Mənfəətpərəst qocalarla savaşımız

Mənfəətpərəst qocalarla savaşımız
4 may 2018
# 10:40

İngilis və yamaykalı qarışığı olan ingilisdilli həmyaşıdım, xanım Zadi Smitin 21 yaşında qələmə aldığı “İnci kimi dişlər” romanını oxuyuram.

Və o yaşdakı durumumu düşünüb dəhşətə gəlirəm.

Doğrudur, N.Tusi adına ADPU-nu bitirən azərbaycandilli biri ilə Kembric Universitetini bitirən ingilisdilli birini müqayisə etmək doğru deyil.

Nə yazıq ki, arizu şərgəşteyi-fikri-mühal eylər məni.

Biz həmişə mühit davası aparanda, ənənə söhbəti edəndə gər bir azərbaycanlı səsi boynumuzun dalından basıb: “Əlini tutan var? Yaz də!”

Demişəm, deyirəm, deyəcəm də - mühitdən və ənənədən kənarda heç nə yaradıla bilməz!

Necə ki, mən 21 yaşda qaçqın qarabağlıların içində idim və o mühit, o həyat şəraiti, məndən ya aşıq olmağı tələb edirdi, ya muğam oxumağı, ya da qoşma yazmağı...

Başqa cür mümkün də deyildi.

Başqa cür ola da bilməzdi.

Mən nəinki başqa heç nə edə bilməzdim, bu, xəyalımdan da keçməzdi.

Qarabağ insanlarının taleyi ilə bağlı avtobioqrafik hekayələrimi də o çuxurdan çıxıb Bakı mühitinə gələndən, Sabir Əhmədlini, Rafiq Tağını, Elçin Hüseynbəylini, Mübariz Cəfərlini və Azad Yazarlar Ocağının üzvlərini şəxsən tanıyandan sonra yazmışam.

Bakı mühiti ilə mənim çıxdığım o çuxur arasındakı fərqdən daha çox, Bakı ilə bir ingilisdilli, fransızdilli mühit arasında fərq vardır.

İnternet imkanları və beş-altı dostun hesabına bu mühitlər arasındakı məsafəni mümkün qədər azaltmağa çalışdıq və bu mütərəqqi arzumuza mane elən mənfəətpərəst qocalara, maddi qazanc üçün onlara yalaqlıq edən gənclərə fikir savaşı açdıq.

Nəticə olmadı deyil.

Bu gün Azərbaycan nəsrində dişə dəyəcək bir-iki ədəbi nümunə varsa, buna görə həmin o savaşa, o yeni dalğaya, o təmənnasız ədəbiyyat eşqinə minnətdarıq.

Amma əlbəttə daha yaxşı ola bilərdi.

Olmadı.

Qoymadılar.

Yeni tendensiyaları lazımsız bilənlər, hətta problem hesab edənlər və onların bu köhnə hamamının, köhnə tasının içində əbədiyyət arzusu ilə şellənənlər real imkanlar baxımından daha güclü çıxdılar.

Lakin tərəqqi elə bir prosesdir ki, heç vaxt dayanmır.

Səmimi bir oxuyan, səmimi bir yazan, səmimi bir öyrənən və öyrətmək istəyən varsa demək proses var.

Biz o beş-üç adam ədəbiyyatla fədakarcasına məşğuluq.

Yazdığımız kitablardan bir manat da qazancımız yoxdur, yersiz şöhrət də güdmürük, məqsəd inandığımız, tapındığımız sözün bir cümləsə də, bir abzassa da, bir hekayəsə də, lap uzağı bir romansa da irəli getməsidir.

Və sizdən istədiyimiz, umduğumuz ədəbiyyat üçün fədakarcasına gözünün nurunu əridən, heç kimə yarınmadan, yaltaqlanmadan, heç kimin ayağını yumadan yazmaq-yaratmaq eşqi ilə yaşayanlara sayğı ilə yanaşmanızdır.

Kitabımızı almayın, yazımızı oxumayın, haqqımızda heç nə danışmayın, amma qəlbinizin dərinliyində bu sayğını bəsləyin.

Zira biz bu sayğını haqq edirik və gec-tez haqqımızı alacağıq.

Başqa cür mümkün deyil.

Fədakarlıq və zəhmət heç vaxt qiymətsiz qalmır.

Nə qədər tez olsa, o qədər tez qabağa düşəcəyik.

Kitaba, təmənnasız zəhmətə sayğı duymamağın adını tapa bilmirəm.

Uzaq başı yazarın yazdığı alınmayıb və zəhməti, əziyyəti, fədakarlığı özünə qalıb.

O, bu halda da sayğısızlığı haqq etmir.

Yaradıcı insana dəyər verməyi bacaraq.

İllah da mühiti və ənənəsi olmayan, alınla qaya çapmaq lazım gələn cəmiyyətlərdə.

Yoxsa nəinki 21, heç 41 yaşda da Zadi Smitimiz olmayacaq.

# 2573 dəfə oxunub

Oxşar xəbərlər

Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
#
#
# # #