Pula gedən qızlar

Pula gedən qızlar
21 may 2014
# 11:47

Sevinc Elsevər

Son vaxtlar toy adət-ənənələri üz tutub televiziyalara. Toy biznesiylə məşğul olanların əcəb kefidir.

Adətən bu cür verilişlərə baxmıram, amma balaca, dördkünc televizordu də, hara fırlatsan, rastlaşırsan cürbəcür verilişlərlə, aparıcılarla. Bəzən bayağılıq da cəlbedici olur. Gözün qalır, heyrətlənirsən və bu səni televizorun qarşısında tutub saxlaya bilir. "Banu" adlı bir veriliş var. Çəkiliş qrupu müxtəlif bölgələrimizdə olur, maraqlı, lokal adətləri işıqlandırır. Bəlkə də layihənin profilini bir qədər dəyişsən, normaldır.

Amma bu verilişdə aparıcının gəlinlərə gətirilən pay-parçanın, qır-qızılın reklamını eləməyini, hətta, zər-zibanı iri planda göstərməyini başa düşə bilmirəm. Bu cür verilişlər onsuz da maddiyata meylli qızlarımızı daha da pozur. İnanırsınız, qız tanıyıram ki, oğlan evini dirəyib ki, "Banu" verlişində göstərilən xonçalardan, xınayaxdı ləvazimatlarından, nə bilim qızıllardan gətirin mənə.

Azərbaycanlı ailələrin bir çoxunun dağılmasına səbəb, bir çox ailələrin özülünün laxlaması bu maddiyyatçılıq ucbatındandır. Kişi-qadın, ər-arvad münasibətlərindən qabaq maddi məsələləri yoluna qoyur bu adamlar. Mən neçə manatlıq qızıl gətirəcəm, sən neçə manatlıq cehiz gətirəcəksən. Vay o gündən ki, birinin cehizi o birinin qızılının dəyərinə çatmasın, yaxud əksinə... Bəla onda başlayır!

Gənc bir ailəylə dostluq eləyirik. Elə ilk başdan anladım ki, ailələrində nəsə normal getmir. Çünki arvad ərindən mənə, əri də arvadından həyat yoldaşıma qeybət eləyirdi. Bizim işimiz bunların hər ikisini sakitləşdirmək və barışdırmaq olurdu. Ha fikirləşirdim, problemin nədə olduğunu tapa bilmirdim. İkisi də gözəl gənclərdi, sevib evləniblər, bir oğulları var. Maddi durumları da pis deyil. Heç biri də o birinə xəyanət eləmir, heç bunu ağlından keçirmir. Bəs ortada nə var ki, bunlar bölə bilmirlər?

Sən demə, ev qıza atasından qalıb. Qızla oğlan müasir olmağa çalışıblar. Guya evin qıza atasından qalmasını və gənc ailənin həmin evdə məskunlaşmasını ikisi də normal qarşılayıblar. Amma şərqlidirlər axı, axıradək həzm edə bilməyiblər. Adət var, ənənə var. Gərək ev oğlanın ola! Əşi, bir xaraba tapmısan, başını sal aşağı, yaşa də! Gərək eşələyəsən ki, bu ev əvvəl kimin olub, indi kimindir?

Ər cüzi də olsa, arvadının xətrinə dəyəndə, arvadda şübhələr yaranır ki, sən ölməyəsən, ərim məni sevmir, o, mənimlə evə görə evlənib. Arvad cüzi diqqətsizlik edəndə ərin xətrinə dəyir ki, ev bunun atasından qalıb deyə məni "sındırmaq" istəyir. İkisi də öz qürurunu qorumağa çalışır. Ortada da heç nə yox. Bu düşündüklərimi açıb gənc ailəyə deyəndə və gülməli səslənsə də, bir böyük kimi onları qarşıma qoyub danlayanda, ikisinin də gözü kəlləsinə çıxdı. Mənə falçı nəzəriylə baxırdılar. Bilirlər, "Falçı" adlı romanım var.

Azərbaycanda yazılmamış mənasız qanunlar çoxdur. Onlardan biri də “ev ancaq və ancaq kişinin olmaldır!” - qanunudur. Qızın evində yaşayan oğlan kompleks keçirir. Çünki, türklər demiş, önyarğı var.

Bir dəfə evlənmək proqramlarından birinə gənc bir oğlan gəlmişdi. Uşaq evində böyümüşdü. Bu dünyada heç kimi yox idi. Çıxıb efirə səmimi şəkildə dedi ki, mənim evim yoxdur, kimsəm də yoxdur, evi olan bir qızla evlənmək istəyirəm. Yazıq uşağı topa tutdular az qala, alfons adlandırdılar. Halbuki adam səmimi idi, real durumu izah edirdi.

Hansı qapını döyürsən, elçi gedirsən, birinci sualları bu olur: “Oğlunuzun evi var?” “Var, ya yoxdu, hər halda bir xaraba tapıb başlarını soxacaqlar, küçədə qalmayacaqlar ki?!"- deyirsən, sənə qapını göstərirlər.

Sonda üzümü gənclərə tutub bir "ağbirçək" kimi deyirəm: biz həyat yoldaşım Elsevərlə evlənəndə Murad Köhnəqalanın kitabından başqa heç nəyimiz yox idi.

# 7291 dəfə oxunub

Oxşar xəbərlər

Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
"Qəzada ölənlərdən biri danışdı"

"Qəzada ölənlərdən biri danışdı"

13:15 26 dekabr 2024
Geylər niyə sürətlə çoxalır?

Geylər niyə sürətlə çoxalır?

12:16 23 dekabr 2024
Seriallarımızda ağsaqqallıq eləyənlər

Seriallarımızda ağsaqqallıq eləyənlər

12:19 19 dekabr 2024
“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

15:00 16 dekabr 2024
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
#
#
# # #