Tfu, mənim üzümə...

Tfu, mənim üzümə...
14 aprel 2014
# 15:44

Dedi-qodu, intriqa sənətin boyuna biçilib, mayasına hakimdir. İstənilən sənət sahəsinin - tutalım, ədəbiyyatın, teatrın, kinonun mətbəxinə ötəri nəzər salan, kulisdə olan hadisələrdən xəbərdar olan adamlar hər şeyin kitabda yazıldığından, ekranda-səhnədə göstərildiyindən yer-göy qədər fərqləndiyini açıq-aşkar görə bilər. Deyək, səhnədə gördüyü aktyorun əlçatmazlığına inanan sıravi tamaşaçılara, gözəl əsərlər yazan yazıçıların təmizliyinə inanan oxuculara dəfələrlə rast gəlmişəm ki, nə qədər qəribə də olsa, inandığı sənət adamının şəxsiyyəti haqqında turşməzə həqiqət öyrənən kimi az qala travma alır, “heyf” deyib, durur. “Heyf” deyib durmaq nədir, az qalır başına-gözünə döysün, əlinə düşsə, nəzərində böyütdüyü adamın ətini yeyər.

Tələbəlikdə kirayə qaldığımız otaq yoldaşlarıma ekrandan-efirdən düşməyən aktyorların, şairlərin həyatının kütləyə məlum olmayan tərəflərindən danışanda ağızları açıq qalar, gözləri yağ görmüş pişik gözü kimi bərələrdi. Əlbəttə, təqdimatdan çox şey asılıdır və üzrü günahından betər səslənməsin, mən həmin adamları gözdən salmaq, qeybətini qırmaq məqsədi ilə yox, özümə adi görünən həqiqət kimi təqdim edirdim. İşə bax: sonralar bunun əks effektini gördüm. Haqqında danışdığım adamların bir gözəl şeirini oxuyub tərifləyəndə gözlədiyim münasibətin əksini görürdüm. Təxminən belə ki, şəhərdə ağac dibinə işəyən şair yaxşı şeir yaza bilməz, arvadını müdirinin yanına göndərən rejissorun bütün yaradıcılığı zibildir. Hələ bunun ardı da var. Deyək ki, adamı televiziyada görəndə söyüb kanalı dəyişmək, qəzetdə şəklini görəndə yandırmaq. Nəbadə, sənətlə şəxsiyyətin fərqliliyini izah etmək eşqinə düşəsən. Bahoo, adamı gözü ilə görmüş çıxararlar.

Nə isə, tamam başqa şeydən yazmaq istəyirdim, hardan hara gəldim. Hərçənd, necə deyərlər, bu məsələ medalyonun o biri üzüdür.

Bizim yaradıcı mühitdə riyakarlıq qəhrəmanlıq sayılır. Sənətin bütün problemləri çayxanada, restoranda, tədbirlərdə saf-çürük edilir, kimin kimdən xoşu gəlmirsə, qabırğasına döşəyir. Elə ki məsələ mətbuata gəldi, hərə yaxasını bir kənara çəkir, dilinin ucunda çırpınan həqiqətləri qızara-qızara öldürür, pərt olduğu bəbəklərindən hiss olunur. Amma kimə deyirsən, qorxu sənətin hər üzünə bələd olan istedadlı adamı yalan danışmağa məcbur edir, ən yaxşı halda neytral bir fikir deyib, yaxasını kənara çəkir ki, əşşi, nazirlikdə kiminsə xoşuna gəlməz, işimi əyərlər. Tanınmış sənət adamları ilə indiyə qədər etdiyim müsahibələrdə gəldiyim qənaət budur: Azərbaycan teatrının, kinosunun, ədəbiyyatının evini yıxan sənət adamlarının özləridir. Və bunun tək səbəbi o adamların riyakarlığı, öz aləmlərində güdaza getməkdən qorxmaqlarıdır.

Bir neçə ay əvvəl rejissorlardan biri ilə müsahibəyə getmişdim. Məni özünə simsar bildiyindən, üstəlik, ona sayğı duyduğumu hiss etdiyinə görə, tez-tez “bunu istəmirəm yazasan” deyib, xeyli maraqlı məsələlərə toxundu. Mənim aləmimdə, dedikləri həm də çoxluğun bildiyi adi həqiqətlər idi, di gəl, özünü sənət fədaisi sayan adamı başa salmaq olmurdu ki, canım-gözüm, bu şeyləri siz də deməsəniz, kim deməlidir?

- Bilirsən, ədəbiyyata baxma, kinonun, teatrın işi yuxarılardan asılıdır. Nazirlikdə adamlar var, adi bir sözü şişirdib dağ boyda edirlər, üstünə bir az da qoyub adamı gözdən salırlar. Təsəvvür et də, bir kinonu, tamaşanı təxirə salsalar, batıb gedərik.

Adama yazığım gəldi. Diktofonu söndürdüm ki, rahat olsun, nə istəyir, danışsın. Sənət dostlarının, kino və teatr mühitinin dalınca nələr danışmadı? Əlbəttə, onları müsahibədə yazmaq jurnalistika prinsipləri bir yana, əxlaqdan deyil! Sənətin ümumi problemləri haqqında çox rahatlıqla diktofona dediyi fikirlər yazanda adam az qaldı yeri-göyü dağıtsın. Deməli, belə adamların qeybətinə qulaq şahidi olan adam hər şeyi olduğu kimi yazsa, adam ya infarkt keçirər, ya da ölkədən baş götürüb gedər.

Və ən pisi nədir, bilirsinizmi: həqiqəti dilinin ucunda öldürənlər məhz peşəkarlardır ki, auditoriyada tələbələrinə sənətə xəyanət etməyin cinayət olduğunu hər gün təkrarlayırlar.

Və ən pisi həm də nədir, bilirsinizmi: mənim bu yazım da riyakarlığın başqa adıdır. Niyəsini özüm bilirəm! Tfu, bizim..., yox, mənim üzümə!

# 34600 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #