Qeyri-bərabər döyüş

Qeyri-bərabər döyüş
8 iyul 2013
# 07:15

Höcət eləmək mənim əski adətimdi, yeri gəldi-gəlmədi, elə qızışıb özümdən çıxıram ki, əmin oldum-olmadım, mübahisəni qazanmaqdan başqa çarəm qalmır. Bilmirəm, bu necə xasiyyətdi, kiməsə nəsə sübut etmək mənim nəyimə lazımdı. Guya hər kəs öz fikrində qalsa dünya dağılar.

Hərdən mübahisə etmək istedadım köməyimə çatmır, bəzi şeylər haqqında sonradan oturub düşünməli oluram, ağlıma tutarlı dəlillər gəlir və öz mövqeyimi bir az da möhkəmləndirirəm.

Yer göyün səhnəsidi, epizodik rolları oynayanlara acıyıram, onlar yalnız dramatizmi bir qədər gücləndirmək üçün mövcuddurlar. Qorxaq adamı anlamıram, mən ona cəsurluğun heç də qorxulu olmadığını sübut etməyə can atıram, laqeyd adam məni qıcıqlandırır, elə bil bu tipi ömründə bir dəfə də olsa heyrətləndirmək mənim vəzifəmdi, fağır adam məni dəli eləyir, onun yaxasından tutub silkələmək istəyirəm.

Yalnız öz mənafeyini güdən həmişə haqsız adam isə mənim düşmənimdi, haqqı tapdayan adam məni tapdamış kimidi, haqsız adam mənim üçün ən pis adamdı və ona dərhal müharibə elan edirəm, necə deyərlər, öz düşmənçiliyimi təklif edirəm. Qüvvələr qeyri-bərabər sayılsa da, ağır itki verməli olsam belə geri çəkilmirəm, ədalətsizlik üzərində qələbə mənə çox lazımdı, xeyirin haqlı, haqqın güclü olmasına bir daha əmin olmaq üçün.

Mayası şərdən yoğurulmuş bir kəsin dəyişməsinə inanmıram, o yaxşılıq etməyə qadir deyil, o yalnız manevr edə bilər. Yaxşı adamla pis adamın dostluğu mümkün deyil, mümkün olsa da bu itlə pişiyin barışı kimi müvəqqətidi, hər an cırmaqlaşma labüddür, tez-tez “atəşkəs” pozulacaq. Bu ədavət onları idarə edən qüvvələrin - xeyirlə şərin ədavətidir, özü də barışmaz, tarixi ədavəti.

Yaxşı adamlar bir-birinə lazım olduğundan daha çox pis adamlar bir-birinə lazımdır, çünki xeyiri təmsil edənlər onsuz da güclüdülər, çünki bir orduyla təkbaşına vuruşmaq daha zövqlüdür. Təkbaşına vuruşmaq və səninlə bir cəbhədə tanıdığın və tanımadığın xeyli adamın da olduğuna inanmaq.

# 2663 dəfə oxunub

Oxşar xəbərlər

Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
"Qəzada ölənlərdən biri danışdı"

"Qəzada ölənlərdən biri danışdı"

13:15 26 dekabr 2024
Geylər niyə sürətlə çoxalır?

Geylər niyə sürətlə çoxalır?

12:16 23 dekabr 2024
Seriallarımızda ağsaqqallıq eləyənlər

Seriallarımızda ağsaqqallıq eləyənlər

12:19 19 dekabr 2024
“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

15:00 16 dekabr 2024
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
# # #