Kreditə şuba alanlar

Kreditə şuba alanlar
2 avqust 2017
# 11:01

Başqa toplumlarda bilmirəm necədir, amma azərbaycanlıların “kasıbçılıq” kimi bir kompleksi var. İctimai sindrom da demək olar. Yoxsul güzəranı ilə bahalı əşya, geyim alanların çoxu bu kompleksin zibilinə düşənlərdi. Adam az qala maaşının yarısını hər ay kreditə verir, təki “kasıbdır, ucuz telefon işlədir” deməsinlər.

İnsanlar kasıb olmalarından utanırlar. Biri 5 manata kofta alır, amma qiymətini dost-tanışdan gizlədir. Soruşan olanda azı elə 5 dəfə məbləği artırıb elə cavab verir. Yaxud da toya gedir, rəfiqəsinin zinət əşyalarını alıb taxır. Bilməsinlər ki, qızılı, brilyantı yoxdur.

Bir qohumum var, güc-bəla ilə dolanır. Oğluna 700 manata telefon alıb. Deyir, çayxanada hamının telefonuna fikir verirlər, kasıb olsaq da, balam niyə dost-tanışdan geri qalsın? İstədim soruşum ki, yaxşı, bəs bu çayxanaya gələnlərin avtomobili yoxdur? Sabah uşaq bahalı avtomobil istəsə necə olacaq? Amma ürəyi partlamasın deyə dinmədim.

Varlı görünmək, zənginlərlə ayaqlaşmaq istəyi camaatı qırıb batırır. Yoxsa yoxsul büdcənı sıxıb-sıxıb niyə bahalı restoranda ad günü keçirsinlər ki? Kasıbsan, ayağını yorğanına görə uzat, nəyə gücün çatırsa, onu ye, onu geyin. Ta niyə özünü kreditlərlə boğursan ki?

Kasıblıq kompleksini yaşayan adamları 2 qrupa bölmək olar. Birinci zümrə varlı fonu yaratmaq üçün elə imkanlılardan istifadə edir. Çalışır zənginlərlə dostluq qursun, onların çevrəsində olsun. Buna nail olanlar da var, 1-2 dost-tanış qazana bilirlər. Amma nəticəni əldə edənək dəridən-qabıqdan çıxırlar. Varlı ilə ayaqlaşmaq sizə asan gəlməsin. Onun bir neçə şubası var, sən də gərək heç olmazsa, birini alasan. Varlı üçün geyim kolleksiyası yığmaq problem deyil, amma yoxsul təkini alanadək nə əziyyətlər çəkir-borc, kredit, sələm...

Adətən bu qrup kasıbların hüzuru olmur. Davamlı yarış halında yaşayır və heç vaxt da kompleksdən xilas ola bilmirlər. Varlılarla təmas və yoldaşlıq onlarda kasıbçılıq sindromunu həmişə təzə saxlayır. Özü də 2 qat- həm özlərinin, həm də varlıların yaratdığı kompleksi yaşayırlar.

Keçək ikinci zümrəyə. Bu qrup yoxsullar elə özləri kimi kasıb adamları hədəf seçirlər. Onlar da büdcəni aşan alış-veriş edir, varlı görünməyə can atırlar. Amma birincilərə nisbətən daha rahat zəngin havası ata bilirlər.

Görünən odur ki, bir tərəfdən kreditlərin stresi, o biri yandan kompleksin verdiyi mənəvi narahatçılıq adamların həyatını zəhərə döndərir. Dəyərmi bir ömür bu qədər zülm çəkməyə? Yoxsulluq ayıb deyil ki. Niyə gizlədir, utanırsınız?

Əgər hələ də kasıblıq kompleksindən maddi-mənəvi əziyyət çəkirsinizsə, sizə xilas yolunu təklif edə bilərəm. İlk öncə kasıb olduğunuzla barışın, qəbul və elan edin. Bunu sosial şəbəkədəki hesabınızı açıb, yoxsul olduğunuza dair status paylaşmaqla da edə bilərsiniz. Yazdınızmı? İndi dərindən nəfəs alın. Vəssalam!

# 1970 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #