Qırmızı qar

Qırmızı qar
22 fevral 2013
# 11:45

Qaçır, qaçır, qaçır...

- İndicə çatacaqlar! - bir az da bərk qaçır. Qaçır, qaçır, qaçır...

Getdikcə çoxalır qovanların sayı. Dişlərini qıcayıb gəlirlər arxadan...

- Yəqin güllə atmırlar ki, diri tutsunlar-düşünür, qaçır...

- Bu heç öldürüb zorlamalı gözəl deyil. Bir də ki, nə qədər ölü

zorlamaq olar axı-səs eşidir arxadan, qaçır...

Bəlkə sifətindən iyrənib əl çəkərlər deyə dodaqlarını çeynəyə-çeynəyə qaçır, qaçır, qaçır...

Ayaq səsləri lap yaxınlıqda eşidilir.

- Ay Allah, indicə tutacaqlar-gödəkçəsini çıxardıb atır, qaçır...

Ayağının altında hər dəfə quru budaq sınanda avtomat qundağının balaca qardaşının başına dəyərkən eşitdiyi səs düşür yadına, qaçır, qaçır....

Sifətini qarşısına çıxan budaqlara, kollara sürtə-sürtə qaçır. Bəlkə qandan ürpənib toxunmadan öldürərlər deyə...

Arxadan ona uzanan əllərin təmasını hiss edir. Ayaqqabılarını çıxardır. Hə, belə daha bərk qaça bilir, qaçır, qaçır...

Atasının son nəfəsində qışqırtısı yadından çıxmır: qaç, özünü qayadan at!

- Burda qaya yoxdur ki, hər tərəf meşəlikdir-ardı- arası kəsilmədən qışqırır, qışqırır, pıçıldayır, qaçır, qaçır...

Arxadan boynunda nəfəs hiss edir. Ayağı ilişir, yıxılır, dərə aşağı yumalanır. Dizi parçalanır. Qar qırmızı rəngdədir...

- Hanı bəs qaya?! Qaya hardadır?! – qışqırır. Corablarını çıxardır: Hə, belə bir az daha bərk qaçar-düşünüb ayağa qalxır, qaçır, qaçır...

Arxada qovanların gülüşünü eşidir. Nə çoxdular-pıçıldayır...

Kimsə tanış ləhcə ilə “birinci mən” deyir...

- Heç yerdə qaya yoxdur! Bəs indi mən nə edim?! Hansı tərəfə qaçım?! Yox, ola bilməz. Atam buraları yaxşı tanıyır!...

Yenə qaçır. Arxaya baxmır ki, onların mənfur sifətini görməsin.

Yoxsa qorxudan qaça bilməz. Qaçır, qaçır...

Anasını, atasının gözünün qabağında necə zorlayıb sonra da öldürdüklərini xatırlayır. Atasının kəsilmiş başı hardansa qışqırır: qaç, özünü qayadan at!

Ağlayır. Bir az da bərk qaçır.

- Bəs qaya hardadır?! Qaya yoxdur!... Yox, atam dedisə, deməli var.

Qaçır, qaçır...

- Bilsəydim belə olacaq, onlar ot tayasına od vuranda elə oradaca qalıb yanardım-ağlayır, qaçır...

Qonşu gəlinin qarnındakı uşağı xatırlayır. Tifil o soyuqda süngünün ucunda dondu yəqin...

- Yaxşı ki, mən hamilə deyiləm... Yaxşı ki heç ərə də getməmişəm... Qaçır, qaçır...

Axır ki, tutdular. Saçları onu ələ verdi. Bir əli ilə paltarının yaxasını, o biri ilə tumanının balaqlarını yığır ki, soyundura bilməsinlər...

..Yox, tutmayıblar. Ağac budağıymış. Qırıldı. Bəlkə də üstünə xəlvətcə sevdiyi əsgərin adını yazdığı ağac idi. Yanından keçəndə saçlarını oxşamaq istəyib onun əvəzindən, bir az kobud alınıb. Axı o yazığı da öldürdülər! Qaçır...

- Qar niyə belə istidir? Yəqin kəndin istisidir. Yanırdı axı... Qaçır, qaçır, təpəyə dirənir...

- Diki qalxmaq lazımdır. Yəqin təpənin o tərəfi qayadır-deyə sevinir.

- Şükür. Atam düz deyirmiş-daha ağlamır. Dizləri üstə qaçır. Səslər iki addımlığındadır...

- Bircə tutmasınlar! Lap az qalıb, bircə tutmasınlar!

Yumalanır təpənin dibinə. Sinəsini kötük parçalayır...

- Yaxşı oldu, bir az da xoşlanmazlar məndən-qalxıb özünü yenə təpəyə tərəf atır, qaçır...

- Bəs niyə yıxılanda tutmadılar?! Allahım, sağ ol. Onları da yormusan demək...

Ayaqları tumanının ətəkləri kimi cırıq-cırıqdır. Amma artıq təpənin üstündədir. Nəfəsini dərmək istəyir. Kiminsə boğazından yapışdığını duyur. Kürəyi isinir. Nənəsinin belindəki qaynar samovarı xatırlayır:

- Yox, bu qədər əziyyətdən sonra olmaz bu... Cəmi bir necə addım...

Yalvarmaq istəyir. Çoxlu səs eşidir. “Birinci mən”, “birinci mən”... Canını qurtarmaq üçün əllərini boğazına atır...

...Yaylığıymış onu boğan. Tutmayıblar. Açır. Dərindən nəfəs alır... Özünü təpənin qurtaracağına çatdırır. Burada qaya yoxdur...

Yanlış tərəfə qaçıb əvvəldən-indi anlayır... Yerə oturur. Bir qaşı çapılıb gözünün üstünə sallanır. Elə bilir telidir. Dirsəyi ilə geri itələyir. Əlləri çapıq-çapıqdır... Üzünü olmayan dizlərinə qoyur.

Saçlarının, kirpiklərinin, qulaqlarının, burnunun ucundan və çənəsindən süzülən qan sinəsində bir az da çoxalıb barmaqlarından, ayaqlarının parça-parça olmuş ətindən, paltarının ətəklərindən qarın üstünə damcılayır...

Səslər artıq başının üstündədir. Getdikcə çoxalırlar. Gülüş, söyüş, bağırtı, tanış olan yad dildə mahnılar...

- Eh, neynirsiz edin, yoruldum! Amma yox, öldürün, sonra nə istəyirsiniz edin-içində yalvarır...

...Başını qaldırır. Ətrafda heç kim yoxdur. Beyninə kənddə dolan səslər qovurmuş onu...

- O bakirədir! Onu kəndin digər qızları kimi zorlaya bilmədilər!...

Sevinir. Ayağa qalxır. Gülür, rəqs edir. Hardansa hündür bir qaya peyda olur. Lap hündür...

- Şükür sənə, Allahım! Qayamı da gətirdin... Atam yalan deməzdi...

Üstünə çıxıb özünü atır... Uçur, uçur, uçur...

Göydən qırmızı qar yağır.....

Bakı-24 fevral 2012 (20 il sonra)

# 3746 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #