Cəlil Cavanşirin arıları

Cəlil Cavanşirin arıları
19 avqust 2015
# 12:37

Sizi bilmirəm, mən Bakıdan uzaqlaşdıqca öz ölkəmi daha çox sevirəm... Bakıdan uzaqlaşdıqca adamlar azalır yollarda-irizlərdə, ağaclar çoxalır, dağlar-təpələr çoxalır. Ağaclar, çöllər, təpələr daha məsumdu, daha təmizdi, daha doğmadı.

Hara getsək, Əhməd Qayanı da özümüzlə aparırıq ya biz... Əhməd Qaya “O mahur bəstə çalır, rüzgarla biz ağlaşırız” deyə hayqırırdı... Biz kövrəlirdik yolboyu... Uşaqlar şıltaqlıq edir, bizi kədərin əlindən çəkib alırdılar, maşındakı üç kədərli şairi-Elsevəri, Şəhriyarı, məni. Uşaqların şıltaqlığı nə yaxşı ki, vardı!

Günaydın dediyində qayıdıb sənə acıqla “Günaymadın!” söyləyən Nərminin şıltaqlığı qarşısında kədəri qovmağa məcbursan.

- Şəhriyar abi, (Şəhriyar yaşca məndən kiçikdir, amma biz abi sözünü bizdən yaşca kiçik qardaşlara da deməyə öyrəşmişik...) sən Allah o Əhməd Qayanı dəyiş. Guya istirahətə gedirik də indi. Özümüzü hara getsək, aparmayaq!- dedim.

Uşaqlar burda da haraya çatdı. Nərminlə Nilufər Barış Mançonun oxuduğu “Arkadaşım eşşək” mahnısını istədilər. Biz Oğuza çatanadək bəlkə əlli dəfə bu mahnını xorla oxuduq. Qarşımıza əlli dənə eşşək çıxdı. Hər dəfə maşının pəncərəsindən yol kənarında otlayan eşşəkləri gördükcə, uşaqlar sevincdən qışqırışırdılar.

Oğuza gecə çatdıq. Cəlil Cavanşirlə Vüsal Oğuz bizi qarşılayıb Cəlilgilə apardılar. Cəlilin çox mehriban, gülərüz ata-anası var. Balaca-balaca uşaqlar həyətdə o üz-bu üzə qaçışır. Şəhərdə bizim dəli kimi hürkdüyümüz arılardan da qorxmurlar. Arılarla adamlar bu evdə bacı-qardaş kimi yaşayırlar.

Cəlilin atası Cavanşir kişi arıçıdı. Arıları öz balaları kimi sevir. Yüzlərlə arı ətrafımızda dövrə vururdu. İndicə uşaqları sancacaqlar deyə qorxurdum. Cavanşir dayı “Qorxmayın, arıya müdaxilə eləməsəniz, toxunmaz!” deyə arxayınlaşdırdı məni. Doğrudan da o həyətdə saatlarla arıların əhatəsində qaldıq, amma bir arı belə qonaqlardan birinə toxunmadı. Yaman qonaqpərvər arılar idilər. Bir dəfə Cəlilin bir yaşlı qardaşı qızını sancdı onlardan biri. Körpə onlardan hansınınsa xoşuna gəlməyən hərəkət eləmişdi yəqin.

Biz qonaq idik deyə toxunmadılar. Ev sahibinin yalanını çıxarmadılar. Cavanşir dayı dediyi kimi biz arılara toxunmadıq, onlar da bizə.

Qayıdanda da bir neçə kilo bal aldıq. Cavanşir dayı balı gözümüzün qabağında süzdü. İşin maraqlı yanı da elə bu idi.

Meşədə fındıq yığdığımızda uşaqlar çoxlu parabüzən tapırdılar. Sevinirdilər. Türk kanallarından öyrəniblər, uğur böcəyi deyir uşaqlar bu həşəratlara. “Ana, onlar uğur gətirəcək bizə”- deyirdilər. Meşədən topladığımız fındıqları evdə aşsüzənə boşaldanda gördük ki, onlardan biri bizə qoşulub şəhərə gəlib. Parabüzənlərin arasında da şəhərə can atanları var imiş yəqin ki!

Fındıq ağacının nəyini sevdiklərini bilmədiyim parabüzənləri uşaqlıqdan mən də sevirəm. Demək olar ki, ən çox sevdiyim həşəratdı. “Parabüzən, parabüzən, uç get nənəmi gətir!” deyə xahiş edərdim ondan tez-tez. Nənəm öləndə isə artıq parabüzənlərin nənələri gətirmədiyini başa düşəcək qədər böyümüşdüm. Amma hələ də parabüzən görəndə elə bilirəm qulağına yenə o sehrli kəlmələri pıçıldasam, uçub gedib nənəmi gətirəcək. Kaş belə şey mümkün ola!

Cəlilin körpə qızı Canselin ad günündə vaxtımız olduqca xoş keçdi. Adamlar hər şeyi unudub xoşbəxtcəsinə oynayanda Şəhriyar əyilib qulağıma bu sözləri pıçıldadı: “Hər şeyə rəğmən adamlar belə xoşbəxt olmağı bacaranda mən kövrəlirəm....” Kefimə soğan doğradı bu sözlər. Hara getsək, özümüzü də aparırıq demişdim axı...

Meşələrə arxayın olan camaat rayonun içində ağac əkməmişdilər. Yaşıllıqla əhatə olunan rayonun mərkəzində kölgələnəcək yer tapa bilmirdik. Maşının dalına Nilufərin velosipedini atmışdıq ki, parkda sürsün. Kölgə dərdindən tez də qayıdıb meşəyə döndük.

Gündüzləri Bakıdakı kimi isti keçən Xaçmaz kəndində gün batan kimi qəfil soyuq düşürdü. Gündüzlər yay, gecələr payız havasıydı. Çayları buz kimi, ağacları bəhrəli, adamları qonaqpərvər, aza qane olan bu rayondan sevgiylə ayrıldıq.

Bir də yanımızda məşhur şairi aparmışdıq ya. Dağ başındakı Filfilli kəndində balaca bir çayxanada iki qız başımızın üstünü kəsdirib şairdən avtoqraf istəyəndə Şəhriyar gözümə müğənni kimi göründü. Biz yazıçılar belə şeyi harda görmüşdük?!

Yanacaqdoldurma məntəqəsindəki yaşıl kombinezonlu oğlan da Şəhriyarı tanıyanda “Yox artıq!” dedim öz-özümə. Şəhriyar bir az da populyar olsa, gərək onunla yola çıxmayaq. Gərək onda şairin pərəstişkarlarından qorunmaq üçün özümüzlə bir nəfər də cangüdən götürək...

# 1236 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #