Yenə o uşaqlıq olaydı

Yenə o uşaqlıq olaydı
16 iyun 2017
# 12:28

Kulis.az Təranə Fazilqızının “Sevginin əsiri” yazısını təqdim edir.

İşin çoxluğundan təngə gələndə, şəhərdəki tıxaclar onu bezdirəndə bağlarına üz tutardı. Pünhan dostlarına yaxın olmaq, dənizin qoxusunu ciyərlərinə çəkmək istəyirdi. Səmaya dikilən baxışları axşamlar ulduzları saymaqla, gündüzlər hay-küyçü qağayılara baxmaqla keçərdi. Sahildə diyircəkli balıqqulaqları axtarıb tapar, qulağına yaxınlaşdırıb səsləri eşitməyə çalışardı. Yığdığı balıqqulaqları ovcuna yerləşdirə bilməyəndə, donunu qalxızıb ətəyinə yığardı. Ağlı kəsəndən su qrafinində irili-xırdalı balqqulaqları görmüşdü. Soruşanda “Su sərin olur, axşamlar dalğaların uğultusu gəlir” demişdi nənəsi. Nə sirr idisə bacı-qardaşlarından daha çox nağıllara o, inanardı. Külək dalğaları şahə qalxızıb sahilə çırpanda, qumun tozundan göz-gözü görməyəndə kiminsə batdığını deyərdi böyüklər. Bəlkə elə o gündən dənizin sehrinə düşmüşdü.

Bağ sarıdan bəxti gətirmişdi, dənizə lap yaxın idilər. May gələr-gəlməz səbirsizliklə dərslərin qurtarmasını gözləyirdi. İyunun ortalarında ailəliklə bağa köçərdilər. Onun üçün yay bağa köçdükləri gündən başlanardı.

Adət etmişdi, dan yeri ağarmamış sahilboyu ayaqyalın qumluqda gəzər, “yoruldum” deməzdi. Ayağına dəyən nəm torpaq, yosunlar, Günəşin doğması onu ovsunlayar, bütün vücudunu riqqətə gətirərdi.

Dərslər qurtarmış, uşaqlar yay tətilinə buraxılmışdı. Bağa gəldikləri üç gün idi. Tam yerbəyer olmasalar da, xəlvətə salıb iki daşın arasında gözdən oğurlandı. Əynindəki köhnə şalvarın balaqlarını dizə qədər çırmalayıb tez- tələsik dənizə doğru yol aldı. Dalğaların döydüyü kələ-kötür, nahamar daşın üstdə oturub bir hovur dincəlmək, dənizlə baş-başa qalmaq istədi. Ayaqlarını aramla suya sallayıb ətrafa baxdı. Dəniz soyuq idi. Canına üşütmə düşsə də, bu gizilti ürəyini oxşadı. Bir az aralıda bir-birinə sığınmış cütlük vardı. Qolunu qızın belinə dolayan gənc digər əlini irəli-geri ölçərək bütün vücudu ilə üyüdüb-tökürdü. Elə bil sözlərinin doğruluğunu isbat etməyə çalışırdı. Yanındakı bəstəboy qızın halı ürkək böcəyə bənzəyirdi. Bir anlıq ona elə gəldi ki, qız o qədər də məsud deyil bu görüşdən. Nəzərini onlardan çəkib xeyli aralıda heykəl kimi durmuş balıqçılara tuşladı. Tilova düşəcək ovunu gözləyən balıqçının balıqdan başqa nə arzusu ola bilərdi, - deyə fikirləşdi. Xəzridən gələn meh çala-çuxura dürtülmüş rəngli termosları, balıqçıların ərzaqla dolu olan salafan kuloklarını yellənçək kimi tərpətsə də, aşırda bilmirdi. Qəzəbli dalğalar növbə ilə cuşa gəlir, köpüklü sularını qayalara çırpıb yenidən dənizə dönürdülər. Qağayılar həmişəki kimi səs salaraq, qanadlarını suya vurur, balıq tutduqda, şahanə görkəmlə səmaya qalxırdılar.

Sığındığı xatirələri vərəqləməyə, o illəri xatırlamağa tələsdi. Yan-yana düzülmüş əncir ağacları, qumluğa sovrulmuş üzüm salxımları, quyudan çəkdikləri şirin su, daha nələr, nələr yadına düşdü...

Xatirələrin axarında özünü elə unutmuşdu ki, gülümsəyir, hisslərə qapılıb təəssüflə başını yırğalayırdı. Çox sevdiyi yer baş-başa qaldığı qoşa badam ağaclarının yanı idi. Köhnə yaşıl palazı anasının təkidiylə qumluğa sərib kölgəlikdə kitab oxuyardı. Yorulanda uzanıb səmaya baxmağı çox sevərdi. Duyğulu hisslər oyadan, onu bir addım böyüdüb düşündürən Əlibala Hacızadənin “Təyyarə gölgəsində”ki əsəri idi. Uşaqlıqdan yeniyetməliyə keçid dövründə sevgidən oxuduğu hər cümlə qızcığazı ovsunlayırdı. Xəyala dalar, özünü əsərin qəhrəmanına bənzədərdi. Bağa gəldikləri on gün bəs idi ki, onlar yanıb, kömürə dönsünlər. Uşaqlar kimin daha çox qaralmasıyla fəxr edər, kürəklərin dərsini həvəslə soyardılar. Sübh tezdən onları oyadıb, yatmağa qoymayan atası təkidlə ağız burunları qaralanadək tut yedizdirərdi. Bacı qardaşlarıyla suyun altında kim daha çox qala bilər, - deyə mərc etmələri necə şirin, sadəlövh idi. O vaxtlar dəniz başqa idi, sahil sularında balıqlar qaynaşırdı. Balıq tutmağa gedən atasına xeyli yalvar-yaxar edər, onu razı salıb sahildə çadır qurardılar. Narınclı rənli, ağır qapısı, dördgözlü pəncərəsi olan bu çadırdan həmişə dəniz qoxusu gəlirdi. Atası iri balıqları çox asanca tutar, anası da onları bişirərdi. Dənizin yorğunluğundan, qaçhaqaçdan halsız düşən uşaqlar balığı elə acgözlüklə, yeyərdilər ki, anası əlləri qoynunda məhəbbətlə onlara baxıb gülümsəyərdi. Külək qumu göyə sovuranda, qarınları tox olanda anası onları çadıra qovar, təkidlə yatmağı tapşırardı. Onlar da balaca cücələr kimi bir-birinə sığınıb dəcəllik edər, sonra da şirin-şirin yatardılar. Yuxularına şəkər qatan dalğaların, qağayıların səsi başqa bir aləm idi. Valideynləri rəhmətə gedəndən xeyli sonra, çadırın o günlər itib batdığını da bildilər. Ən çox qəribsədiyi o çadıra yenidən qovuşmaq üçün nələrdən keçməzdi...

İndi ömür yarıya çatsa da bu xatirələrin şirin ağuşundan çıxa bilmir, yaş ötdükcə uşaqlığına daha çox bağlanırdı.

Necə oldusa diksindi. Özünü kürəyinə qədər soyuq suyun içində gördü, nəfəsi təngidi. Xəyallar qanadında pərvazlandığından yosunlu daşdan nə vaxt, necə sürüşüb dənizə düşdüyündən xəbəri olmamışdı. Xatirələrdən ayrılıb güc-bəla ilə daşın üstünə, ordan da sahilə yan aldı. Canında soyuq titrəmə vardı. O, tələsik addımlarla bağlarına tərəf üz tutdu...

# 1658 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #