Biz mədəni ola bilmirik

Biz mədəni ola bilmirik
16 may 2018
# 11:01

Kulis.az Murad Köhnəqalanın “Daxili kübarlıq” yazısını təqdim edir.

Bu yazımı oxuyub düşünə bilərsiniz, camaat çörək hayındadı, sən də hələ mədəniyyətdən danışırsan. Bəli, neçə ki, belə maddi çətinliklər olacaq, məhz, mədəniyyətdən söz açmaq gərəkdi.

Çünki, əsl mədəniyyət elə aclıqda, çətinlikdə yaranan mədəniyyətdi! Almanların qeyd etdiklərinə görə, İkinci Dünya Müharibəsi dövründə yəhudilərin cüzi qida ilə kütləvi halda saxlanıldığı əsir düşərgələrində bir dəfə də olsun yemək oğurluğu qeydə alınmamışdı. Ölüm aclığına dözən yəhudilər biri-birinin yeməyinə göz dikməmişdi. Niyə? Çünki daxili kübarlıq heç vaxt buna icazə verməzdi! Bizdə çatışmayan, məhz, həmin qürur, daxili kübarlıqdı!..

Keçən əsrin əvvəllərində yaşamış, yenilikçi ideyaları ilə Avropa qadınının davranışında və geyimində inqilab etmiş məşhur fransız modelyeri Koko Şanelin aforizmlərindən biri belədi: “Bir var pullu adam, bir də var zəngin adam”.

Bəli, pul, var-dövlət insanın daxili zənginliyinə qətiyyən dəlalət edə bilməz. Bu yerdə demək istərdim, yersiz ədabazlığı, pullu yekəxanalığı kübarlıqla qarışıq salmayın. Kübarlıq heç vaxt maddi durumla ölçülmür.

Buna bir misal: Bakı küçələrində dilənən soydaşlarımızı da, bakılı rus qarılarını da görmüşəm. Küçələrdə dilənən azərbaycanlı qadınlar, uşaqlar qaraçı kimi adamın üstünə sürək çəkib sırtıqlıq edir, zorla səndən pul qoparmağa çalışır. Bəziləri isə əttökən dini alqışlar söyləyib yanınla addımlayaraq ianə almamış yaxanı buraxmazlar. Ancaq dilənən rus qarılarını tinin birində oturub sakitcə ovcunu açaraq susan görmüşəm. Onlar daxilən zəngin olduqlarına görə bu hərəkətləri ilə öz durumlarından xəcalət çəkdiklərini hiss elətdirirlər. Daxili aləmi müflis olan bizim dilənçilər isə heç vaxt öz yolçuluqlarından utanmaq fikrində deyillər. Elələri də var, əlinin, ayağının kəsilmiş yerlərini “tamaşaçılara” göstərərək daha çox ianə yığmağa çalışır.

Düşünmür ki, heç kimə xoş olmayan bu faciələri ilə səhər-səhər metroya düşən adamların qanını qaraltmaq olmaz. Heç kimin öz şikəst, kəsik yerlərini nümayiş etdirərək yanından adlayan uşaqların psixikasını pozmaq kimi haqqı yoxdu.

Daha bir misal. Yadınızdadırsa, bir xeyirxah adam imkansızlar üçün Mərdəkanda pulsuz paltar mağazası açmışdı. Mağazanın şərti belə idi: paltara ehtiyacın varsa götür, ehtiyacın yoxdursa, evində artıq saydığın paltarları gətir. Ancaq mağaza işçilərinin söylədiyinə görə, paltar üçün gələnlərin çoxu ehtiyacı olandan artıq geyim götürür. Bəzən isə ehtiyacı olmayan adamlar gəlib paltar götürür və əyinlərinə geyinmədən, ölçmədən yoxa çıxırlar. Elələri var, həftədə iki-üç dəfə mağazaya gəlib paltar aparır. Sonradan məlum oldu ki, onlar burdan götürdükləri paltarları aparıb haradasa dəyər-dəyməzinə satırlar. Bax belə!

Daxili kübarlığın olmaması insanı arsız vəziyyətə salır. Utanc hissini itirmiş insanların çoxluq təşkil elədiyi cəmiyyət də vicdansız olur. Yadıma gəlir, Moskvada tələbə olarkən yağışlı havalarda özümüzlə çətir götürərdik. Yağış yağanda şəhərdə çətirsiz adam görməzdin. Bundan başqa, hər bir sakinin çiyin çantası olardı. Metroda uzun yol gedən sərnişinlər çantadan kitab çıxarıb oxuyardılar. Metro vaqonları oxu zalına bənzəyirdi. Məhz, belə kitaboxuyan vətəndaşları olduğu üçün Rusiya atom ölkəsidi. Qiymətli beyinə malik, kübar, ziyalı adamların çoxluğuna görə Rusiya çoxlu sayda varlı, böyük, lakin savadsız ölkələri özünə yalvarda bilir. Ancaq bizdə yağışlı günləri görəsən! Hərə bir yana qısılıb miskincə daldalanır.

Düzdür, Bakı o qədər də yağıntılı şəhər deyil, lakin hər halda, yağan yağış altında islanıb ördək kimi silkinməkdən çətirlə gəzmək daha mədəni görünür.

İstəyirsiniz birini də deyim. Təxminən, son iyirmi-otuz il ərzində Çindən gələn sənaye mallarının sayəsində də mədəni səviyyəmiz xeyli aşağı düşüb. Hamımızın əynini belimizdən acazıq aşağını örtməyə çatan mazut gödəkcələr “bəzəyir”. Çoxdandı, əyni paltolu, şlyapalı şəhər sakinləri yoxa çıxıb. Çünki kübarlığımız göyə çəkilib.

# 1810 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #