Günahsızlıq təsəllidir

Günahsızlıq təsəllidir
11 iyun 2013
# 07:45

Həbs olunmasından təxminən bir il sonra, Fərid Hüseyn mənə “...qandalı görməsin” kitabını “azadlıq ləzzəti ilə” (avtoqrafda belə yazıb) hədiyyə etdi. Yolunu gözlədiyim kitablardan idi. Bilmirəm, nədənsə lap əvvəldən Fəridin və ya Şəhriyar Del Geraninin zindan xatirələrini yazacağını gözləyirdim. Ən ümidsiz anlarda belə onların azad olunacağına inanırdım. Hərdən ümidsizliyə qapıldığımız anlar da olurdu. Hansısa sayt bilərəkdən dostlarımızın edam olunacağı xəbərini yayır, dostlarımızın ailəsini və onların yolunu səbirsizliklə gözləyən bizləri həyəcanda saxlayırdı. Mən dua-zad edən deyiləm, sadəcə onların azadlığa qovuşmasına inanırdım, bu azadlığı ürəkdən arzulayırdım.

***

Onların həbsdə olduğu dörd ay müddətində, hər gün onları xatırladıq. Çalışdığımız iş yerlərində söhbətimizin əsas mövzusu, gündəmimiz onlardı. Hətta içki məclislərində belə unutmurduq. Onların günahsızlığına inanırdıq. Onlar da günahsızlıqlarına görə təsəlli tapırmış. Fərid yazır ki, “Günahsızlığım mənə bir təsəlli idi. ....Görünür insanın təmiz olması onun xilasıdır”. Biz də onlara inanırdıq!

Onların azadlığı üçün çalışan hər kəsi təqdir etdik, onların ölkəyə dönməsi üçün əziyyət çəkənlərə dəstək verdik. Hər şey yaxşı qurtardı. 127 gün sonra döndülər, kabus bitdi. Hər ikisi zəngin təəssüratla dönmüşdü. Zarafat deyil, zindan kimi bir məktəb keçmişdilər. Azadlığa təşnə ikən, zindanın soyuq divarlarına üz söykəmişdilər...

Gələn kimi də yazmağa başladılar. Şəhriyar hərbi xidmətə yola düşməmişdən öncə “İntihar hörükləri” romanını təqdim etdi. Hekayələr, şeirlər yazdı. Fərid də qaynar yaradıcı axtarışlar içində, hər zamankı zəhmətkeşliyində idi. Saytlarda, qəzetlərdə demək olar ki, hər gün imzası görünürdü. Nəhayət ki, iki kitabı birdən təqdim elədi.

Fəridin yaradıcılığının nəsr tərəfi mənim daha çox diqqətimi çəkir. “...qandalı görməsin” kitabından öncəki nəsr nümunələri də olduqca maraqlı və oxunaqlı, özünəməxsusdur. “...qandalı görməsin” isə bir başqa kitabdır. Həbsxananın, qürbətin, günahsızlığın, ümidin və ümidsizliyin hər üzü var bu kitabda. Oxuduqca o günlərə qayıtdım. Dostların, medianın, valideynlərinin narahatlığı yadıma düşdü. Narahat günləri xatırladım.

“...qandalı görməsin” İranın simasını göstərən güzgüdür. İran zindanlarında verilən işgəncələr, qanunlarındakı boşluqlar, islam ölkəsinin cinayətkar mühiti, hüquq və cəza sistemi haqqında ələ düşməz faktlar var bu kitabda. Fərid bu kitabla islam ölkəsinin maskasını bir az da cırmış oldu. Zatən dünya İranın necə bir ölkə olduğunu bilir, amma Fərid ortalığa danılması, inkar edilməsi mümkün olmayan faktlar qoyub. Mühafizəkar bir ölkədə insanların necə bəsit arzularla yaşadığını göstərdi. Fərid bu kitabın, yazıların qəhrəmanı deyil və məncə bu çox önəmli məqamdır. Fərid danışdığı əhvalatların müşahidəçisi, bəzi hallarda iştirakçısıdır. Hər şey bəzək-düzəksiz, olduğu kimi yazılıb.

Fəridin ayaqlarının tutulması, Şəhriyarın siqaretsiz qalması, güzgüylə “görüşməsi”, yerli dustaqların qəribə arzuları məni çox kövrəltdi.

“...qandalı görməsin” sarsıdıcı həqiqətlərə işıq tutur. Fərid hər şeyi çılpaqlığı ilə yazıb. Nə özünü, nə də Şəhriyarı qəhrəman kimi təqdim edir. Hadisələr bir-birinə o qədər bağlıdır ki, oxucu kitabı əlindən yerə qoymaq istəmir. “...qandalı görməsin” birnəfəsə oxunsa da uzun müddət kitabdakı hadisələrin təsirindən çıxmaq mümkün olmur.

“...qandalı görməsin” oxuduqdan sonra azadlığın nə qədər gözəl nemət olduğunu hiss edəcəksiniz.

Yaxşı ki, o günlər artıq arxada qalıb. Fərid də, Şəhriyar da azadlıqda, sıralarımızdadır. İllər sonra bu hadisələri xatırlamaq üçün isə Fəridin “...qandalı görməsin” kitabı yaddaş kitabçası rolunu oynayacaq. Və oxuyan hər kəsə o günlərin ağrısını, həyəcanını yaşadacaq...

# 2352 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #