Məni sevən oğlanın laykı

Məni sevən oğlanın laykı
12 iyul 2017
# 10:00

İbtidai sinifdə oxuyan vaxtlar yağışlı, küləkli, soyuq havalarda bədən tərbiyəsi dərslərində sinifdə oturardıq.

İndiki müəllimlər kimi ozamankı müəllimlər bədən tərbiyəsinin yerinə də riyaziyyat keçmirdilər. Onda dərs proqramı bu qədər yüklü deyildi, çoxlu testlər yox idi. Sinif otağında elementar fiziki hərəkətlər edər, mahnı oxuyar, şeir deyərdik. Müəllimin kefinə düşəndə də elə belə, ordan-burdan söhbət edərdi bizimlə.

Belə söhbətlər zamanı müəllimin sinifdəki otuz iki uşağa fərqli-fərqli münasibəti ortaya çıxardı. Məsələn, bir dəfə müəllim sinfimizdəki qızlardan birinin, ancaq birinin saçlarının xurmayı olduğunu söylədi. Sonra da əlavə elədi ki, onun ən çox sevdiyi saçlar xurmayı saçlardı. Qalan qızlar hamısı həmin xurmayı saçlı qıza həsəd və qibtəylə baxdılar. Hamı ürəyindən bu fikirləri keçirtdi: “Deməli, xurmayı rəngli saçlar saçların ən yaxşısıdır, müəllim də ona görə xurmayı saçları sevir”

Başqa bir vaxt müəllim uşaqlardan birinin qəşəng, uzun barmaqları olduğunu söylədi. Yenə hamı öz barmağına baxdı. Yenə eyni hisslər.

Bir dəfə nənəm təqaüd puluyla mənə qırmızı don almışdı. Don deyəsən kitayski idi, çox da zövqsüzdü. Xoşuma gəlməsə də, nənəmin xətrinə geyinib məktəbə getdim. Həm də nə vaxtdı mənə don alınmırdı. Təzə paltar üzü görmürdüm. Donum qəşəng olmasa da, heç olmasa təzə idi.

Sinfimizdə başqa bir qız da həmin gün təzə, qırmızı don geyinmişdi. Lövhədə misal eləyib yerimə keçmək istəyirdim, bu vaxt oğlanlardan birinin Ləmana dediyi sözləri eşitdim: “Sən indi demək istəyirsən ki, donun Sevincinkindən gözəldi?”

Həmin oğlanın məndən xoşu gəldiyini, amma bunu mənə deyə bilmədiyini bilirdim. Ləmanın donunun mənim donumdan qəşəng olmasına qıcıqlanmışdı əslində. Və özü də təsəvvür eləyə bilməzdi ki, məni necə utandırdı.

Tərs kimi donumun üstündəki gül şəkillərindən biri elə ilk gündəcə qopub düşmüşdü. Mənim donum Ləmanın bahalı və zövqlü donuna çata bilməzdi. Gizli pərəstişkarım özü də bilmədən ordaca Ləmanın donunu “like” eləmişdi.

Real həyatda insanlar arasında çoxlu fərqlər yaradan, bu fərqlər sayəsində insanları incidən, küsdürən şeylər çoxdur. Bahalı əşyalar, dəbdəbəli evlər, maşınlara sahib olanlarla, yaxşı yerlərdə işləyənlərlə, təhsil alanlarla bir də bütün bunlara uzaqdan baxan insanlar arasında uçurumlar var.

Hətta orta məktəbdə oxumağa başlayandan uşaqlar arasında ayrı-seçkilik yaranır. Uşaq var götürməsi çox yaxşıdı, anası hamiləykən əsəb keçirməyib, yaxşı-yaxşı qidalarla qidalanıb, havada çox olub, qozu, bananı, balığı, kahını çox yeyib və s. Ona görə də beyni, yaddaşı qəşəng inkişaf edib. Uşaq da var götürməsi pisdi, sırf anasının vaxtında pis qidalandığına, pis hava aldığına görə. Yaxud genetik faktorlar birinin beyninin yaxşı, o birinin beyninin pis işləməyinə səbəb olub.

Müəllimlər məktəblərdə çox qəddardırlar. Zəif oxuyan, təhsildə yoldaşlarından geri qalan şagirdlərə uşaqların içində “qoyun, küt, axmaq” deyə qışqırır, onları pərt edir, yoldaşlarıyla onun arasında uçurum yaradırlar. Əlaçı, savadlı oğlan uşaqlarını məhz buna görə dərs oxumağı sevməyən, dəcəl oğlanlar gözümçıxdıya salır, tez-tez onları qızların yanında pərt eləyir, yeri düşdükcə təkləyib döyürlər də.

“Xoşum gəlir”, “xoşum gəlmir” klişeləri virtual məkanda insanları daha çox, daha açıq şəkildə incidir, adamlar bunun fərqində olsalar da, olmasalar da ruh düşgünlüyü, depresiyya, soyuqluq yaradır.

Feysbuk sayəsində vətəndaşlarımız arasında “soyuq vətəndaş müharibəsi” yaşanır. Burda adamlar düşüncələrinə görə çoxlu qruplara ayrılıb.

Bütün müharibələrdən ən pisi də soyuq müharibədir. Çünki odlu-alovlu, qanlı-bıçaqlı müharibələrdə tərəflər bir-biri ilə çox daha səmimi, çox daha açıqdırlar. Nəinki soyuq müharibələrdə.

Bir çox adamlar real həyatda uzun müddətdir tanışdırlar, illərin dostu olublar. Amma sosial şəbəkələrdə “dost olandan” sonra düşmənə çevriliblər. Çox az adam var ki, öz doğmalarını, yaxınlarını, hətta ana-atasını, bacı-qardaşlarını, xala uşaqlarını, əmi uşaqlarını öz dostluğuna qəbul edir. Çünki istər-istəməz maraqlar toqquşur, feysbuk açıqlığı sevir, burda “pərdə saxlamaq ” mümkün deyil. Hansı ki, real həyatda o pərdəni atamız-anamız, qardaşımız, bacımızla saxlayırıq. Qəbul olunmadığımız çevrələrdə qəbul edilməyəcək fikirlərimizi gizləyə bilirik. Sosial şəbəkələrdə əsasən bu mümkün olmur.

Burda adamlar az qala hər hadisəyə, hər statusa fikir bildirməyi tələb edirlər. Sənə qılaflı, qınına saxlanmış olmanı bağışlamırlar. Məsələn, səni divara dirəyib soruşa bilərlər ki, homoseksuallara münasibətin necədir, tez cavab ver. Amerikanı sevirsənmi? Dindarsan, ateistsən? Son hadisələrdən sonra sosial şəbəkələrdə bu sualla təftiş eləməyə başladılar: “Erməni uşağına qıyarsanmı, qıymazsanmı?”

Özü də bu sualların bir çoxuna cavab vermək ya çətindir, ya mümkün deyil. Bəlkə də erməni uşağına qıymaram deyənlərin çoxu içində daha qəddardır, cəbhəyə düşsə, müharibənin içində bulunsa, öz uşağı od-alov içində qalsa, erməni uşağına qıyar. Amma qıyaram deyən bunu bacarmaz, istəsə də bacarmaz.

Elə suallar var ki, cavabı yoxdur!

# 1755 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #