bura nə yazıb kitab adıdı, oyuncaq adıdı nədi, bunu alın ona. Yox, oxuyun, məktub məndə qalsın

- Hə, şirin nəvəm, qulağıma de görüm nə istəyirsən?

“He-he-he, mən də deyirəm nə istəyəcək- ayaqyoluna istəyir. Uşaqlar mənimlə məzələnir deyəsən...”

- Sən, gözəl nəvəm, brek dans oynamaq istəyirsən? Yox, baban çox qocadı, səninlə oynaya bilməz. Sən oyna, mən alqışlayım!

“Əslində gərək öyrənim, rəqabət lazımdı. Amma bizdə rəqabət var? Dəllallar monopoliya yaradır də, yeni ildə!”

- Ay nə gözəl, nə talantlı balanız var!

«Elə bil cibindən partladan düşdü, nədi o yerdəki? Gözüm qorxub eee? Bu uşaqlar bilir ki, biz yeni ilə, bayrama-zada sevinə bilmirik, ona görə ayağımızın altına partlayan şeydən atırlar ki, heç olmasa həyəcan keçirək. O gün uşaq atır qabağımca o andırı, dalınca da deyir, «əmi, bayramınız mübarək». Bu boyda zappıltını eşidirəm hər gün bu zibilin səsinə öyrəşəmmirəm də... Şəkər tapacam axırda”.

- Hə, mənim əziz nəvələrim, nəticələrim, Şaxta baba sizinlə gələn yeni ilə kimi sağollaşır. Ağıllı balalar olun, dərslərinizi yaxşı oxuyun, sizə yeni hədiyyələr gətirəcəm! Yeni iliniz Mübarək olsun!

# 2877 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #