Şəhid atasının qapazı

Şəhid atasının qapazı
8 may 2014
# 10:06

Aliyə

Əvvəllər müharibə sözü bizim yaddaşımızda Böyük Vətən Müharibəsindən bəhs edən ağ-qara filmlərlə, tarix kitabının səhifələri ilə, nənələrimizin və babalarımızın «dava vaxtı» söhbətlərilə assosiasiya olunurdu. Çemodanlarda, bağlamalarda əziz şəkillərin arasında saxlanılan üçkünc «qara kağız»lar çoxdan saralmışdı və belə əhvalatların sonunda bir qələbə günü xatirələri də var idi-9 may günü. Sənədli kadrlarda gül-çiçəklə, sevinc göz yaşları içində bir-birinə sarmaşan adamlarla dolu bir kadr... Sevinc bu kadrlara sığmırdı, sanki bu güllü-çiçəkli may günü məhz qələbə üçün məxsusi seçilmişdi...

Zaman elə gətirdi ki, bizim öz müharibəmiz oldu, müharibə deyəndə ağ-qara yox, rəngli yaddaşımız təzələndi. Bizim nəsil uşaqları çox qorxular, acılar yaşadı. Biz də müharibə uşaqları olduq. Hərənin bir müharibə xatirəsi oldu. Bu xatirə yuxu kimi bir şeydi , onu qoymağa yer tapmırsan. Unuda bilmirsən, kimsəyə də lazım deyil. Uzağı yazdığın yazıların, əsərlərin içinə sala, uşaq-muşağa danışa bilərsən…

…Dedilər ki, kəndin klubunun qabağına şəkillər vurulub-arvadlar yığışıb ağlaşır. Uşaqlarla dərsdən qaçıb getdik ora. Xocalıdan çəkilmiş şəkilləri bir lövhəyə vurmuşdular. Əvvəlcə səsi eşidib, sonra şəkilləri görüb bərk sarsıldıq. Arvadlar ağı deyib ağlaşır, erməniləri lənətləyir, «can, can a bala» deyib, sinə vururdular. Nənəm onların arasında idi. Evə birgə gəldik. O gün evdə dovğa bişirmişdilər. Nənəm deyindi: «qulubun qabağında o qədər ağlamışam başım ağrıyır-bir əməlli yemək bişirərdiz də». Mən yeyə bilmədim…

…Şuşadan qaçqınlar gəlmişdi. Kənddəki boş evlərdən birinə yerləşmişdilər. Anam balona süd töküb mənimlə onlara göndərdi. Şuşalı arvad südü götürüb, doluxsundu. «Arıya kimi saxlayırdıq» - dedi. Balonu yuyanda şirin ləhcəylə «qadan alım» deyən arvadın ağladığını gördüm...

…Kolxoz, sovxoz - birgə təsərrüfat sistemi dağılmışdı. «Spisat» olmuş yunu camaata payladılar. Hər ailə yunu əyirib, Qarabağda vuruşanlar üçün bir cüt corab, bir cüt əlcək toxudu. Əlcəklər beşbarmaq deyildi, amma avtomatın tətiyin çəkmək üçün şəhadət barmağa yer qoymuşdular. Bunu qardaşım lovğa-lovğa izah elədi…

…Bulaq başında yığışan arvadların da, məktəbdə uşaqların da, klubda, dayanacaqda yığışan kişilərin də mövzusu işğal olunan kəndlər, geri alınan kəndlər, qaçqınlar və Qarabağda vuruşan oğlanlar idi. Arabir qələbə xəbərləri yayılırdı və yalana çıxırdı…

…Müharibədə kimsə şəhid olanda yığışıb o evin həndəvərində fırlanır, yasda olan analarımızı gözləyirdik. Klubun və ya məktəbin qabağında, şəhidlər bulağının qarşısında, rayon rəsmilərinin iştirak etdiyi tədbirlər keçirilirdi. Şəhidlərə həsr olunmuş şeir və esseləri oxuyanda arvadlar astadan ağlaşırdı. Bizim boğazımız acışırdı. Seçilən şerlər içində milli oyanışdan, 28 may-respublika günündən, ordudan bəhs edənlər var idi. Məmməd Arazın şerlərini mənasına varmadan, daha hündürdən, pafosla və xüsusi intonasiya ilə oxuyurduq. Bunlar bizim üçün sadəcə söz idi…

…Sözdən qorxduğum anı dəqiq xatırlayıram. Bir vaxt bizdən yuxarı sinifdə oxuyan Həsrət adlı (bu adı hardan tapıb, nə ağılla ona qoymuşdular?)bir oğlan şəhidlərə həsr olunmuş ədəbi-bədii gecədə oğlunu itirmiş atanın dilindən bir bayatı deməliydi. Bayatının axırı belə gəlirdi: «oğul itirən ata, tökər başa kül, ağlar». Bu son misrada müəlliməmizin tələbiylə Həsrət iki əlilə başına qapaz salmalı və bu jestlə başına kül ələnmış atanın müsibətini daha obrazlı göstərməli idi. Bu jest oğlanda alınmır, arvadsayağı çıxır və biz gülürdük. Nəhayət o, bacardı. Bayatıdakı kədəri hərəkətilə uyğunlaşdıra bildi. Az keçdi. Bir-iki il təxminən. Həsrət əsgərlikdə, atəşkəs vaxtı şəhid oldu. ölüm xəbəri cənazəsindən əvvəl gəldi. Qəribə gün idi. Kəndə o qədər qar yağmışdı ki, onun cənazəsini iki gün sonra gətirə bildilər. İçə məktəb uşaqlarını da cəlb etmişdilər. Dərsdən azad olunmusduq- qarı kənara atıb yolu açmağa başladıq. Mükafatımız tabuta yaxından baxmaq olacaqdı. O maşın asta-asta kəndə girdi. Biz kəndin ortasındakı yüksəklikdə dayanıb, aşağı, Həsrətgilin həyətinə baxırdıq. Meyiti düşürəndə onun atası məhz o bayatıdakı kimi, başına ikiəlli qapaz saldı. Bu epizoddan saçlarımın dibinə kimi sarsıldım. Biz bir vaxt Həsrətin bu jestinə gülürdük…

…Hər il yaz gələndə sanki hər şey yenidən rənglənir, xatirələrimiz bir az da solğunlaşır, Yaddaşımızdakı kadrlar bir az da saralır. Köhnə filmlərin ağ-qara olması bu üzdəndi bəlkə də. Amma sevincli günlər saralmır. 9 may kimi. 28 may kimi. Qeyd olunmalı, gözəl yaz günü kimi.

Amma xatirələrini yığmağa yer tapmayan, unutmağa çalışan bizim nəslin - müharibə uşaqlarının öz 9 mayı, 28 mayı yoxdu. Biz hələ ki, 8 mayda qalmışıq. Şuşanın işğal günündə…

# 4093 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #