Qurman yırtıcılar

 Qurman yırtıcılar
28 oktyabr 2013
# 10:24

Oxuduğun kitablar bitəndə əsl həyat başlanır. Bildiyin bütün oyunlar bitəndə. Həyat kitablardan və oyunlardan daha maraqsız, kəndirbazın ipdən kənardakı yerişi qədər həyəcansız. Həyat kitablardan daha yorucu. Dünyada necə süjet var ki, əslində bütün süjetlər bəlli, bütün sonlar məlum, tamaşalar təkrar, rollar əzbər, məzhəkələr və faciələr eyni. Tanış olmağa kimsə yox, adamların hamısı tanış.

Mələk üzlü, şeytan ruhlu adamlar, yaxşı tərbiyə almış, dünya görmüş, ağlı başında, əsəbləri qaydasında olan adamlar - dərsini əzbər bilən ahıllar, ilğımdan başı gicəllənən gənclər. Yox(sul)lar və var(lı)lar...

Uçanlar və sürünənlər, gözəl ceyranlar və qurman yırtıcılar, xınalı quzular və mömin qəssablar - hamısı bir arada, qarşılıqlı anlaşma şəraitində, bir-birinə nəzakətlə gülümsəyərək, həyatından razı, tox, nikbin və məmnun.

Hamıdan itaət etmək tələb olunur, yaxşı oynamaq, rolunu yaxşı əzbərləmək. Ədalət hissinə necə qalib gəlməyi, sadəlikdən hansı məsafədə uzaq dayanmağı, hədəfi nə vaxt görməzliyə vurmağı öyrənmək. Əslində həqiqət olan nədir, daha doğrusu hansıdır, bu barədə nəinki danışmamağı, heç düşünməməyi bacarmaq.

Həyat oyunlardan daha yorucu. Burda gözəl kombinasiyalar qurmağa gərək yox. Gücünü özünə saxla, həşəratlarla döyüşdə gücün nə önəmi? Yırtıcılara yenilmək həşəratları yenməkdən daha zövqlü, əzilən tərəf olmaq xoş deyil, əzən tərəf olmaq heç xoş deyil. Hər şeyi bilmək də heç nə bilməmək qədər mənasızdı. Hər şeyi dəqiqliyi ilə anlamaq, tələyə bilə-bilə düşmək. Və həm də bütün bunların hamısı çox primitiv şəkildə qarışıq, çox yüksək səviyyədə sadə və aydın.

Bu, həyatın ritmidi, onu pozmaq olmaz, onu tutmaq və təkrarlamaq lazımdır. Burda hamının öz toxunulmazlığı var, hamı toxunulmazdır - dəlilərə gülüb keçən ağılsızlar, aşiqlərə dodaq büzən sevgisizlər, xoşbəxtlərə həsəd çəkən uğursuzlar, dostluqlara şübhə edən vəfasızlar, məsumlara “dərs keçən” əxlaqsızlar.

Qəhrəmanlardan və satqınlardan ibarət, məğlubiyyətə məhkum bir ordu.

Tanış olmağa kimsə yox, adamların hamısı tanış.

# 2894 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
# # #