Asudə xalanın itməyi

Asudə xalanın itməyi
17 iyun 2013
# 07:30

Səhər Əhməd

Doqquzuncu sinifdə oxuyanda Kalmıkiyada hərbi xidmətdə olan qardaşımla məktublaşaraq şahmat oynayırdıq. İki ilə hesab cəmi bir-bir olmuşdu. Bu müddətdə çoxlu konvert, marka, açıqca, kənarları zərli haşiyəli vərəqlər almış, günlərlə poçtalyon yolu gözləmiş, qardaşımın növbəti gedişi haqda düşünmüşdüm. Onun bircə səfərlik qala qurmağı unutmasını uzun-uzadı arzulamışdım.

Axır ki, qardaşım nə vaxtdı üzünü görmədiyi bacısına iki-sıfır hesabıyla qalib gəlməyə qıymamış, növbəti gedişlərin birində arzuladığım səhvlərin birinə bilərəkdən yol vermişdi. Uzaq Kalmıkiyada gözlərini yumub mənim o məktubu necə həyəcanla açdığımı, gözlədiyim gedişi görüb, necə sevindiyimi təsəvvür eləmişdi.

Bu hadisə uzaq sovet dövründə baş verib. O zaman ki, məktubla şahmat oynamaq normal sayılırdı. Onda heç kim bekar deyildi, amma hər kəsin mütləq asudə vaxtı olmalıydı. Bu “asudə vaxt” anlayışı o zamanlar qulağımda çox xoş səslənir, mənə romantik təsir bağışlayırdı. Sanki bu asudə vaxtda heç kim pis bir işlə məşğul ola bilməzdi, hamı dəstəylə kinoteatra getməli, mədəni tədbirlərə qatılmalı, mütaliə ilə məşğul olmalıydılar.

İndi nootbuklarımızı dizimizin üstünə qoyub kinomuza baxır, qulaqlığımızı qulağımıza taxıb, iş görə-görə musiqimizi dinləyirik.

Oxuduğumuz müasir roman kitabları o vaxtkı şeir kitablarından balacadı. Yazılarımızı artıq qələmlə yazmır, redaksiyaların qapısına ayaq döymür, məktubları yola salmaq üçün poçta getmirik. Məvacibi alanda kassirlərin naz-qəmzəsinə dözmək lazım gəlmir. Mağazalarda ucu-bucağı görünməyən növbələrdə dayanmırıq. Borc pulu belə bankomatlardan götürüb, elə ona da “qaytarırıq”.

Axtardığımız məlumatı, bişirəcəyimiz yeməyin reseptini, biletin qiymətini, alış-verişin qaydasını internetdən öyrənirik. Telefonla avtobusda danışır, “feysə” metroda girir, naharı uçaqda edirik. İndi eyni anda neçə adamla məktublaşmaq mümkündü; “slm”,” ncsn?” , “vzyt?” abreviaturaları ilə.

Amma yenə də asudə vaxt heç yerdə gözə dəymir. Nə kinoteatrlara axışan, nə də dəstə-dəstə nərd, domino, şahmat oynayan adamlar şəklində. Biz sürətimizi artırdıqca vaxt da bizdən eyni sürətlə uzaqlaşır. Heç kimin balansında kifayət qədər zaman qalmayıb.

O vaxt mən indiki uşaqlardan heç də az oxumurdum, bədii kitabları da nəzərə alsaq, qat-qat çox oxuyurdum. Dərsliklərindən başqa heç bir kitab üzü açmaq istəməyən indiki uşaqların isə şahmatı öyrənməyə vaxtı və həvəsi yoxdu. Baxmayaraq ki, indi heç fiqurları taxtaya düzməyə də ehtiyac yoxdu, hər şey kompüterdə, bir düymənin altında hazırdı. İndiki uşaqlar daha sürətli, daha müasir oyunlar oynayırlar.

Hərdən yenə o günlərə qayıtmaq, heç nəyin yolunu yarım dəqiqə gözləməyə səbri çatmayan bu halımdan iki ilə iki oyun oynamış səbirli vəziyyətimə dönmək istəyirəm. Və indi zəng edib əhvalını soruşmağa günlərlə vaxt tapmadığım qardaşımla uzun-uzadı məktublaşmaq. Çoxlu konvert, marka, açıqca almaq. Həsrətlə paçtolyon yolu gözləmək. Yalnız bir oyun haqqında rahat-rahat düşünmək, beynimdəki başqa kombinasiyaları, gedişləri, qalan bütün oyunları unutmaq istəyirəm.

# 2558 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #