Anasına gül dərən uşaq

Anasına gül dərən uşaq
20 oktyabr 2015
# 13:56

Uşaqları çiçəklərə bənzədirlər, yaxud da əksinə, amma nədənsə qadın deyəndə gül yada düşür. Gül və qadın. Bunu elə-belə, gəlişi gözəl söz üçün demədim...

Mənim işə gedib-gəldiyim yolun üstündə bir neçə xiyaban və lək var. Onun birində daim tərəvəz əkilir. Və fəsillərə uyğun olaraq tərəvəzin növü də dəyişir. O, ləklərə qulluq edən adamların işgüzarlığına, təbiət və ailə sevgisinə qibtə edirəm, ürəyimdə onları sevirəm də. Bir ləkdə isə dövrələmə qızılgüllər əkilib: yay-qış həmin kolların üstündə güllər qızarır. Həmin gülləri ötən yaz ağsaqqal bir kişi hardansa gətirib əkmişdi. Əvvəllər mən onu köhnə məhləmizdə yaşayan kişiyə bənzətmişdim, amma hesablayanda görmüşdüm ki, həmin adam ola bilməz, çünki o birisi daha yaşlıydı. Sözüm bunda deyil.

Qızılgül sahibinin əli nə qədər yüngül, ürəyi nə qədər təmizmiş ki, o kolların hamısı tutdu, belə demək mümkünsə, bar gətirdi. Onları saymışdım, on bir ədəd idi. Və həmin gülləri kiminsə qopartmasına nə o kişi dözərdi, nə də mən. Amma sən demə, o dözərmiş.

Adi günlərin birində ordan keçərkən qəribə mənzərəyə rast gəldim. Həmin ağsaqqal kişi gülləri sulayirdı, onun yanındakı ağacları da eləcə. Balaca bir oğlan uşağı qızılgül koluna yanaşdı, bir gül qopartmaq istədi, amma əlinə tikan batdığından tez də əlini çəkdi. Kişi, bostan sahibi ona yaxınlaşdı və gözlədiyimin əksinə olaraq, uşağı danlamadı, həmin gülü cibində gəzdirdiyi qayçıyla kəsərək uşaqa verdi. Uşaqsa o gülü bir az aralıdaki “besedka”da (sözxanada) oturmuş cavan qadına apardı. Güman ki, qadın onun anasıydı və sevincindən uşağı bağrına basıb üz-gözündən öpdü. Düzdü, analar onsuz da balalarını, xüsusən də oğlanlarını çox istəyir. Bəlkə də bu, ərindən görmədiyi qayğının əvəzinədir, boşluqları doldurmaq istəyidir.

- Hər uşaq bir gül dərsə, burda heç nə qalmaz ki, - deyə daim salamlaşdığım gül sahibinə dedim.

- Analara olar. Uşaq o gülü anasına aparır və hər dəfə bura gələndə belə edir, - dedi.

Onda mən öz oğlumu xatırladım. O da uşaq vaxtı, ağacda, ləkdə, parkda gül görəndə anası üçün dərirdi. Mən bunu ona qadağan eləməyə çalışsam da, nəticəsi olmadı və ana-bala sevgisi mənim iaradlarımı üstələdi. İndi, yəqin ki, uzaq şəhərdə yaşayan oğlum öz rəfiqələrinə, sevdiyi qızlara gül bağışlayır. Hər halda mən bunun belə olduğuna inanmaq istərdim.

Qaldı ki, balaca uşağa və onun anasına. Hər ikisinin üzündə olan sevinc bu dünyanı rövnəqləndirən, işıqlandıran bir hadisəydi və yəqin ki, heç nəylə əvəz olunmazdı.

Kitab oğrusunu qınamadığımız kimi, anasına gül aparan uşaqları da anlamalı, hətta sevməliyik.

Əslində isə ana-balaya o sevinci bəxş edən gül sahibi olan həmin ağsaqqal kişiydi və uşağın bu hərəkəti ona həyatda çoxdandan unutduğu sevinci yaşadırdı. Bəlkə o kişi elə mən özüm idim. Kim bilir...

Oktyabr 2015

# 2167 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #