Göbəyi tatuajlı yarım

Göbəyi tatuajlı yarım
16 may 2014
# 10:11


Kim olursan ol, fərqi yoxdu, avtobus sürücüsüyçün cəmi-cümlətanı 20 qəpiksən. Elə bu dəyərlə özümü yetirdim 30 nömrəli marşruta. Qadasını aldığım dayanacaqdan kənar saxlamışdı. Ol səbəb bir hovur da üstümə çımxırdı hələ: “Əə, zalım oğlu zalım, elə bil heş cavan-zad döyülsən, cəld olsana!” Min-bir əziyyətlə avtobusda özümə yer elədim. Zarafat eləyirəm, günorta saatlarıydı, seyrəklik idi, keçib rahatca dayandım orta oturacaqların birinin yanında. Qeyri-ixtiyari yanımda dayanan 2 yoldaşın da söhbətinə müsafir oldum üstəlik.

Qardaşlar, deyəsən “Razin uşaqları”ydı. Belə pis çıxmasın, söhbətlərindən başa düşmək olardı. Ki, qardaşlar “fırlanan” uşaqlardı. Yenə, belə pis çıxmasın, fırlanan uşağa can qurban!
Müsafirliyimin təxminən 4-cü dəqiqəsində məlum oldu. Ki, debat qənşərimizdə oturan sarışın qızın çiynindəki kəpənək “tatuirovka”sına görədi. Biri o birinə deyir: “Ala, qaqaş canı, yaxşı oğlanın bacısı tatuaj elətdirməz!” O birisi cavab verir: “Tatuaj nəydi, ala, başını kəsərəm itin balasıdı!” Yenə o birisi xısın-xısın deyir: “Qaqaş, görmürsən sürüşgənin biridi?!” Yenə o birisi cavab verir: “Ala, yox bir ev qızıdı!” Cayılyana gülüşürlər. Bir az vaxt öldürmək niyyətilə söhbətə “kurs” oluram. Mən: “Qaqone, o, azərbaycanlı deyil, rusdu” – deyirəm. Deyəndən sonra bir az gülümsəyirəm. Ki, qaqaşlar “zakon tolkavat” eləyib məni “razborka”ya otuzdurmasınlar. Onsuz da 20 dəqiqə gecikmişəm gedəcəyim yerə. Elə bunu demişdim, qaqaşın biri boynunu uzadıb qıza bir daha diqqətlə baxdı. Bir neçə saniyə keçdi, o biri də bu sarışını diqqətlə süzüb dedi: “Ala, sən öl düz diyir, bizim millətə oxşamır”. O biri də bu biri qaqaşın sözünü təsdiqləyib əlavə elədi: “Toçnı rusdu”. Daha sonra əlavə eləyir: “Qaqaş, belə də ki, nə problem var? Taturovkadı da, zapadlosu yoxdu ki?!” Bu biri də o birinin fikrin təsdiqləyib buyurur: “Xoşuna gəlib, elətdirib də, hansısa yaxşı oğlanın bacısıdı bəlkə?”

Söhbətin bu yerində qız qalxıb sürücüyə deyir: “Əmi, zəhmət olmasa Xətainin heykəlində saxlayın”. Bu dəm qaqaşlar mənə baxıb ikisi də bir ağızdan: “Ala, qaqaş, sən də öldürmüsən e, azərbaycanlıymış ki!” – deyib gülürlər. Sonra biri dayanır, digəri davam eləyir: “Sən öl düz demişdim bayağ, sürüşkənin biridi”. Mən də qaqaşlara baxıb: “Lələ, mən də azərbaycanca danışıram, amma, bax (sağ əlimi sağ üzümə vururam) bu ölsün azərbaycanlı-zad döyüləm”.


Bir az gedib qarşıdakı dayanacaqda düşürəm. Yadıma tatuaj mövzusunda başqa bir xatirə düşür. Yəqin fikirləşirsiz. Ki, a balam, bu nöşün tatuajdan danışır? Eləmi? Daş mənim başıma, Allah haqqı, tatuaj yay mövzusudu. Ona görə danışıram. Deməli, nəyi deyirdim. Mən əsgərlikdə olanda bir tələbə yoldaşımın toyu oldu. Təbii, iştirak eləyə bilmədim, məzuniyyət vaxtıma düşməmişdi. Toydan təxminən 3-4 gün sonra ortaq dostlarımız yanıma gəlmişdi. Toyu olan yoldaşı soruşdum. Dedilər, toy əntiqə keçdi. Amma toydan 2 gün sonra ayrıldılar. Düzü, bir az təəccübləndim. Səbəbini soruşdum. Dedilər, qızın bədənində tatuirovka varmış. Özümdən asılı olmadan sual elədim: “Harasında?” Nə isə, bir az gülüşdük. Lakin... görün nə deyirəm ha – lakin. Bax, özüm ölüm elə sarsıldım, elə sarsıldım, “heç oğlum Yədullanın müsibəti belə olmamışdı”...

Sonralar təsadüfən bu “resqi ayrılıq” söhbəti yenə açıldı. Sən demə toy gecəsi xaloğlu gəlinbacının bədənində tatuirovkanı görür. Cin vurur təpəsinə. Deyir, aaz, bu nədi belə? Qız da cavab verir ki, skarpion tatuirovkasıdı daa, görmürsən? Xaloğlu bir xeyli qəzəblənir. Deyir, görməyinə görürəm, kor dədəndi, qoduq köpək qızı! Deyirəm, bu skarpion sənin göbəyində nə gəzir? Yazıq qız qorxa-qorxa cavab verir: “Nolub e, kasmetoloq rəfiqəm yoxdumu Ainka? O, çəkib! Xaloğlu əlinə döndüyüm nə billah inanmır, deyir, yox e, bu xətt oğlan xəttinə oxşayır, düzünü de, kim döyüb bunu göbəyinə? Qız and içir, aman eləyir, gecəynən 124 min peyğəmbəri, 12 imamı, 12 apastolu, məsum və məsumələri, Zəburu, Tövratı, İncili, Quranı ellikcə bütün müqəddəslər və müqədəsələri tökür ortalığa, heç bir vəcdlə bu skarpionu xaloğlunun şübhəsindən qoparda bilmir ki, bilmir. Axırı bezib deyir: “Əə, səydəş oğlu səydəş, get hoppanmağının dalıyca! Düşüyün biri düşüy! Necə də qalmışam bambılı əlində!” – deyib keçir o biri otağa. Ertəsi gün də veş-vüşünü yır-yığış eləyib gedir dədəsinin evinə. Beləcə ayrılıb xoşbəxt olurlar. Xaloğlunun da qohum əqrəbası, dost tanışı ad qoyurlar bu ayrılığa, qaqaşlar demiş “imnavat” eləyirlər. Ki, guya bu xaloğlu NAMUS üstündə ayrılıb.

Deyirəm, adam da bu qədər azərbaycanlı olar? Nə isə, vətən sağ olsun!

# 5474 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #