Siz anlamazsınız

Siz anlamazsınız
18 avqust 2014
# 12:21

“Facebook”da ilk statusuma gələn ilk layk yadımdadı - özüm bəyənmişdim...

Son statusumu sonuncu dəfə bildiriş gələndə 460 adam bəyənmişdi. 460 nəfər, a kişi! Mən axırıncı dəfə bu qədər adamı toyumda bir yerdə görmüşəm. Ya da, nə bilim, məhləmizdə - təxminən keçən ilin bu ərəfəsinə düşən mitinqdə. Hə, bir də futbol klubunda işləyəndə (Turan futbol klubunda vitse-prezident-red.) təxminən 6 min azarkeş məni istefaya çağırmışdı... Düzdü, çoxu adımı bilmirdi, amma yenə də ləzzət eləmişdi...

Sonra "Nail, istefa!", "Tovuzlular bir olsun - Nail cəhənnəm olsun - "Turan" çempion olsun!" qışqırdıqları yerləri diskdə arxaya çəkib, təkrar-təkrar baxırdım... Düzdü, hiss eləyirsən ki, əllərinə keçsən, yaxşı olmaz, amma yenə də möhtəşəm hissdi... Türkün sözü, anlamazsınız!

...460 rəqəmi mənə həm də ona görə doğmadı ki, ali məktəbə 460 balla daxil olmuşam. Düzdü, ilk sınaqda 670 bal yığmışdım, amma imtahanda bütün azərbaycanlılar kimi sürüşdürdüm, yoxsa çox yığardım...

İlklər gözəldi... Bir az da qəribə. İlk yazım yadımdadı. Necə həyəcanlıydım?!

Dəfələrlə mətbuatdan gedib-qayıtmışam, hər dəfə də qayıdandan sonra nəsə yazmalısan. Yazırsan... Amma ilk dəfəki həyəcan deyil.

Bir dostumuzun yazdığım statusu sayta qoymağını nəzərə almasaq, heç ciddi jurnalistikayla da məşğul olmamışam. İdman mətbuatı. Tərlan Əhmədovun növbəti avtoqolu-filan...

İlk ciddi yazım olmasa da, ciddi mətbuatda ilk yazım olacaq bu. Özü də oxuduğum müəlliflərlə bir saytda - kulis.az-da.

**

Siz elə təkcə bu saytda ilk sevgi, ilk öpüş, ilk seks haqda xeyli yazı oxumusunuz... İlk maaş, nə bilim, ilk dəfə evə çörək almaq - adam elə bilir ki, ailəni özü saxlayır...

Mən bu mənada hər adamın başına gəlməyəcək hisslər yaşamışam. Ağlınıza sado-mazo eksperimentlər gəldi, bilirəm, amma yox...

Uşaq yaşlarımdan işləmişəm. Kasıb ailə olmamışıq, ailəmin mənim qazandığım qəpik-quruşa ehtiyacı da olmayıb, amma kasıb qonşuların uşaqlarına qoşulub oxuduğum məktəbin qarşısında şirinquş satmışam.

Sevdiyim qız dərsdən çıxıb, pul uzadıb şirinquş istəyənə qədər... Qəribə hissdi. Qutudakı bütün şirniləri, "Bakkuş"ları qızın üstünə atıb, evə qədər dayanmadan qaçmışdım. Sonra utandığımdan özümü xəstəliyə vurub, bir həftə dərsə getməmişdim.

İlk maaşımı illər sonra almışam. Jurnalistikada. İndiki pulla 21 manat. O qədər doğma puldu ki, adam xərcləmək istəmir. Hər qəpiyinə qədər necə qazandığını bilirsən... İllər sonra 5 min dollar maaş almaq belə, o hissin yerini vermir. Bəli, 5 min maaş almaq da gözəl hissdi. 15 günə görə. Maaşım 10 min dollar idi. Aha, ayda 10 min dollar. Adam puldan da bezmir. Gəl ki, bir az sonra pula öyrəşirsən.

Həmin o yaxşı maaş aldığım işə düzəldiyim birinci gün ofisə çağırıb, bir diplomat pulu tutuzdurdular əlimə ki, apar, futbolçuların maaşını ver. 650 min manat!

Mən, məsələn, həmin ərəfədə özümə o qədər pulu etibar eləməzdim. Qətiyyən ona görə yox ki, etibarsız adamam, oğurlaya bilərdim-filan - əslində, istəsəm də, oğurlaya bilməzdim - ona görə ki, bu qədər pulu ancaq filmlərdə görmüş adama bir diplomat pulu etibar eləməzlər. Həyəcandan ürəyi partlaya bilər. Bu dəqiqə oğurlayarlar deyə diplomatı elə qucaqlamışdım ki... Mən 50 dollar hazırlıqpulunu müəllimə çatdırana qədər yolboyu avtobusda əlini cibindən çıxarmayan adam idim... Əla hissdi. Türkün sözü, anlamazsınız!

Əlində bir diplomat pul olanda bilirsən ki, filmlərdə bizi aldadıblar; bir diplomata milyon dollar yerləşmir - özünü öldürsə, 700 min.

…diplomatı brelokdan çıxan seplə əlimə bağladım (filmlərdə görmüşdüm, təbii ki) Bakı-Ağstafa qatarına bütöv bir kupenin biletlərini aldım, girdim kupeyə, qapını bağladım, çantanı açdım, pulları yığdım stolun üstünə, öz-özümə dedim, ey Nurəddin, ey Nurəddin, bəs deyirdin, səndən adam olmayacaq?!

O vaxt “Facebook” o qədər populyar deyildi, şəklini çəkdim, qoydum “Odnoklassniki”yə...

Yolboyu bütün banknotları bir-bir saydım, tərs üzünə qoyulanları bir üzü üstə düzdüm. Heç darıxmadım. Əla hissdi. Türkün sözü, anlamazsınız!

...düzdü, bir müddət sonra 18 milyon dollar verdilər, 2 də mühafizəçi qoşdular ki, bu pulu apar bir koreyalıya ver... İnkassatorda pulları qucaqladım, Benjamin Franklinlə uzun-uzun baxışdıq... Gözəl hissdi. Bir qəpiyi də sənin deyil, amma puldan doyursan. Göz doyur. Çox gözəl hissdi. Türkün sözü, anlamazsınız!

…Cəmi bir ay əvvələ qədər və buna qədərki bütün ömrü boyu metroya minmiş adamın şəxsi xidməti maşını olur. Mühafizəçiləri. Düz 2 il o maşının qapısını açmağa cəhd elədim, imkan vermədilər, hər dəfə kimsə bunu sənin əvəzinə edir. Gözəl hissdi. Əslində, qəribə... Türkün sözü, anlamazsınız!

Mən bunun əks effektini də yaşamışam. 2 il kimsə sənə maşının qapısını açmağa imkan verməsin, sonra istefa ver, bir müddət sonra kasıbla və metro... 2 il sonra ilk dəfə metroya düşəndə, Nərimanov stansiyasında, eskalatorda düşünürdüm ki, mən burda nə gəzirəm? Elə bil, son 2 ili çıxsaq, ömür boyu metroyla gəzən adam deyilsən. Elə bil, heç elə şey olmayıb ömründə... Gözləyirsən ki, kimsə əvəzinə kartı turniketə tutacaq və sən keçəcəksən... 2 dəqiqə sonra ayılırsan... Qatar gəlir, durub camaata baxırsan ki, indi çəkiləcəklər, məllim keçsin... Qatarın qapısı qabırğana dəyəndə ayılırsan... Qəribə hissdi... Türkün sözü, anlamazsınız!

Şəhərin ən bahalı restoranında birdəfəyə 4 min manat hesab verirsən. Və bu, səni incitmir. Narahat etmir. Elə bil ki, bir ay əvvələ qədər “Gənclik”də "Pürrəngi"də çayı mürəbbəsiz versin deyə ofisiantla dirəşən sən deyilsən... Gözəl hissdi. Türkün sözü, anlamazsınız!

Ümumiyyətlə, mənim ona qədər də varlı olmaq barədə fikrim restoranda hesab məsələsiylə iç-içə olub. Həmişə fikirləşirdim ki, o qədər pulum olsun, restoranda qızla oturanda hesaba görə narahat olmayım. Tanışdı, hə, o hiss? Qız langeti ötürdükcə fikirləşirsən ki, görəsən, bu neçəyədi? Qəribə hissdi... Türkün məsəli, bunu anlayarsınız...

Başqa bir hiss. yenə restoranla bağlı. Bu dəfə əksi. İstefa vermisən. Üstündən aylar keçib. Kasıblamısan. Həmin o 4 min manat hesab verdiyin restoranın yanından keçəndə bir anlıq ayaq saxlayırsan... Cibində 16 manat. Fikirləşirsən ki, ilahi, mən bir vaxtlar burda ofisianta 100 manat rusun sözü, "çayevoy" vermişəm. Hətta ağlından restorana girib, o ofisiantı tapıb, 20 manatını geri almaq da keçir. 2 il sonra. Əclaf hissdi... Türkün sözü, anlamazsınız!

Amma bunların heç biri istefadan illər sonra illərdi geyinmədiyin şalvarını qarderobdan çıxaranda cibindən 300 manat çıxması qədər sevindirməyib məni... Möhtəşəm hissdi! Bəlkə də anlayarsınız...

İndi qızım əlində kola şüşəsinin qapağını gətirib. Bokal udmuşuq. Qəribə hissdi. Bilmirəm, anlayırsınızmı?

# 10169 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #