Qadının gecə köynəyi

Qadının gecə köynəyi
4 mart 2013
# 18:51

İlqar Rəsul

Özümə qəbir qazdım. Getdim ölməyə. Gəldim gördüm yağış doldurub. Sənə yazdığım son məktubumdan gəmi düzəldib bir xeyli üzdürdüm. Dərdlərim islanıb göyərdi...

Göyə baxıb ölmək istəmədim. Qəbrimdə ağac əkib məni sevən ərsiz qadına getdim. Mənimki səndə gətirmədi, onunku məndə gətirsin barı-dedim. Bəlkə də ağacı səninçün əkdim-bilmirəm. Amma yağışı onun Allahı yağdırmışdı...

Həyətində çəllək var idi. Altında xəfif ocaq yanan, içində isti su buxarlanan dolu çəllək. Şaxtalı havalarda buxarın rəngi daha tünd görünür-hiss etdim...

Suda gəmi üzdürürdü. Yəqin ki, mənə heç vaxt göndərməyəcəyi məktubdan düzəltmişdi. Sirləri islanıb göyərmişdi gəminin göyərtəsində...

Soyunub qarın üstündə ona qədər bir xeyli yalın ayaq şəkilləri qazdım. Qalxıb çəlləyə girdim...

Buxarın arasından çəlləyə sallanmış açıq sinəsi və sabunlu əlləri görünürdü. Sığalı ürəyimin üstündən keçəndə döyüntülərin ritmi dəyişdirmişdi. Boynumda fikirlərimi ayazıtdı. Yaxşıca yudu məni. Səndən heç nə qalmadı canımda...

Əlimdən tutdu. Arxasına düşüb evinə keçdim...

Əynindən yaxalığı və ətəkləri islanaraq bədənini gizlədilməli olan yerlərini gizlətmək iqtidarında olmayan ağ, kətan gecə köynəyini çıxardıb onunla quruladı məni. Ən yaxşı kəfən səni sevən qadının gecə köynəyidir-ağlımdan keçdi...

Titrəyirdim. Üşümüşdüm. Yatağa uzatdı. Sinəsinə sıxıb sakitləşdirdi. Mənim qəbrim onun içindəymiş-düşündüm...

Aramızdan qulağıma dünyanın çoxdan unudulmuş hansısa dilində su səsi gəlirdi. Tərləmişdik...

Səni sevməyənə itirdiyin vaxt, səni sevənin ömründən gedirmış, anlamazmısan bunu?!- içimdə özümü asıb-kəsirdim...

Birdən anlamışdım ki, bu dünya ilə o dünyanın arasında başqa bir dünya da var. Qadın qollarının arası. Və daha zamansız bir məkan. Burdakı həyatın ömrü yalqızlığın və ehtirasın miqyasından asılıdır. Həyatın uzunluğu və ya qısalığı onun maraqlılıq dərəcəsindən asılı olduğu kimi. Aramızda yağış yağdı...

... Yağış damda maraqlıdır. Amma mutlu etdiyin qadının göz yaşı qədər sehrli deyil. Səni sevəni dəyərləndir. Bir də görəcəksən dünyanın yəqin ki, unudulmuş hansısa dilində aranızda yağışlar yağır. Həyat sənə yuxu kimi gələcək...

Damda oturmuşam. Səhərdi. Xəfif yağış yağır. Qulaqlarımda dünyanın səsini batırmışam. Yalnız kosmosun uğultusu var.

İnsanların tələsik evlərdən çıxaraq necə işə, görüşə, oğurluğa, ölümə getmələrini seyr edirəm (axşam hərə bir sifətdə geri qayıdacaq, qayıtmayanlardan başqa). Mənsə bütün bunları yuxu sayıram. Çünki hamısı bəlli bir məkana və zamana bağlı epizodlardı. Gerçək həyat məkanla və zamanla məhdudlaşdırıla bilməz-düşünürəm...

Kim sübut edə bilər ki, əsil həyat yuxu saydığımız deyil. Mən o çəlləyin dibindəki ocağı canımda, o qadının göz yaşlarını ciyərlərimdə indi də hiss edirəm...

# 5042 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #