Məsləhət deyil

Məsləhət deyil
1 fevral 2016
# 13:00


Məsləhət deyil.

Yaxşı sözdü.

Yaxşı da sözdü?

Yaxşı, yaxşıdan da yaxşı sözdü.

Məs - lə - hət de-yil.

Qərdeşimin – qərdeşi, Noel Kauardı tanıyırsan? Tanımırsan? Qəmin kəm. Bax, həmin bu Noel müəllim deyir ki: “İncəsənəti mühakimə etməyin!..” Əgər o boyda kişini tanımırsansa, məni hardan tanıyasan? Qəmin kəm. Mən isə o kişinin sözünü az-maz əyib-düzüb belə deyirəm: “YUĞçuları mühakimə etməyin!..” Heç ittiham da etməyin, nöşün, oşün ki...

Məsləhət deyil.

Qərdeşimin – qərdeşi, indi adı yadıma düşmür, bir yunan oğlu yunan da deyir ki: “Həsəd və paxıllıq istedadsızların dinidi!..” Yunanlarla aran yoxdu? Nə danışırsan? Qəmin kəm. Onda, adının çəkilməsini istəməyən bir çinli var, yuan oğlu yuan, gör bir hələ o nə deyir: “İstedad – yalnız Allah vergisi deyil, o həm də Allahın cəzasıdı!..” Nöşün mən bir şey demirəm, oşün ki...

Məsləhət deyil.

Qərdeşimin – qərdeşi, eşitmiş olarsan deyirlər: “Məzmunsuz forma, formasız da məzmun olmur!..” Mən ölüm eşitməmisən? Qəmin kəm. Əgər o boyda kəlamı eşitməmisənsə, mənim sözümü heç eşitməzsən. Qəmin kəm. Amma, deməsəm ölləm: “Teatrsız bina, binasız da teatr ola bilməz!..” Nöşün ola bilməz, oşün ki...

Məsləhət deyil.

Qərdeşimin – qərdeşi, atalarımızdan bizə bir məsəl qalıb: “Lələ köçər, yurdu qalar!..” Deyirsən mərd atalarımızdan mərd, namərd atalarımızdan namərd məsəllər qalıb? Doğrudan? Qəmin kəm. Mən də çoxdan ata yaşını keçmişəm, hətta baba da olmuşam. De, sən öl, bilmirdin? Qəmin kəm. İndi mən də bir məsəl deyim: “YUĞ köçdü, yurdu qalacaq, ya qalmayacaq, sizlikdi!..” Nöşün daha bizlik deyil, oşün ki...

Məsləhət deyil.

Qərdeşimin – qərdeşi, bir filosof var – bilirəm filosoflardan acığın gəlir – adı A. Kəmyüdü, deyir ki: “Sənətkarlar zaman içərisində səyahət edən yolçulardı!..” Ola biməz, yəni onların hamısı o söz? Yəni Kəmyü də gijdobuşdu? Qəmin kəm. İndən belə başımdan yekə tort yeyərəm, amma filosofluq fikrinə düşmərəm. Onsuz da hamı ağıllıdı, ortada bir dəli olsa, dünya dağılmaz ki? Qəmin kəm. Qoy günlərin və gülməyin kələfini itirdiyimiz bir zamanda mən də bir balaca xərifləyim: “Zaman bizi, ancaq ona lazım olduğumuz zaman sınağa çəkir!..” Sınaqlardan çıxmışlar isə sınaqdan qorxmazlar. Bir şeydən qorxarlar, onu isə deməyəcəm. Nöşün deməyəcəm, oşün ki...

Məsləhət deyil.

Qərdeşimin – qərdeşi, rəhmətlik Üzeyir Hacıbəyov hələ o vaxtlar soruşurdu ki: “ Bizdə məsəl çoxdu, yoxsa əməl?!.” Həri, doğrudan o kişini tanıyırsan? Yaxşı şair olub? Qəmin kəm. Yekəxanalıq olmasın, mən də o kişini tanıyıram. Şair olmasa da, kişi adam olub. Arabir musiqi də yazıb, hələ ədiblik də edib. Bilmirdin? Adam hər şeyi bilə bilməz ki? Qəmin kəm. Bax, bu cəfakeş kişi özü öz sualına belə cavab verib: “Bizdə məsəl çoxdu, əməl azdı. O yerdə ki, məsəl çox ola, əməl az ola... o yerin işi... uzun məsələdi!..” Nöşün? Olmaz ki, uzun olmasın? Deyirlər, olmaz, oşün ki...

Məsləhət deyil.

# 1074 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #