Kabinetdə oynamaq...

Kabinetdə oynamaq...
9 sentyabr 2014
# 14:47

Bu qədim dünyanın yaşı böyükdü. Əl-əlbət bəşəriyyətdən də böyük! Nədənsə bizdən asılı deyil, sövq-təbii gördüyümüz bütün iyrənclikləri dünyanın ayağına yazırıq. Ta qədimlərdən belə olub. Son olaraq “Dünya düzəlmir ki, düzəlmir, baba” gileyini də Məmməd Araz öyrətdi. Ruhu şad olsun.

Di gəl işlərin fırıq olmasında dünyanın qəti günahı yoxdu. Bir az oyunbazlıq eləsək deyə bilərik ki, dünyanın yaşı artdıqca insanlıq dayanmadan kiçildi. Yəni, ustad Vaqif Bayatlı demiş, saat hesabına insan 60-70 ildə nə qədər böyüyə bilər ki? Əlbəttə, insanın böyüklüyü təqvimlə ölçülməz, yaşantıyla, ruhla ölçülər. Belə pis çıxmasın, bir insan nə qədər böyüyə bilər deyə bilmərəm, amma, bir insan nə qədər kiçilə bilər onu yaxşı bilirəm. İndi deyəcəksiz ki, əşşi, bu yenə başladı giley-güzara. Xahiş edirəm bu fikirdə olan adamın yanındakı yoldaş bi zəhmət ona desin ki, kəs səsini görək, kişi qızıl xırdalayır!


Bineyi-qədimdən bir az ağlı kəsən adamlar həmişə millətinin, ümmətinin, xalqının, bir az daha ağıllılar isə bütün millətlərin, bütün ümmətlərin, bütün xalqların dirçəlişinə, rifahına, yüksək mədəniyyətə yiyələnməsinə çalışıblar. Mən də “bir az ağlı kəsən” biri olduğumdan çox istəmişəm ki, bizimkilər düzəlsin. Hətta yazıb-tozmağım bir yana, dəfələrlə nəzir-niyaz da vermişəm bu niyyətlə. Amma və lakin necə? Vəziyyət xeyli acınacaqlıdır. Bizdə mədəniyyət sahəsinin böyük bir qismi mədəniyyətsiz və əxlaqsız kəslərin əlində əsiri-giryandı neçə illərdi. Teatrından tutmuş televiziyasına qədər, radiosundan tutmuş qəzet-jurnalına qədər, kinosundan tutmuş ay nə bilim nəyinə qədər...

Məsələn, teatrda baş rolun ifaçısını səhnədə istedadlı oyununa görə yox, “kabinet”də isti-dadlı oyununa görə təyin ediblər. Rejissor mənəviyyatsızlığına görə Azərbaycan kinosu kimləri itirib bir bilsəniz. Baş redaktorların otaqlarındakı divanların cırıltısını, bax sən öl, qəzet səhifələrini vərəqləyərkən eşitmişəm, saytlarda link tıklayarkən qulağım çalıb. Bu işlərin içində olan adamlar çox yaxşı bilirlər ki, istənilən mədəniyyət sahəsində kifayət qədər belə anormallıqlar olub və hazırkı vaxtda da öz mənfur təkamülünə çatmaqdadı.


Belə pis çıxmasın, televiziya rəhbərlərinin favoritlərinin quşlarını həmişə “əməkli” işçilər tutub düz-qoş eləyiblər. Yəni, bir televiziya və ya radionun işçiləri sövq-təbii iki yerə ayrılırlar.

1 – rəhbərliyin favoritləri.

2 – muzdlular.

Kino və ya teatrda da həmçinin.

1 – rəhbərliyin, rejissorun oyunçıxardanları.

2 – teatrın, kinonun oyunçuları.

Bölgüdən də aydın olduğu kimi, birincilər həmişə rul arxasında olub, ikincilər isə itələyib “xoda” salıblar. Bu mənəviyyatla, bu əxlaqla xalqa mədəniyyət aşılamaqdan, kult diktə eləməkdən gülünc heç nə ola bilməz. Elə bilməyin təkcə qadınlardan danışıram. Sadəcə bu sahədə daha çox qurbanlıq quzular qadınlardır deyə belə alındı.

Ümumiyyətlə, “eşşəyimin qurd dayısı” prinsipi bütün sahələrdə keçərlidi. Lap elə futbolun özündən götürsək, baxın, kim ki futbol oynayır bilin ki, bədbəxt muzdludu. Kim ki əsəblərinizlə oynayır, bilin ki, yuxarıda bəhs etdiyimiz favoritlərdəndi. Bunları yazmaq məqsədim budur. Ki, ay yoldaşlar, sizin getdiyiniz yolun bir ucu odeeey, haralara gedib çıxır. Siz bu yolda nə birincisiz, nə də axırıncı. Sadəcə, ara yerdə zərbə mədəniyyətə dəyir. Bu mədəniyyəti də sabah sizin övladlarınız daşıyacaq, sizin uşaqlarınız, sizin nəvələriniz yiyələnəcək. Sizin mədəniyyətə ləyaqətsizcəsinə atdığınız bu təpiklər sabah həm də öz balalarınızın ağzının üstünə dəyəcək.


Bu mövzu barəsində dastan bağlayıb 2-3 dənə saz sındırmaq olar. Sadəcə ötəri də olsa yazıb ərz etmək bizim vicdan borcumuzdu. Artıq elə bir vəziyyətdir ki, deyəndə də pis olursan, deməyəndə də. Hətta, deməyəndə vəziyyət daha müşkül olur. Susmağı adama bağışlamırlar. Və bunun cəzası daha ağır olur. Bütün bu yuxarıda sadaladığım murdarlıqların ən böyük səbəbi o qarnıyekə, qalstuku qırmızı daydayların insanlıqdan min yol uzaq düşmələridi. Mövlanənin bu məqamda yerinə düşən dahiyanə bir fikri var. Deyir, insan qamışlıqdan qoparılmış ney kimidir, özündən, kökündən uzaqlaşdığı üçün həmişə inləyir və onun iniltisi bir ömür boyu davam edir. Təkcə fərq burdadı ki, bizim danışdığımız məsələlərdə kökündən uzaqlaşan başqalarıdı, inildəyən başqaları. Başqa heç nə!


[email protected]

# 2640 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #