Boşana bilməyən qadınlar

Boşana bilməyən qadınlar
9 avqust 2019
# 11:25

Boşanmaq ailə qurmaq qədər təbii haldır. Heç bir normal adam gələcəkdə ayrılmaq üçün evlənmir. Amma həyatdır, kimsə sabahından sığortalanmayıb. Ən möhkəm ailə də günün birində dağıla bilər. Odur ki, taleyinə ayrılıq yazılmış insanlara tənə etməyin, qınamayın, sabah sizin də başınıza gələ bilər.

Bir sözlə, nikaha xitam verilməsi mümkün, normal, hər kəsin yaşaya biləcəyi bir sosial hadisədir. Di gəl, hər il ölkəmizdə boşanma ilə bağlı çox sayda ailə faciəsi baş verir. Elə ötən həftə Şəmkirdə bir kişi ayrılmaq istəyən arvadını bıçaqlayıb. Ürəyi soyumayıb, 4 yaşlı qızının da üstünə benzin tökərək yandırmağa cəhd edib. Guya arvadı evdən çıxsa, namusu kirlənəcək, qızı da anasına baxıb, böyüyəndə fahişə olacaq.

Budur, bizim milli düşüncədə boşanmaq anlayışı: qadın ərindən ayrılarsa, pis yola düşəcək, dul qadına hamı sataşacaq, hələ qız övladı varsa, o da pozulacaq. Nə qədər ağılsız, iftira dolu, qadını əzməyə yönələn bir mental düşüncədir, deyilmi?

Tovuzdan tələbə yoldaşım vardı, elə birinci kursda oxuyanda imkanlı dul kişi ilə ailə qurmuşdu. Ərinin birinci nikahdan övladı olmadığı üçün ikinci dəfə evlənmişdi. Nigar danışırdı ki, Faiq toydan sonra da birinci arvadına baş çəkir, bazarlıq edir, pul verirmiş. Əvvəl qız elə zənn edib ki, keçmiş arvadla münasibətləri sadəcə yardım xarakterlidir. Sonradan ortaya çıxıb ki, bəs əri onu da arvad kimi saxlayır, sadəcə rəsmi şəkildə boşanıb ki, ikinci dəfə evlənə bilsin. Nigar məsələni biləndən sonra dava salıb, atası evinə qayıtmışdı. Boşanmaq istəsə də, valideynləri "Bu yaşda dul qalmaq olmaz, cavan gəlinin adına tez söz çıxar", - deyib, ağlada-ağlada ər evinə geri yollamışdılar.

Bir neçə ay sonra Faiqin ağlına daha "parlaq" fikir gəlir, arvadlarını dostlaşdırmağa qərar verir. Birinci arvadını Nigarın yaşadığı mənzilə qonaq gətirir. Rəfiqəm ikiarvadlılığı heç cür qəbul edə bilmir, ərinə nifrət bəsləyirdi.

Aylar ötdükcə, yoldaşı Nigara daha çox əziyyət edirdi. Qapını üzünə bağlayıb, günlərlə evə gəlmirdi. Özü birinci arvadın yanında yaşayır, tələbə yoldaşım isə evdə tək və ac qalırdı. Bir də eşitdik ki, Nigar intihara cəhd edib. Qızlarla baş çəkməyə getdik. Sirkə turşusu içmişdi. Həyatını xilas edə bilsələr də, boğazı və mədəsi yanmışdı. Anası ağlayır, dizinə döyür, kürəkəninə qarğıyır, amma yenə də övladının boşanmasına razı olmurdu.

Qızı ər evində zülm çəkən, amma yoldaşından ayrılmasına icazə verməyən başqa valideynlər də tanıyıram. Elə öz qohumlarımın sırasında da var. Dəfələrlə söhbət də etmişəm, heç cür ata-ananı yola gətirmək olmur. Deyirsən ki, qızına yazığın gəlmir, bir gün dözməyib özünü öldürsə, nə edəcəksən? Gözünün yaşını axıdır, amma ər evindən çıxmağını istəmir. Adam dəhşətə gəlir! Elə bil övladlarını diri-diri məzara qoyurlar. Qınamaq istəməsəm də, belə övlad sevgisi mənə çatmır: ölsə də, qalsa da, ərinin yanında olsun.

Niyəsini soruşanda da müxtəlif səbəblər sadalayırlar. Ən çox dilə gətirdikləri iki amildir: namus və maddiyyat. Elə düşünürlər ki, qız boşansa, namus əldən gedəcək. Guya qadının əxlaq keşikçisi həyat yoldaşıdır. Digər valideynlər isə dolanışığı nəzərə alır. Geri qayıdan qıza və nəvələrə baxmaq onlara çətin gəlir.

Belə! Mental düşüncə və yoxsulluq qadınların həyatını cəhənnəmə çevirir. Təhsilsiz, bir peşəyə sahib olmayan, pul qazanmağı bacarmayan qızların ər qazancından başqa çörəyi olmur. Kişidən maddi asılılıq onları susmağa, dözməyə məcbur edir. Qadının belə bir zəifliyini bilən ər isə bundan çox "məharət"lə və insafsızcasına istifadə edir. Arvadla necə istəyirsə, elə də davranır: döyür, söyür, alçaldır. El arasında da eynisi deyilmirmi? Ər istər sevər, istər döyər. Kişi pulsuz, gücsüz, arxasız arvadına sahibsiz adam kimi baxır və bu durum əri tədricən arvadın ağasına çevirir.

Qızı olan valideynlər, övladınızı gələcəkdə başıqapazlı, kiminsə köləsi kimi görmək istəmirsinizsə, cehiz yığmaqdansa, ona təhsil verin. Ən azı özünə və uşaqlarına baxa biləcək peşəsi olsun. Eləcə də boşanmaqla bağlı stereotipləri sındırın. Qohum-qonşunun nə düşünəcəyinə önəm verib, balanızı ər zülmündə saxlamayın, ona sahib çıxın.

Əlbəttə ki, ailənin dağılmasını kimsə istəməz. Bütün halda boşanma kədərli və ağrılı prosesdir. Ər-arvad mümkün qədər yuvanı qorumağa çalışmalıdır. Amma əgər evlilik qadını əzir, şəxsiyyət kimi məhv edir, fiziki və psixoloji işgəncəyə çevrilirsə, nikaha xitam verilməsi şərtdir. Siz övladlarınızı düşünüb, ərdən ayrılmaq istəmirsiniz. Amma boşanmış ailənin övladı olaraq əminliklə deyə bilərəm ki, münaqişəli ailədə böyüyən uşaqlar daha travmalı olur.

Və ən əsası unutmayın: boşanmaq qadının konstitusion hüququ və azadlığıdır. Əri tərəfindən döyülən, söyülən, təhqir olunan, şiddət görən, xəsarət alan, dişi sındırılan, kölə kimi rəftar edilən qadınlar, haqqınızı kimsəyə əzdirməyin: nə ərə, nə valideynə, nə də "camaat" deyilən kütləyə! Yalnız o zaman güclü və söz sahibi olacaqsınız. Bunu tək özünüz üçün deyil, həm də övladınız və işıqlı cəmiyyət üçün edin.

# 3470 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #