Mənim ağıllı dəlim

Mənim ağıllı dəlim
31 mart 2014
# 07:45

Səhər Əhməd yazır...

Darıxma, indi düşəcəksən bu lənətə gəlmiş avtobusdan. Bayaqdan əlində tutmaqdan bezdiyin qəpiyi sürücüyə verib, azad olacaqsan bu cəhənnəmdən.

Nəyin fikrini edirsən, deyirsən, oturduğun yerdən qapıya qədər necə gedəcəksən? Həmişəki kimi. Beş-altı adamın kürəyini döyəcləməli olacaqsan, onlar da anlayıb yol verəcəklər. Lap tutaq ki, biri anlamadı, çəmkirmə ha adamın üstünə. Bilirəm, dişin də ağrıyır, əsəbisən, amma özünü ələ al, sən canın.

Hə, bir də yolpulunu verəndə yenə fikirləşmə ki, sürücü əllərini lap dilənçi kimi açıb. Bu fikir hər dəfə sənə pis təsir eləyir. Qəribə adamsan e, gör ağlına nələr gəlir. Heç bu boyda avtobusda səndən başqa belə düşünən var? Hələ yazmaq da istəyirsən bu haqda, işin-gücün qurtarıb elə bil. “Sürücünün əlləri dilənçi əllərinə oxşayırdı”. Hə, nə olsun, bu cümlə sənin hisslərini ifadə edəcək, elə bilirsən?

Mən anlayıram e səni, gerçəkdən avtobus sürücülərinin çoxu əlini elə açır ki, sanki dilənir. Qəpik yığdıqları qutu da nəzir qutusuna oxşayır. Haqlısan, adama ağır gəlir hansısa bir ağsaqqal kişinin, ya gənc oğlanın camaatın önündə əlini açmağı. Amma düşüncələrindən o dilənçiyə, pardon, sürücüyə xeyir gəlməz ki. Mən sənə görə deyirəm, ürək də diş deyil ki, ağrıyanda gedib çəkdirəsən. Uşaq deyilsən e, sən artıq, canım mənim.

Şükür, düşdün avtobusdan, özünü birtəhər adamların içindən çəkib sala bildin yerə. Sürücü tərəfə baxa bilmədin heç, pulu da adamlar əlindən alıb ona ötürdülər, sağ olsunlar. Düymənmi qırıldı? Canın sağ olsun, qoy cibinə, evdə tikərsən.

Başqa nə oldu, qaşını niyə çatdın, yolpulunu səndən alan kişi iyirmi qəpik əvəzinə əlini qamarladı? Bəsdi, sən Allah, bəlkə təsadüfən oldu, məəttəldilər elə sənin əlindən. Adam sənə kömək əlini uzadıb, gör nə fikirləşirsən. Birdən dönüb nəsə deyərsən ha, özünə güldürmə camaatı. Evdə əlini yaxşı-yaxşı yuyarsan.

Deyirsən, bayaqdan səni marıtlayan həmin kişiydi? Yox bir, bəlkə, sənə elə gəlib? Bəlkə, tanış gəlmisən ona? Dəsgahsan e, lap. Mən də deyirəm avtobusda yumruğunu niyə elə düyünləmişdin, dırnaqların ovcuna batırdı. Az qalırdın deyəsən ki, nə baxırsan, buynuzum çıxıb? Yaxşı ki, deməmisən. Adama deyərlər, göz verilib baxmağa. İnsan insana baxar da.

Baxışları iyrəncmiş. Cəhənnəmə, gora iyrənc olsun. Gözünə girsin baxışları. Üzünü də yuyarsan, qurtarar, gedər. İndi neyləyək, bütün şorgöz kişiləri vurub öldürə bilmərik axı. Bir az fikir vermə də ətrafına, bir şeyi də hiss eləmə də, müşahidə cihazısan, elə bil.

Vəssəlam, yenə başladı, yenə tutdu filosofluğu. Bilirəm, bilirəm, səndən soruşan olsaydı, bir Şərq ölkəsində qadın olmazdın, uzaq bir monastırda rahibə həyatı yaşamaq varkən. Səndən soruşan vardı elə. Min dəfə demişəm ki...

Yavaş! Neynirsən, ehtiyatlı ol! Maşın vurmuşdu ki səni, Allah evini tiksin. Bilmirsən, bura dördyoldu, hər tərəfdən maşın şütüyür, canından bezmisən? Bircə dəfə yol keçəndə ağlın başında olsun da. Bu qədər fikirli gəzərsən, bir sərxoş sürücü çıxar qarşına, inşallah.

Darıxma hələ, ikinci yolu da gözlə, qoy o “Mersedes” də keçsin, yaman havalı gəlir. Yol istəmə ondan, keçmə namərd körpüsündən.

Çox şükür, keçdin yolu da, son təhlükəni də adlatdın. Ölüm yoxdu sənə, ən azı bu günlük. Çox böyük ehtimalla sabaha qədər sağsan.

Mağazaya girmirsən bəs, əminsən ki, evə heç nə lazım deyil? Yaxşı düşün, sonra bir də geri qayıtma.

Nə olub, nə qoymusan üstünə, nəfəsin kəsildi ki. Boynunu qısıb, başını salmısan aşağı, elə gedirsən, elə bil dalınca atlı qovur. Elə bil düşmən ölkənin casususan, “ deşifrə” olmaqdan qorxursan. Yaxud da terrorçusan, harasa bomba qoyub, tüpürmüsən dabanına.

Başa düşürəm, yorulmusan, evə çatıb bir hovur dincəlmək istəyirsən. Qorxursan, birdən qonşu arvadlardan biri qarşına çıxar, indi gəl də, məhəllə “qəzeti”nə intervü ver.

Axır ki bacardın, canım, həyət qapısını açıb, girdin içəri. Həyət qapısını arxadan vurmaq yadından çıxmasın.

Bu da evin qapısı. O açar deyil evinki, huşsuz, onunla həyət qapısını açmadın indi? O biridi, üstündə rəqəm olan. Başında bu qədər sarsaq fikirlər gəzdirəndə axırı belə olar.

Evin qapısını da arxadan bağla. Açarı niyə yerə tullayırsan, bu nə adətdi e, səndə, onsuz da özün əyilib götürürsən.

Oxayy! Kürkünlə birgə yorğunluğu da soyundun, elə bil.

Mətbəxə keçmə, yox, birdən qaz gəlməz, qanın qaralar. Gərək elə bu saat çay içəsən? Qonaq otağı da yaxşı fikir deyil, əlin dinc durmaz, televizoru açarsan, əsəbiləşmək istəyirsən? Kompüter tərəfə heç baxma da. Yox, olmaz. Bilirəm mən sənin “beş dəqiqə”ni, beş saat çəkəcək.

Birbaş yataq otağına! Bax belə. Otağın da qapısını arxadan bağla. İşığı yandırma, neynirsən, qoy gözlərin dincəlsin bir az. Telefonu da söndür, qulaqların da dincəlməlidi.

Pəncərənin qabağına keçmə, yöndəmsiz villalardan başqa nə görəcəksən? Onlar da sənə müftəxor sahiblərini xatırladacaq. Pərdəni çək, ay sağ ol!

Otur çarpayıda. Ayaqlarını uzat. Ən çox dincəlməyə ehtiyacı olan ayaqlarındı. Of bə, dünya varmış! Taqor deyib ki, istirahət-zəhmətindi, göz qapaqları gözün olduğu kimi. Yaman yaxşı deyib Taqor əfəndi.

Burda güvəndəsən, “terrorist”, heç kim sənə pislik edə bilməz. Öz səngərində, barrikadanda, necə deyərlər, “bunker”indəsən artıq. Daha bu şəhərdən çox uzaqlardasan. Rahatına bax!

Bir söz də deyim, amma hirslənmə. Bu gün yaxşı apardın özünü, afərin sənə! İclasda da dinc dayandın, şuluqluq eləmədin. Ürəyim əsirdi ki, indi durub, ağzına gələni danışacaqsan. O şərəfsizə də yaxşı eləyib baş qoşmadın.

Yorğun idin, halın yox idi ona görə? Sənə elə gəlir ki, əslində eləməliydin? Mənə elə gəlmir. Hər şərəfsizə, yaltağa, axmağa baş qoşsan, necə olar?

Səncə, yaxşı olar? Məncə, yaxşı-zad olmaz. Bəsdi də, söz güləşdirmə. Onsuz da axırda mənim dediyim olur.

Ona görə çox istəyirəm də səni. Ağıllı dəlim mənim.

# 3420 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #