Göydən üç banan düşdü

Göydən üç banan düşdü
10 aprel 2013
# 10:49

(Afrikadakı meymunun bəyənməyib ağacdan atdığı üç banan)

Biri vardı, biri yoxdu, bir millət var idi. Bu millətin sağlam geni, sağlam əkini-biçini, mal-qarası, və bütün bunlardan yeyib içib böyüyən sağlam, işgüzar balaları var idi. Göyündə ağacları öz boyunda, bağında meyvəsi, bostanında tərəvəzi öz dadında. Əti, yağı, südü, qaymağı öz doğma tamında. Qırmızı yanaqlı nənələr, çal papaqlı dədələrdən miras qalırdı nəsillərə bu sağlıq. Bir gün pis əmilər gəlib bu nizamı pozdular...

Hər şey pis yağlardan başladı. Nehrələri sındırıb sıradan çıxartdılar. Ömrü boyu Cənub Qafqazın havası, suyu, ot-ələfi ilə böyümüş heyvanlardan tutulan kərə yağı ilə yaşayan millətə dəmir qutularda başqa qitələrin morjunun, suitinin, daha nələrinin yağını yedirtməyə başladılar. Sonra okeanın bütün taylarından toyuq budları axışdı millətin evinə. Daha sonra broylerlər uçub gəldilər. Qoyun və mal əti adı ilə daha nələr, nələr...

Sonra, günəşin belə fırçasında olmayan əlvan rənglərdə, başqa dadda, başqa böyüklükdə tanış və naməlum meyvələr. Sonra müxtəlif sular, şirələr...


Beləcə, millət parklardan və meydandan daha çox apteklərdə və xəstəxanalarda toplaşdı.


Sonra yenə okeanın hər tayından millətin üzərinə müxtəlif dərmanlar axmağa başladı. Bu artıq fəlakət idi. Amma son deyildi. Son daha pis idi. Son sonsuzluq idi...


Sonra millətdə uşaq ölümlərinin sayı artmağa başladı. Uşaqlar ya analarının bətnində, ya da doğulandan az sonra öldülər. Stressə düşüb ömürlük xəstə qalan anaların, əli heç yana çatmayan, siqaretə, içkiyə qurşanıb kişilikdən düşən ataların məmləkəti, biruşaqlı ailələrin milləti...


Sonra millətdə sonsuzluq yarandı. Övlada həsrət qalan ailələrin sayı dayanmadan artdı...


Sonra süni mayalanma qaçılmaz oldu...


Beləcə, pis əmilər çoxdan alıb gətirdikləri süni mayalanma aparatlarının üstünü açıb, işə saldılar. Tədricən kimliyi bəlli olmayan donorlar dövriyyəyə buraxıldı...

Qırmızıyanaq nənələrin bütün bunlardan xəbərsiz idilər. Onlar çoxdan-hələ ağızlarının dadı dəyişən kimi ölmüşdülər. Çalpapaq dədələr də nəvələrinin rəngi dəyişənə qədər dözüb yaşaya bilmişdilər...


Biri vardı, biri yoxdu, bir millət var idi. Və bu, həmin millət deyildi...

# 5009 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
#
#
# # #