Dindən necə uzaqlaşdım?

Dindən necə uzaqlaşdım?
15 oktyabr 2014
# 12:07

90-cı illərin əvvəllərində dinə qayıdış özünə qayıdışın bir forması, özünə qayıdış üçün bir vasitə idi. Jurnallarda, qəzetlərdə dini-tarixi şəxslər haqqında məqalələr, müqəddəs kitablardan hissələr dərc olunur, yazarlar sakit-sakit, yavaş-yavaş müqəddəs şəxslərin kəlamlarından yazılarında istifadə edirdilər.

Ateist sovet sistemindən çıxmış adamlarda dinə qarşı neqativ münasibət hiss olunmurdu. Sovet dövründə anbara, mağazaya və digər obyektlərə çevrilmiş məscidlər təmir olunaraq yenidən insanların istifadəsinə verilirdi. 30-cu illərdə güllələnmiş, sürgün olunmuş din xadimləri haqqında mətbuatda tez-tez yazılara rast gəlmək olurdu.

Əlbəttə, Sovet dövründə dinə qarşı aparılmış mübarizə qınanılırdı. Adamlardan tez-tez belə bir söz eşitmək olurdu: mənim babam, mənim nənəm hələ Sovet dövründə namaz qılırdı. Dinə, tarixə yeni bir baxış ortaya çıxmışdı və demək olar ki, böyük əksəriyyət bir-birlərinin sözünü təkrar edirdilər. Məsələn, hamı bir ağızdan deyirdi ki, Mirzə Cəlil dini yox, dindən istifadə edən din xadimlərini tənqid edibdir. Sovet hökuməti Nəsimini ateist kimi təqdim etmişdi, əslində isə Nəsimi... Belə-belə söhbətlər.

Kiril əlifbasıyla nəşr olunmuş dini məzmunlu kitablar əsasən metroların çıxışında, xüsusən “28 May” metrosunun çıxışında satılırdı. Bəndəniz bu kitabları böyük maraqla oxuyurdu. Baş verən bütün bu hadisələr bir macərapərəst, hər şeyə maraq göstərən, dövrü mətbuatı diqqətlə izləyən bir yeniyetmə kimi mənə də şəksiz öz təsirini göstərmişdi. Ümumi ab-havadan kənarda qala bilməzdim.

Bu təsirlər nəticəsində ibadət etmək, ərəb dilini öyrənmək qərarına gəldim. Şəhərin mərkəzində yerləşən mədəniyyət evlərindən birində fəaliyyət göstərən ərəb və fars dili kursuna yazıldım. Kurs pulsuz fəaliyyət göstərirdi. Burda həm də kurs üzvlərinə namaz qılmağı öyrədirdilər. Beləliklə mənim dini həyatım başladı.

Bu arada saqqal saxlamağa da başladım. Hərçənd saqqal saxlamağımla dini həyatımın başlaması arasında heç bir əlaqə yox idi. Uşaqlıqdan saqqal saxlamağa böyük həvəsim vardı. Hələ uşaq olarkən məndən yaşca böyük əmim oğlanlarının niyə saqqal saxlamadıqlarına cavab tapa bilmirdim. Onlara tez-tez bu sualı verirdim: Niyə saqqal saxlamırsan? Onlar isə hər dəfə bu suala bir cavab verirdilər: “Adamın üzü qaşınır. Böyüyəndə özün saxlayarsan. İşdən icazə vermirlər.”

O vaxtlar yalnız yaxın qohum, doğma insan rəhmətə getdikdə kişilər qırx gün saqqal saxlayırdılar. Bu əlamət həmin adamın ailəsində, nəslində kiminsə rəhmətə getməsini ətrafdakılara işarə verirdi. O vaxtlar saqqallı adam gördükdə belə bir sual verirdilər: “Rəhmətə gedən var?” Həmin adam da cavabında deyirdi: “Hə, filankəs rəhmətə gedib.”

Uşaqlıqda bilmirəm nədənsə mənə elə gəlirdi ki, saqqallı adamlar güclü olurlar. Ola bilsin baxdığım tarixi filmlərdə qəhrəmanların çoxunun saqqallı olmasının nəticəsində bu fikrə gəlmişdim. Tez böyümək, üzümə tük çıxmasını istəyirdim. Saqqal saxlayacağım günü səbirsizliklə gözləyirdim.

Budur, artıq arzum həyata keçdi. Üzümə artıq kifayət qədər tük çıxıb. Saqqal saxlaya bilərəm. O vaxtdan bu vaxta qədər (qısa fasilələrlə) müxtəlif formalarda saqqal saxlamışam. Yalnız məndən asılı olmayan səbəblər üzündən saqqalımı təraş etməyə məcbur olmuşam. Hərbi xidmətdə olanda ən çox zəhləmi tökən iş hər gün üz qırxmaq idi. Bəzən hərbi hissədə iki gündən bir üzümü qırxmağı qənimət hesab edirdim. Tərxis olunacağım, saqqal saxlaya biləcəyim günü səbirsizliklə gözləyirdim.

Ərəb dili kursuna yazılmağım, saqqal saxlamağım ailəm tərəfindən heç də yaxşı qarşılanmadı. Baxmayaraq ki, 14 yaşımdan, yəni atam rəhmətə gedəndən sonra mütləq azadlıq əldə etmişdim. Heç kim mənə ora getmə, bura get, onu oxuma, bunu oxu qadağası qoya bilməzdi. Hara istəyirdim gedirdim. Harda istəyirdim gecələyirdim.

Atamın ölümü məni o qədər də sarsıtmadı. Ətrafda, ölkədə daha maraqlı hadisələr baş verirdi. Bu hadisələrin fonunda bir insanın ölümü haqqında davamlı olaraq düşünməyə vaxt yox idi. Bəlkə də atam vaxtında rəhmətə getməsəydi mən bu qədər azad ola bilməyəcəkdim. Buna baxmayaraq saqqal saxlamağım, ərəb dili kursuna yazılmağım, ibadət etməyə başlamağım ortaya suallar çıxardı. Bu suallara cavab verməli idim. Xüsusən, bir yaxın qohumum mənə heç cürə dinclik vermirdi. Nə vaxt görürdü deyirdi: “Get özünə peşə tap. Molla olmaq istəyirsən?”

Onun mollalarla heç arası yox idi. Üstəlik o vaxt necə olmuşdusa bir müsəlman ölkəsinə getmişdi, orda gördükləri mənzərələr bu qənaətini daha da möhkəmləndirmişdi. Onun fikrini dəyişmək qeyri-mümkün idi. Mən isə mübahisə edir, başa salmağa çalışırdım ki, molla din demək deyil. Molla başqadı, din başqa. Mollaların etdiklərinin dinə heç bir dəxli yoxdu. O isə sakitcə təcrübəsiz bir gənci asanlıqla çaşdırır, dolaşdırır, bərk əsəbiləşdirirdi.

Bir məqamı da mütləq vurğulamalıyam. Həmin vaxtlar bir buxara papaq tikdirib başıma qoymuşdum. Amma bu buxara papağın dini həyatımın başlamasıyla heç bir əlaqəsi yox idi. Buxara papaq tikdirməyimin özü də özünəqayıdışın bir forması idi. Özümü axtarırdım, bu da ora-bura baş vurmağıma hər cür əməllər törətməyimə səbəb olurdu. Dəxli yoxdur sən kimsən, nəçisən, nəylə məşğulsan. Əgər saqqal saxlayırsansa və başında da buxara papaq varsa hamı səni molla kimi qəbul edirdi.

Bir hadisə heç yadımdan çıxmaz. “Nizami” və başqa bir neçə kinoteatr öpüşmə məkanı kimi fəaliyyət göstərirdi. Çox az adam kinoya baxmağa gəlirdi. Böyük əksəriyyət kinoteatra öpüşməyə gəlirdi. Çünki başqa yerdə öpüşmək çətin idi. Polislər cütlükləri güdüb onları öpüşən zaman yaxalayırdılar. Qorxudurdular, pullarını əllərindən alırdılar. Bir az müqavimət göstərəndə qızı da bölməyə aparacaqlarını deyirdilər. Bununla da oğlan deyilən bir kəs qıza görə polislərin nazıyla oynamağa məcbur olurdu. Nəsə bu haqda danışsaq söhbət uzun çəkəcək.

Öpüşmək üçün ən yaxşı və ən ucuz yer kinoteatr idi. İşıqlar sönürdü və zalda oturanların böyük əksəriyyəti öpüşməyə başlayırdı. Bunu hamı bilirdi. Kinoteatrın işçiləri də bilirdilər ki, kinoya zada baxan yoxdu, adamlar öpüşməyə gəlirlər. Hər cür tip olurdu zalda. Mən də bir dəfə başımda buxara papaq, üzümdə saqqal bir qızla kinoya getmişdim. Görünüşüm özümün yadımdan çıxmışdı.

Kino bitdi. İşıqlar yandı. Paltarları əzik-üzük olmuş, sifətləri qızarmış, pudra-pomadaları bir-birinin sifətinə yayılmış adamlar işıq yananda özlərini qaydaya salır, sonra bir-bir zalı tərk edirdilər. Ayağa qalxıb zaldan çıxmaq istəyəndə bir nəfər məni gördü. Təəccübləndi və yanındakı qıza dedi: “Aaaaaa, molla kinoya qız gətirib.” Bu sözü eşidəndə öz görünüşüm özümün yadıma düşdü. Adama heç nə demədim. Onun təəccübü təbii idi. Bu söz indi də tez-tez yadıma düşür.

Ərəb və fars dili kursunda baş verənlər haqqında detallı danışmayacam. Təfərrüatlar maraqsızdı. Yada salınası məqamlar var, amma bu məqamlar sırf özümə aiddir, kifayət qədər şəxsi məzmun daşıyır. Bir hadisəni qeyd etməliyəm. Bir gün orda bir nəfər namaz qılandan sonra dua etdi. O, duasında dedi ki, ay allah, bizə filankəs kimi bir lider göndər. Onun bu duası mənə qəribə gəldi.

İbadətini bitirəndə söhbət etməyə başladıq. Söhbətimiz mübahisəyə çevrildi. Mən ona dedim: “Axı sən necə elə bir lider arzulaya bilərsən? Orda otuz milyon azərbaycanlının məktəbi yoxdu. Doğma dillərində qəzet, jurnal nəşr edə bilmirlər. Ermənilərə müharibədə kömək etdilər. O ölkə dini gözdən salıb. Əsl islam o deyil.” Mübahisə dərinləşdi, nəticədə mən ərəb və fars dili kursundan uzaqlaşdım. Bir daha ora getmədim. Millətçiliyim ümmətçiliyimə qalib gəldi.

Baş verən bu hadisəyə baxmayaraq ibadət etməyə davam edirdim. Məscid evin yaxınlığında yerləşdiyi üçün bəzən sübh namazına məscidə gedirdim. O vaxtlar hər evdə qaz olmurdu. Məsciddə isə qaz olurdu. Qış aylarında məscidin içində yanan qaz sobası adama çox xoş təsir bağışlayırdı. Sobanın yaxınlığında, xalçanın üstündə oturub pıçıltıyla danışan, ibadət edən adamlara baxırdım. Canımı, ayaqlarımı qızdırırdım. Burda özümə yaşca məndən böyük bir dost da tapmışdım. İndi də ən xoş hisslərlə xatırladığım o adamdan ən çətin anlarımda böyük yaxşılıqlar, böyük mənəvi kömək, dəstək gördüm. Ondan çox şey öyrəndim. Məsciddə rastlaşdıqda məni kafeyə aparır, doyunca yedizdirirdi. Paltarlar verirdi. Həmişə də deyirdi: “Mən də həmişə böyük qardaşlarımın paltarlarını geyinmişəm.”

Günlər keçdikcə məsciddə gördüklərim, müşahidə etdiklərim ora gec-gec getməyimə səbəb oldu. Təfərrüatlara varmayacam. Nələr gördüyümü özünüz təxmin edə bilərsiniz. Hərdən cümə namazına gedirdim. Sonralar ümumiyyətlə məscidə getmədim və o adamı bir daha heç yerdə görmədim. Bir daha rastlaşmadıq. İndi burdan ona öz təşəkkürümü və minnətdarlığımı bildirməyi özümə mənəvi borc hesab edirəm.

Əvvəlcə “Araz” hazırlıq kursuna, ordan da Qafqaz universitetinə qəbul olundum. Burdakı atmosfer ilk günlərdə çox xoşuma gəlirdi. Müəllimlərin sinfə ağ xalatda gəlməsi, pikniklər, universitetin idman forması, tənəffüs zamanı uşaqların koridorda tennis oynaması, çox ucuz qiymətə, demək olar ki, pulsuz başa gələn nahar yeməyi, tarixi yaxşı bilən uşaqlarla uzun-uzadı mübahisələr ürəyimcə idi. O vaxtlar türk dilini öyrənmək üçün indiki kimi çoxlu vasitələr mövcud deyildi. Bu gün türk dilini öyrənmək üçün hər bir şərait var. Seriallar, filmlər, qəzetlər, jurnallar.

Bizə türk dilini öyrətmək üçün oxumağa bədii ədəbiyyat verirdilər. Düzdü, bu kitabların çoxu təriqətə yaxın müəlliflərin əsərləri və yaxud təriqətə uyğun gələn əsərlər idi. Məsələn, “Qafqaz”da oxuduğum vaxtlarda Hekimoğlu İsmailin demək olar ki, bütün əsərlərini oxudum. Bununla belə dünya ədəbiyyatından da xeyli əsərlər oxumağa, vaxtında tanış olmağa imkan tapdım. Kitabxanadan həftəyə bir və ya iki kitab götürüb oxuyurdum. Getdikcə dərslər çətinləşdi. Yavaş-yavaş darıxmağa başladım. Dərslərə həvəssiz gedirdim. Amma əsas səbəb bu deyildi. Maraqlı, məzmunlu, diribaş uşaqlar bir-bir universiteti tərk edib başqa yerlərə gedirdilər. Universitetdə darıxdırıcı, türk hocalarına yarınmağı öz həyat fəlsəfəsinə çevirmiş, hər fürsətdə, yeri gəldi-gəlmədi hocalara yaltaqlanan, nə yolla olursa-olsun onların rəğbətini qazanmağa çalışan merkantil, fürsətcil, kölə xislətli tələbələr qalırdılar.

Hocalara heç bir sual vermirdilər. Onların bütün fikirləri ilə razılaşırdılar. Ən pisi də o idi ki, bu cür yaltaq tələbələr hocalar tərəfindən qiymətləndirilir, yaltaqlıq təqdir olunur, hətta bu tələbələr pis oxusalar da onları kursdan kursa keçirdilər. Gözümün qarşısında yaltaqlıq qiymətləndirilirdi.

Bu cür münasibət məni universitetdən dəhşətli dərəcədə iyrəndirdi. Saxtakarlığa dözə bilmirdim. Bir-iki hocanı çıxmaq şərti ilə demək olar ki, bütün hocalarla mübahisə etmiş və söz güləşdirmişdim. Bu isə onların əsla və əsla xoşlarına gəlmirdi . Qəti olaraq başa düşdüm ki, o dövr ucun çox gözəl bəzədilmiş, təhsil adıyla pərdələnmiş bu universitetdə təhsilə, səmimiyyətə deyil, kor-koranə sədaqətə daha çox dəyər verilir.

Beləliklə universitetə daha gedə bilmədim. Universitetdən tamam uzaqlaşdım. Dindən, imandan, düzgünlükdən danışan insanların davranışları məni davamlı olaraq düşünməyə vadar edirdi. Dini nöqteyi-nəzərindən mövqelərim sarsılmaqda idi. Bu proses məndən asılı olmayaraq qeyri-ixtiyari baş verirdi. Bununla belə mövcud vəziyyətlə barışmaq asan deyildi. Axı insan nəyləsə yaşamalı, hardansa yapışmalıdı. Birdən-birə hər şeyi dərk etmək, doğmalardan imtina etmək, azad olmaq və yüksək dəyərlərdən yapışmaq, daha böyük, daha yüksək ideyalarla , fikirlərlə yaşamaq asan məsələ deyil. Xüsusən o dövrlərdə. Baş verən hadisələrə baxmayaraq mən dinin təəssübkeşi olaraq qalırdım. İnanırdım ki, müsəlman alimlər bir çox elmi kəşflərə Avropa alimlərindən daha tez imza atıblar. İnanırdım ki, filan-filan ölkələrdə baş verənlərin dinə heç bir dəxli yoxdur. Əsl din başqadır. O vaxtlar ölkədə din insanların həyatına müdaxilə etmirdi. Bu cür düşünməyim təbii idi.

Tomas Mannın “Buddenbroklar” əsərində ağır bir səhnə var. Böyük Buddenbrok senator təzə ev alıb ora köçdükdən sonra ailənin çöküşü başlayır. Başqalarına böyük uğur kimi görünən bu təzə ev Buddenbroklar ailəsinin çöküş prosesinin başlanğıcı idi. Senator bunu bilir və deyir: “Hər şey başlayanda məhv olmağa başladı." Bəzən başqalarına başlanğıc kimi görünən sondur, son kimi gürünən isə başlanğıcdır. Bu söz oyunu deyil. Zəhləm gedir söz oyunundan. Məsələn, bəzi sənətkarların şəxsi həyatı sona çatanda onların sənət həyatı başlayır. Sənət həyatı başlayanda isə şəxsi həyatları sona çatır. Bunu xeyli xatirələr, memuarlar oxuyandan sonra anladım. Kənardakı insanların sənət adamının həyatında nəyin nə vaxt başladığını, nəyin nə vaxt sona çatdığını müəyyən etməsi çətin olsa da sənətkarlar nəyin nə vaxt, məhz hansı hadisədən sonra başladığını, nəyin nə vaxt hansı hadisədən sonra sona çatdığını özləri gözəl bilirlər.

Heç vaxt böyük suallarla cavab axtarmamışam (“Yaşamaq” yazısı). Həmçinin “Allah varmı?”, “Dünya necə yaranıb?”, “Başqa planetdə həyat varmı?”, “Biz insanlar hardan gəlirik, hara gedirik?” suallarına da cavab axtarmamışam. Yuxarıda baş verən hadisələrlə yanaşı gedən və heç vaxt dəyişməyən bir proses vardı.

Harda olurdumsa olum, nəylə məşğul olurdumsa olum, nə baş verirdisə versin, maddi baxımdan vəziyyətim necə olurdusa olsun oxumağımdan qalmırdım. Hansı mühitdə olurdumsa daima həmin mühitdəki adamlara davam düşürdü. Mübahisə edirdim. Millətçi olanda da, dindar olanda da. Mövcud vəziyyətlə barışmırdım. Bəlkə də fərqlilik, fərqli baxış xarakterdən doğurdu. Hər halda fanatizm heç vaxt mənə yaxın düşə bilməyib. Mənsub olduğum din, mənsub olduğum millətçi düşüncə başqaları ilə ünsiyyətə girməyimə, başqalarını qiymətləndirməyə, başqa mədəniyyətlərdən yararlanmağa heç vaxt maneə yaratmayıb.

Azərbaycan klassik yazıçılarının, maarifçilərin əsərlərini sistemli və diqqətlə oxumağım dini nöqteyi-nəzərdən sonun başlanğıcı rolunu oynadı. Ardınca Avropa maarifçilərinin əsərlərini oxumağım mövqeyimi müəyyən etməkdə həlledici təsir göstərdi. Mütaliəni yeganə amil kimi dəyərləndirmək olarmı? Xeyr. Başqaları da oxuyur. Mütaliə sadəcə mövqeyimi müəyyən etməkdə ciddi köməkçi vasitələrdən biri idi.

Əvvəldə baş verən hadisələrdə görürəm hər şeyi. Hocalara yaltaqlanan, onlara yarınan tələbələrdən biri ola bilərdim və o zaman həyat tamam başqa istiqamətdə davam edərdi. Adam həyatının ilk günündən hansı cəmiyyətə, partiyaya, təriqətə, hansı millətə mənsub olursa olsun, onun xarakteri gec-tez ona aşılanmış zehniyyət və əqidəyə qalib gələcəkdir.

# 8851 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #