Əzabın zövqü
(Fərid Hüseynin "...qandalı görməsin" kitabı haqda düşündüklərim)
...Çocuqların özlərinə qalsa, əksəriyyəti ayaqqabısını tərs geyir. Tərs geyilmiş ayaqqabılar rahat olmasa da, onları incidib əzab versə də, eləcə yüyürüb-yortmağı xoşlayırlar...
Məncə, əzabın zövqünü şairlər də yaradıcılıqlarında ayaqqabılarını tərsinə geymiş çocuqcasına yaşayırlar. Əsl söz adamları özləri bilərəkdən deyil, çocuq kimi bilincli olmadan seçirlər bu yolu və heç vaxt "ayaqqabılarını avandına çevirmək" haqda düşünmürlər...
Çünki, məsləhətlə yaranan və özgə arşınıyla ölçülən ədəbiyyatda əzabın zövqünü deyil, zülmün quruca özünü yaşayacaqlarını bilirlər. Keşkə əsl şairlərimiz, yazarlarımız həmişə ayaqqabılarını tərs geymiş çocuq səmimiliyini qoruyub saxlaya, eləcə, ədəbi müstəvidə yüyürüb-yorta biləydilər. Onda yazdıqları da urvatlı olardı. Lap elə bax beləcə – Fərid Hüseynin "...qandalı görməsin" kitabındakı kimi...
***
...İntuisiyama, fəhmimə həmişə inanmışam. İndi də səhv etmədiyimə inanıram. Fərid Hüseynin ədəbiyyatın atişləməz qapçaqlarında tutub getdiyi yolun doğru olması qənaətindəyəm. Onun "...qandalı görməsin" kitabında toplanmış həbsxana xatirələrini demək olar ki, birnəfəsə oxudum. Kifayət qədər gənc olmasına baxmayaraq, sanki bir ağsaqqal tövriylə, səbirlə həbsxana yaşantılarını qələmə alması və bu zaman son dərəcə səmimi olması məni yaxşı mənada şaşırtdı. Sözün həqiqi mənasında, çox təsirləndim.
Doğru demişlər, şairlərin, əsl sənət adamlarının bütün maddi ömürləri dünya deyilən bu ümumi həbsxanada keçir, təbii. Başqalarından fərqli, Haqqa tapınan əsl şairlər buranın, bu faniliyin məhz həbsxana olduğunu, sürgün olduğunu gözəl bilirlər. Ömürləri boyu üzlərinə, içlərinə vuran işığın, zülmətin, dərdin, sevginin şirinini-acısını sıxıb-sıxcalayır, şəhdi-şəkərini ruhlarına hopdurur, onu ölüb-ölüşgüməyə qoymur, əsil Azadlığa – Sözün Dərgahına, yəni Haqqın Sığınacağına can atırlar.
O ki qala, Həbsxana içində Həbsxana yaşayasan və Ruhunu bu qədər paklıq içində saxlaya biləsən... Hələ üstəlik qısa bir zamanda yaşadıqlarını qələmə də almağı bacarasan, özü də bu səviyyədə! Kitabı oxuduqca, yadıma Xaqaninin "Həbsiyyə"sindən bu beyt düşür:
"Bənzəyir kündə ayağımda dəyirman daşına,
Qanlı göz yaşımla işlər bu dəyirmanım mənim..."
Təəssüratıma arxalanıb deyə bilərəm ki, "...qandalı görməsin"i oxuyurkən gənc şairlərimizin həbsxanada zamanın çarxını ürəklərinin qanıyla necə işlətdiklərinin diri gözlü şahidi olur adam. Həm də oxucu hər iki istedadlı gəncin Təbriz zindanında keçirdiyi iztirabları yaşayır, ixtiyarsız olaraq orada yerimək bilməyən zaman kirkirəsinin dəhşət dolu səsini eşidir...
Yeri gəlmişkən, A.Soljenitsının həbsxanalardan, sürgünlərdən, katorqalardan bəhs edən, “Nobel” mükafatına layiq görülmüş "QULAQ arxipelağı" əsərini uzun zamandı dilimizə çevirməklə məşğulam. Artıq bu əsərin üçüncü – sonuncu cildi üzərində işləyirəm. Fəridin həbsxana barədə yazdığı kitabı oxuyanda, istər-istəməz onun qələmə aldıqlarıyla tərcümə etdiyim bəzi mətnlər arasında ötəri də olsa tutuşdurmalar apardım, ayrı zamanlarda, fərqli məkanlarda baş vermiş oxşar məqamlara heyrət etdim: məsələn, gecə-gündüz kamerada söndürülməyən işığın məhbusu hansı duruma saldığı və ya şairlərin ələ keçməsin deyə yazdıqlarını əzbərləyərək əlyazmalarını məhv etmələri 60-70 illik bir zaman ayrıntısı içində həm keçmiş SSRİ zindanlarında, həm də bugünkü Təbriz təcridxanasında eynilik təşkil edir, desəm yanılmaram. Amma bu da təsadüfi deyil. Bu hal dünyanın hər yerində belədi. Axı, zülm hər yerdə və hər zaman eyni zülm, istibdad eyni istibdaddı, heç fərqi yoxdu... Söz yox, tarix boyu zülm maşınının, necə deyərlər, "markası" dəyişir, amma missiyası qalır, törətdikləri eynən həminki olur...
Şairin, yazarın müşahidə qabiliyyəti, tükü tükdən seçməsi, işıqla kölgənin sərhədini ayırd edə bilməsi və məhz o nöqtədən ağı ağ, qaranı qara görmək bacarığı istedadın əsas atributlarındandı. Fərid Hüseyn bu kitabında təkcə işıqla kölgənin sərhədində dayanıb gördüklərini diqtə etmir. O həm də, bu məhbəs xatirələrində azadlıqla istibdadın, yaşamla ölümün, haqla batilin kəsişdiyi nöqtəni görməyi, duymağı, orada sınmadan dayanaraq yaşadıqlarını oxucusuna da yaşatmağı çox gözəl bacara bilib.
Bu kitabda, özündən asılı olmayan səbəblərə görə gənc şairlərin çətin bir duruma düşməsinin təkcə şahidi olmuruq, onlara qoşulub elə özümüz də sanki zindan havası udur, o şəraitə adaptasiya oluruq.
Mənə elə gəlir, burada bir şairin həbsxana yaşantılarından çox Allah sınaqları, ayrılıq, sevgi, edam qorxusu önündə dözümündən, bir qələm sahibi kimi yaradıcı insan əxlaqıyla test olunmasından söhbət gedir və yazının motivasiyası, diqtəsi bizi də məcbur edir ki, ruhən bu testdən keçək, özümüzə hesabat verək: "Bütün bu olaylar bizim başımıza gəlsəydi, necə olardı?" sualının cavabında səmimi olaq.
Onun başına gələnlərə analitik yanaşması hər şeydən çox poetik anlam kəsb edir – desəm, mənimlə razılaşarsınız. Bu, əlbəttə, onun gəncliyindən, çılğınlığından irəli gəlir. İndi hərdən fikirləşirəm: görəsən, həbsxana adlı tale doğanağından keçməsəydilər bu şairlər indi hansı meyarlarla ədəbiyyata yanaşardılar? Təbii Fəridin də, Şəhriyarın da Sözə necə deyərlər "bişmiş" münasibətlərində o dörd divarın, gecə-gündüz "işığı gözlərini qamaşdıran" zülmətin, hər gün üzlərinə qarşı üfürülən min cür fırıldaq, yalan dolu saxta səmimiyyətlərin və təbii ki, yaxşı insanlardan gördükləri həqiqi yaxşılıqların da böyük təsiri olub.
Kitabdan sitatlar gətirmək istəmirəm. Şübhəsiz ki, onun anasıyla, dayısıyla görüşləri və bu görüşlərdə ürək parçalayan yaşantıları, hər şeydən çox anasıyla, sevgilisiylə bağlı düşüncələri bu kitabın yaranmasında sanki bir stimula çevrilib. Bunu həm xatirələrdən, həm də onlara həsr etdiyi şeirlərdən də duymaq olar.
Fərid Hüseyn kitabda bir sıra portretlər çəkib. Məsələn, dostluğun sözlə son dərəcə səmimi bir rəsmini yaradıb sanki: necə var, eləcə. Xetirxahlığın, pisliyin də həmçinin. Cənublu məhbusların davranışlarını, düşüncə tərzlərini, daha doğrusu dünyagörüşlərini yağlı boya ilə kətana çəkirmiş kimi yazıb. Təkcə yazmayıb, həm də tutuşdurub, nəticələrə gəlib.
Bu kitab haqda çox danışmaq olar. Mən inanıram ki, onun məhbəs xatirələri və zindan şeirləri barədə daha sanballı yazılar yazılacaq. Dar macalda bu kiçik təəssüratlarımı qələmə almaqla sanki çiynimdən bir yük götürüldüyünü sanıram. Kitabı oxuyub bitirdiyim andan haqqında nəsə yazmağı özümə borc bilirdim.
Sonda nə vaxtsa yazdığım bir şeirimdən bu misralar düşdü yadıma:
...ölüm kamerasında şairlər doğulur,
olum kamerasında gerçəklər ölürkən...
və bir daha fikirləşirəm ki, ölüm kamerasında həmişə şairlər doğulacaq, kaş olum kamerasında gerçəklər ölməsin. Gerçəkləri Fərid Hüseynlər yaşadır öz istedadıyla. İstedadınsa kaş heç vaxt dörd divar arasında ölüm-qalım sınağı olmasın. Qapıları, yolları həmişə açıq olsun – alınları kimi...